Əminə Yusifqızı kimdir?  - Erkən yaşda ana olan, sənətinə görə ərindən ayrılan qiraətçi
09 oktyabr 2025 15:05 (UTC +04:00)

Əminə Yusifqızı kimdir? - Erkən yaşda ana olan, sənətinə görə ərindən ayrılan qiraətçi

0

Bu gün tanınmış qiraətçi, Xalq artisti Əminə Yusifqızı vəfat edib. 

Lent.az “Bioqrafiya” rubrikasında Əminə Yusifqızı haqqında məlumat verir.

- Əminə Yusifqızı kimdir?

Əminə Yusifqızı Azərbaycan ədəbi söz sənətinin görkəmli qiraətçisi olub. O, poeziyanı duymaq, onu hisslərlə dolu şəkildə dinləyiciyə çatdırmaq bacarığı ilə tanınırdı. Onun səsi və ifa tərzi Azərbaycan ədəbiyyatının ruhunu yaşadan ən incə nümunələrdəndir.

- Əminə Yusifqızı harada və nə vaxt anadan olub?

Əminə Yusifqızı 1936-cı ildə Bakı şəhərində anadan olub. Uşaqlıq illərindən bədii sözə, səhnəyə və musiqiyə böyük maraq göstərib.

- Əminə Yusifqızının təhsili haqqında nə bilirik?

Əminə Yusifqızı Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki ADMİU) “Dram və kino aktyoru” fakültəsini bitirib. Tələbəlik illərindən səhnədə bədii qiraət ustalığı ilə fərqlənib və müəllimlərinin diqqətini çəkib.

– Əminə Yusifqızı qiraət sənətinə necə gəlmişdi?

Əminə Yusifqızının qiraətə gəlişi təbii istedaddan doğub. O, ilk dəfə 1950-ci illərdə radioda çıxış edərək poeziya nümunələrini səsləndirib. Qısa müddətdə onun səsi bütün ölkəyə tanınıb, dinləyicilər onu “sözün səsi” kimi qəbul etməyə başlayıblar.

- Əminə Yusifqızının aktrisa fəaliyyəti necə olub?

Aktrisaya ən çox uğur gətirən rolu Səməd Vurğunun eyniadlı poeması əsasında hazırlanan “Komsomol poeması” tamaşasındakı Humay rolu olub. Bu roldan sonra yaradıcı heyət SSRİ-i mükafatına layiq görülüb. Tamaşanın növbəti nümayişi isə Kremldə baş tutub.

- Əminə Yusifqızının aktrisa olmasına ailəsinin münasibəti necə idi?

Aktrisa olmasına qardaşı razı olmayıb. Qardaşından gizlin teatra gedib-gələn aktrisanın anası ona çox dəstək olub, oğlundan Əminənin teatra getməsini uzun müddət gizlədib.

- Əminə Yusifqızının ailə vəziyyəti necə idi?

Aktrisa orta məktəbdə birlikdə oxuduğu sinif yoldaşı ilə sonralar erkən yaşda ailə qurur. Bu evlilikdən onun Səadət adlı bir qız övladı dünyaya gəlir.

Ancaq iş elə gətirir ki, onun bu evliliyi sonacan davam etmir. Belə ki, həyat yoldaşının ailəsi Əminə xanıma təzyiq göstərirlər ki, o, aktrisalıq sənətindən uzaqlaşsın. Sənətini çox sevən aktrisa yoldaşına sənəti seçəcəyini deyərək ondan ayrılır. Bu barədə o, deyir:

“Mən incəsənətə görə ailəmdən ayrıldım. Onlar deyirdi, ya səhnə, ya həyat. Mən incəsənəti seçdim. Amma etiraf edirəm ki, ailəmin dağılmasında günah məndə oldu. Yaxşı olardı ki, biz bir yerdə olaq. Elə insandan ayrıldığıma görə həmişə peşman oldum. Ancaq mən sənətimi çox sevirdim. Onunla birlikdə olanda, mən sənəti atdım, teatrdan uzaqlaşdım. Yoldaşım gördü ki, mən sənətsiz yaşaya bilmirdim. Nə yemək yeyirdim, nə su içirdim. Yoldaşım onda mənə dedi ki, sən allah get, yoxsa, sən ayaq üstə öləcəksən”.

– Əminə Yusifqızının ifasında daha çox hansı şairlərin əsərləri səslənib?

Əminə Yusifqızının repertuarında Səməd Vurğun, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Nigar Rəfibəyli, Mikayıl Müşfiq, Əliağa Vahid və digər klassik və müasir şairlərin poeziyası xüsusi yer tutur.

- Əminə Yusifqızının səsini bu qədər unikal edən nədir?

Əminə Yusifqızının səsində həm zəriflik, həm güc, həm də dərin hisslər var. Qiraət zamanı səs tonunu elə idarə edir ki, dinləyici yalnız şeiri eşitmir — onu yaşayır. Bu, illərlə formalaşmış sənətkarlıq və daxili duyumun nəticəsidir.

- Əminə Yusifqızının hansı sahələrdə çalışıb?

Əminə Yusifqızı uzun illər Azərbaycan Radiosunda və Televiziyasında aktrisa, diktor, aparıcı və qiraətçi kimi fəaliyyət göstərib. O, həmçinin bir çox bədii və sənədli filmlərə səsləndirmə edib. Onun səsi bir neçə nəsil üçün tanışdır.

- Əminə Yusifqızı hansı mükafatlara layiq görülüb?

Əminə Yusifqızı Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb. Həmçinin mədəniyyətin inkişafındakı xidmətlərinə görə müxtəlif dövlət təltifləri və diplomlarla mükafatlandırılıb.

- Əminə Yusifqızı haqqında hansı maraqlı faktlar var?

Əminə Yuifqızı həmçinin ilk avtomobil idarə edən xanım sənətçilərdəndir. Ancaq Əminə xanım bir dəfə yol qəzası törədir və bundan bərk stress keçirib qorxur. Bu barədə xatırlayarkən deyir:

“Azərbaycanda qadınlar arasında avtomobili birinci Flora Kərimova, sonra isə mən idarə etmişəm. O zaman ancaq kişilər maşın sürürdü. Təbii ki, bizə qəribə baxırdılar. Bizdən uzun illər sonra başladı xanımlar maşın sürməyə. Dövlət yol polisi əməkdaşları hörmət edirdi, gecə saat neçə olursa-olsun gətirib qaraja kimi məni yola salırdılar. Bu yaxınlarda qəza törətdim. Mənim səhvimdən baş verdi. Çox pis qorxdum, stress yaşadım. Amma sonra iradəmin köməkliyi ilə özümü ələ aldım. Dedim, sən Əminəsən, möhkəm ol”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4510

Oxşar yazılar