Ən çox tələbat olan müğənni - Xaricdə toy oxuyub adına konsert deyirik
21 iyun 2022 15:48 (UTC +04:00)

Ən çox tələbat olan müğənni - Xaricdə toy oxuyub adına konsert deyirik

İllər öncə qastrollar incəsənət sahəsində çalışan hər kəsin əlavə qazanc yeri idi. Xüsusən yay mövsümündə teatrlar və müğənnilər ölkə xaricində və daxilində müxtəlif regionlara üz tutur, 15 gün, 1 ay səfərdə olurdular. Bu olurdu həm ziyarət, həm də ticarət. Həm işləyir, həm istirahət edirdilər, yeni ideyalar yaranırdı,  qastrol səfərinə çıxdıqları  regionda xalqla canlı ünsiyyətdən də ləzzət alırdılar. Tamaşaçılar  üçün də sevdikləri sənətkarı canlı-canlı görmək böyük zövq idi. Bəs bu gün o qastrol mədəniyyəti nə üçün aradan qalxıb? Sovet dönəmində demək olar ki hər kənddə klub və ya mədəniyyət evi fəaliyyət göstərirdi. Gələn qonaqlar mehmanxanalarda yerləşdirilir, kənd camaatı efirlərdən gördükləri böyük sənətkarlarla ünsiyyət qururdular. Şəhər özü mədəniyyəti ilə kəndlinin ayağına gedirdi. Və yaxud xarici ölkələrə qastrollar həm təcrübə mübadiləsi idi, həm də ömürlük yaddaş.


Qastrolların necə təşkil olunması barədə Lent.az-ın sualını cavablandıran təşkilatçı Şücaət Saqi bildirib ki, hazırda qastrolların təşkili indi əsasən teatrlar tərəfindən həyata keçirilir:


“Mədəniyyət Nazirliyinin teatr şöbəsində qastrol təşkili ilə bağlı olan bölmə ölkə daxilindəki qastrollar təşkil edirdi. İki teatr eyni zamanda bir rayona gedə bilmirdi. Qastrollar elə təşkil olunurdu ki, hər rayonda yalnız bir teatr öz yaradıcılığını sərgiləyə bilirdi. Əsasən, qastrollar yay mövsümündə təşkil edilirdi.  Bu gün  qastrolların təşkili teatr rəhbərliyi və teatrın öz daxili imkanları hesabına həyata keçirilir. Rayonlardakı qastrollar çox böyük maliyyə vəsaiti tələb edir. Hansısa teatrın gedib hansısa  rayonda  3 gün qalması böyük maliyyə istəyir. Məsələn, bir teatrın truppasının qastrola getməsi üçün ən azı 80 nəfərin xərcləri qarşılanmalıdır. Onların gedib orada otellərdə qalması, gündəlik xərcləri çox baha başa gəlir. Tamaşa  o qədər gəlir gətirmir axı.  Deyək ki, rayonda 200 yerlik tamaşa salonu var, biletlərin də qiyməti 10 manatdan, bu  çəkilən xərci ödəmir. Ona görə, teatrın stasionarda tamaşa göstərməsi sərfəlidir. Bu səbəblərdən təbii ki, qastrolların keçirilməsi teatr rəhbərliyi üçü çətinlik yaradır. Amma müəyyən rayonlar var ki, onlar bizi öz hesabına dəvət edirlər. Qastrol tamaşaları mütləq lazımdır. Çünki bu tamaşalar əhalini teatr və aktyorlarımızın yaradıcılığı ilə yaxından tanış edir. Elə teatr var ildə bir iki dəfə qastrola gedə bilir. Bu həm  nazirliyin, həm də teatrın öz hesabına ola bilər”,- deyə təşkilatçı qeyd edib.
“İndi konsertlərin təşkili daha çox pul qazandırır. Amma xaricə müğənni aparmaq və müğənni gətirmək asan iş deyil. Gərək müğənniyə tələbat olsun, onun kaprizlərini yerinə yetirə biləsən. Bizim ifaçılardan  xaricə qastrola gedən azdır. Gedib toy oxuyub gəlib deyirlər konsert  verdik. Vaxtilə Rəşid Behbudovun, Müslim Maqomayevin, Zeynəb Xanlarovanın dövlət səviyyəsində böyük qastrolları təşkil olunurdu. Burda sözsüz ki  sənətkarlıqla yanaşı, təbliğat və dövlət siyasəti də rol oynayırdı. Son zamanlar Xumar xanımın, Röyanın konsertlərinə tələbat var. Ən çox konserti arzulanan müğənni isə təzadlı görünsə də Üzeyir Mehdizadədir. Təşkilatçı tamaşaçı yığan, kassanı dolduran sənətçilərlə işləməyə üstünlük verir”- deyə o qeyd edib.


Pul meydan sulayandan sonra yenilən pəhləvan, yəni əsl sənət yoxa çıxdı. Para, para para, sənət getdi hara?
 

# 3615
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar