Hollivud  batmaq üzrədir...
05 may 2025 15:41 (UTC +04:00)

Hollivud batmaq üzrədir...

Merilin Monro, Marlon Brando, Elizabet Teylor kimi ulduzların parladığı o dəbdəbəli Hollivud illəri artıq geridə qaldı.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ kinosunun bir əsr boyunca mərkəzi sayılan Hollivud artıq kinoçuların sevimli məkanı olma xüsusiyyətini itirib.

ABŞ-ın Los-Anceles şəhərində yerləşən Hollivud məhəlləsi, burada çəkilən filmlər sayəsində uzun illər ölkə kinosunun simvoluna çevrilmişdi. Lakin indi kinoçular Hollivudla vidalaşırlar. Film çəkilişlərinin azalması səbəbindən Los-Anceles 2024-cü ildə ən pis dövrünü yaşayıb. Televiziya şouları və tammetrajlı filmlərin yalnız beşdə biri artıq Los-Ancelesin yerləşdiyi Kaliforniyada çəkilir. Bunun səbəbi isə Hollivudun həm ölkə daxilində Atlanta və Nyu-York kimi şəhərlərlə, həm də Avstraliya, İngiltərə, Kanada kimi beynəlxalq rəqiblərlə ciddi rəqabət şəraitində qalmasıdır.

Bundan əlavə, rəqib ölkə və şəhərlər artıq film və serial çəkilişləri üçün daha sərfəli maliyyə təşviqləri təqdim edirlər. 2024-cü ilin ilk rübündə Hollivudda hər növ istehsalat kateqoriyası üzrə azalmalar qeydə alınıb. Bu dövrdə çəkiliş günləri 22% azalıb və cəmi 13 televiziya pilot layihəsi çəkilib. Bu, FilmLA-nın indiyədək müşahidə etdiyi ən aşağı göstəricidir. Bu böhran Hollivudda çalışan elektrikçilər, dülgərlər, dekoratorlar, səs mühəndisləri, kostyum dizaynerləri və vizajistlər kimi sənət adamlarını da təhlükə altına salır. Bu peşə sahiblərinin bölgəni tərk etməsi ilə Hollivudun tarixə qovuşacağı ehtimal edilir.

Mütəxəssislərə görə, Hollivudu qorumaq üçün film və televiziya çəkilişlərinə dair vergi güzəştlərinin artırılması vacibdir. Kaliforniya ştatının qubernatoru Gavin Nyusom, ştatın film və TV vergi krediti proqramı çərçivəsində ayrılan illik vəsaitin 330 milyon dollardan 750 milyon dollara qaldırılmasını təklif edib. Hazırda ştat parlamentində iki qanun layihəsi üzərində iş gedir. Son işləri arasında “Qladiator 2” və “Napoleon” olan ssenarist Devid Scarpa isə bildirib: “Maliyyə problemləri ilə boğuşan Los-Anceles, film sənayesindəki üstünlüklər baxımından Şərqi Avropa ilə rəqabət apara biləcəkmi? Prodüserlər ən sərfəli qiymətləri axtarırlar. Əgər Hollivudun yerləşdiyi Los-Anceles kino mərkəzi kimi qalmaq istəyirsə, kinoçuları cəlb edəcək vergi endirimləri təqdim etməlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 388

Oxşar yazılar