“Guya filankəsin xarici ölkədə kitablı çıxıb, gerçək deyil” - Tərcümə problemimiz
14 iyun 2022 17:31 (UTC +04:00)

“Guya filankəsin xarici ölkədə kitablı çıxıb, gerçək deyil” - Tərcümə problemimiz

“Öz hesabına xaricdə kitab buraxır, ad olur əsərimi çap etdilər”

Azərbaycan yazıçılarından xaricdə ən çox tanınan, sevilən və dərc edilən  Xalq yazıçısı Çingiz Abdullayevdir.  Etimad Başkeçid, Hidayət, Rövşən Abdullaoğlu və başqa yazarların da əsərlərini xarici dillərdə görmüşük. Bəs onlardan başqa hansı şair və yazıçımız xaricdən təkliflər alır, kimlərin əsərlərinə müraciət olunur?

“Çox adam tərcümə olunur. Lakin bu tərcümələrin əksəriyyəti fərdi təşəbbüslərlə həyat keçirilir. Yəni yazıçı öz maliyyəsi hesabına əsərini çevirtdirib hansısa xarici ölkədə çap edir və təyyarəyə yığıb Bakıya gətirir. Ad da olur ki, filankəsin filan ölkədə kitablı çıxıb. Bu, gerçək proses deyil. Özünü və oxucunu aldatmaqdır”. Bu fikirləri Lent.az-ın sualına cavab olaraq yazıçı Şərif Ağayar səsləndirib.

“Gerçək proses odur ki, hansısa nüfuzlu nəşriyyat özü yazıçıya müraciət edir, əsərini çap edib yayımını və satışını təşkil edir. Misal üçün, mənim 2020-ci ildə Fransanın Strasburq şəhərində romanım çap olundu. Bunun üçün “Kapaz” nəşriyyatı özü mənə müraciət etmişdi. Kitabın yayımı və satışını da nəşriyyat təşkil etdi. İndi romanım Fransanın ən nüfuzlu yayım şəbəkəsinin satış siyahısında, eyni zamanda Fransa Milli Kitabxanasının qeydiyyatındadır”,- deyə o qeyd edib. 

Yazıçının dediyinə görə, nəşriyyatlar həm də romanların nüfuzlu müsabiqələrə təqdim olunması məsələsini də həll edirlər. Yəni tərcümə və çap olunmaqla deyil, baxır kim tərcümə edib, harada və hansı şərtlərlə çap olunub, kitabı nə qədər nəşr edildiyi ölkənin ədəbi hadisəsi saymaq olar.

Bəs  bizim yazıçılarımızın əsərləri əsasən hansı dillərə tərcümə olunur? Yazıçının dediyinə görə, ən vacib dillər ingilis, fransız, rus və alman dilləridir. İngilis dilinin bir üstünlüyü var ki, sən istənilən ölkədə, istənilən dildə çap olunmaq üçün əsərinin ingilis variantını göndərə bilərsən. 

“Məhz buna görə mən Fransada çap olunan “Arzulardan sonrakı şəhər” romanımın ingilis dilinə tərcüməsi üçün Mədəniyyət Nazirliyinə müraciət etdim. Cənab nazir Anar Kərimov sağ olsun, anındaca reaksiya verdi və roman təxminən bir il müddətində ingilis dilinə çevrildi. Tərcüməçiləri dostların məsləhəti ilə özüm seçdim. Azərbaycanda yaşayan ingilis yazar İan Beart. Onun xanımı azərbaycanlıdır. Səadət xanım. O da tərcüməçidir. İkisi bir yerdə işlədilər”,- deyən yazıçı  tərcümə məsələsindəki əsas problemdən də danışıb.

“Bilirsiniz ən böyük problemimiz nədir? Azərbaycandilli ingilis, Azərbaycandilli fransız, Azərbaycandilli alman yoxdur. Amma türkdilli var, rusdilli var, hətta gürcüdilli də var. Biz dünyada gedən ədəbi prosesinin bir hissəsinə çevrilə bilməmişik”.

Şərif Ağayarın dediyinə görə, tərcümə üçün təşəbbüs də müxtəlif ola bilər: "Ən yaxşısı nəşriyyatların öz təşəbbüsüdür. İkincisi, bizim ölkədəki ədəbi qurum və təşkilatların aktivliyi və təqdimatı”. 

# 1317
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar