İstefa verən mətbuat katibindən Şəfiqə Məmmədovaya AĞIR İTTİHAM:  “Çekləri qoysun ortaya”
24 yanvar 2023 18:14 (UTC +04:00)

İstefa verən mətbuat katibindən Şəfiqə Məmmədovaya AĞIR İTTİHAM: “Çekləri qoysun ortaya”

Xalq artisti Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi Kinematoqrafçılar İttifaqının mətbuat katibi Əli Vəliyev istefa verib.

İstefası ilə bağlı Lent.az-a danışan Ə.Vəliyev qalmaqala səbəb olacaq açıqlamalar verib.  

O bildirib ki, Şəfiqə Məmmədovanın saxta seçki keçirməsinə və özünü saxta yolla sədr elan etməsinə etiraz olaraq Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri vəzifəsindən ayrılıb. 

Əli Vəliyev yeni ildən öncə ittifaqda keçirilən seçkinin Şəfiqə xanım tərəfindən saxtalaşdırıldığını bəyan edib: 

“Dövlət tərəfindən ayrılan büdcənin mənimsənildiyi, talan edildiyi yerdə qala bilməzdim. Dövlət büdcəsindən quruma ayrılan 400 min manat hara xərclənir? Bunun 170 mini 10 işçinin maaşına xərclənsin, bəs qalanı hara gedir? Nə müsabiqə keçirilmir, nə hansısa tədbir keçirilmir, yalandan “ssenari müsabiqəsi keçiririk” dedi, nəticələri elan eləmədi. Müharibə vaxtı əməkdaşlar şəhid və qazilərə kömək eləmək üçün 2820 manat pul yığdılar, Şəfiqə xanım bu pulu qoydu öz cibinə. Harasa keçiribsə, çeki qoysun ortalığa. Yoxdur.
Şəfiqə Məmmədova yeni ildən öncə saxta seçki keçirərək özünü yenidən sədr elan edib. Bu iclasın nəticələrini Ədliyyə Nazirliyi tanımayıb. Əməkdar incəsənət xadimləri Cəmil Quliyev və Ayaz Salayevin seçkini təkzib edən açıqlaması qurumun saytında yerləşdirilən məlumatda yer alıb. O iclasda İttifaq üzvlərinin 298 nəfərin 80 faizi iştirak etməliydi. Amma özünün danışdığı 5-10 adamla iclas edib. İttifaqın saytında Şəfiqə Məmmədovanın sədr seçilməsi ilə bağlı xəbər yerləşdiriləndə bildik məsələ nə yerdədir. Bu necə iclasdır ki, orada Mədəniyyət Nazirliyindən bir nəfər də iştirak etməyib. Hamını aldadıb ki, yuxarıdakıların xəbəri var. 
Şəfiqə xanım bildirir ki, 9 katib də onun sədrliyini təsdiqləyib. Lakin katiblərin heç birinin bu mövzudan xəbəri yoxdur. Şeyx Əbdül yeni il ərəfələrində bu barədə mediaya danışandan sonra işin üstü açılıb, Ədliyyə Nazirliyi iclasın protokolunun legitimliyini qəbul etməyib. Katiblərin adından saxtakarlıq edib, Ədliyyə Nazirliyi araşdırıb,  protokolun saxta olduğunu  bildirib. Sənəd geri qaytarılıb. Büdcəni idarə etmək üçün o təsdiq olunmalıdır, olunmursa yeni seçki keçirilməlidir. Sədrin vaxtı keçib”. 

Əli Vəliyev qeyd edib ki, Şəfiqə xanım oğlu Ülvi Mehdini də vəzifəyə təyin edib: 

“Ana-oğul birlikdə oradakı hər kəsdən çox maaş alır və son artımları da özlərinə şamil edirlər. Əgər yoxlama aparılsa ittifaqda çox qaranlıq işin üstü açılar. Bu məsələ araşdırılmalıdır”. 

Ə.Vəliyev istefa ərizəsinin fotosunu da Lent.az-a təqdim edib:

Məsələ ilə bağlı Şəfiqə Məmmədova ilə əlaqə saxlamaq istəsək də zənglərimiz cavabsız qaldı. 

# 6906
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar