Cızığından çıxmaq  necə olur?- Belə yaranıb
31 oktyabr 2024 16:18 (UTC +04:00)

Cızığından çıxmaq necə olur?- Belə yaranıb

Dilimizdə işlədilən hər frazeoloji ifadənin, hər məsəlin arxasında bir maraqlı tarixçə yatır. Biz də bu tarixçələri araşdırıb, sizə o barədə məlumat veririk. Tez-tez sözə baxmayan adamlar barəsində “cızığından çıxıb” ifadəsi işlədirik. Bu nə deməkdir, insan hansı cızıqdan çıxır ki, belə deyirlər? 

Lent.az “Belə yaranıb” rubrikasında bu barədə məlumat verir.

Bu deyim əslində bir Molla Nəsrəddin lətifəsindəndir.

Lətifəyə görə, Molla Nəsrəddin bir gün arvadı ilə uzaq bir yerə səfərə çıxır. Yolda quldurlar onların qabağını kəsir. Ər-arvadı  mindikləri ulaqdan düşürür, əllərində nə var, nə yox hamısını tutub alırlar.  Quldurbaşı Molla Nəsrəddin əl-qol atmasın deyə ona təpinir. Mollanın ətrafında yerə çubuqla bir cızıq çəkir və deyir: “Ayağını cızıqdan kənara qoysan, başını kəsərəm”.

Bunu deyib, başlayırlar öz aralarında əldə etdikləri qənimətləri bölüşdürməyə. Quldurlar işlərini bitirib çıxıb gedirlər. Arvad baxır ki, quldurlar bunları soğan qabığı kimi soydu, nələri var, götürüb getdilər, amma əri səsini çıxartmadı. Deyir: “A kişi, hər şeyimizi alıb getdilər, sən niyə heç nə eləmədin?”  

Molla Nəsrəddin də lovğalanaraq cavab verir ki, ay arvad,  niyə eləmədim, elədim. Onların başı qarışıq olanda mən də ayağımı cızıqdan kənara qoydum.
O zamandan “ cızığından çıxmaq” ifadəsi məzəli bir söz kimi işlədilməyə başlayıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3192
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar