"Agren alem burya el" - Bizim ellər
29 sentyabr 2022 16:24 (UTC +04:00)

"Agren alem burya el" - Bizim ellər

Lent.az “Bizim ellər” rubrikasına davam edir. Bu dəfə virtual səyahətimiz Tovuzadır.

Tovuz ellərində, öz ləhcələri ilə desəm Toyuzda “seversən sev, sevemersən broşkuyu qaytar” lətifəsini bilməyən yoxdu. Elə Azərbaycanımızın bir çox yerlərinə yayılıb bir zamanlar tələbə yoldaşına bir sancaq (broş) hədiyyə edən oğlanın deyimi. Tovuzlular bir başqa aləmdirlər. Şən, deyən-gülən, sazlı-sözlü. Deyilənə görə, Zəlimxan Yaqub Tovuza Aşıqlar Birliyinə sədr göndəriləndə şair Hüseyn Arifdən soruşub ki, “dolana biləjəmmi?”

 O da cavab verib ki, “ayə qıvlasız, niyə dolanmersən. Tovuzda adamdan çox aşıx var”. Bir tovuzlunun evində çörək tapılmaya bilər, amma saz olmazsa olmaz.

 Bir dəfə Bakıda yaşayan iki tovuzlu qonşunun dalaşmasına şahid oldum. Bilmədim gülüm, onları ayırım, yoxsa şirin ləhcələrinə doyunca qulaq asım:

 - Ağız, Allahın başına uşsun, bir az yavaş danışsana, öyümüzdə oturamerix sənin dızıltından
- Nağayrem ədə, sizə gore ağzımımı qayırem?

- Bıy imamtala səni öldürsün, qanmersənmi, get anrıda dur, anrıda danış, öyümüzdə yatammerıx. Mənim beynimin qurdunu qımıldatmeynən, qonşu demərəm, varıf gəlif səni dişimə çəkərəm. Qanın daşdara dağılsın, niyə elellersən, kirisənəmi.

- Agren alem burya el. Burya el, anan qurvan, ajıfsanmı ədə, nəyşə məni yeersən?

Balca bir tarixçə

VII əsr mənbələrində bu yerlərdə yaşayan 3 Oğuz, 6 Oğuz, 9 Oğuz türk tayfa birləşmələrindən çox danışılır. Orxon – Yenisey yazılarında Oğuzların Göytürk imperiyasının əsas cəngavər tayfalarından biri kimi bəhs edilir. VI-VII əsrlərə aid yazılı mənbələrdə Yaxın və Uzaq Şərq ölkələrində böyük nüfuza malik olduqları bildirilən Oğuz türkləri Səlcuqlar, Atabəylər, Qaraxanilər, Osmanlı, Ağqoyunlu və Səfəvi kimi imperiyaları qurublar. Oğuzların tarixi əfsanələri, xalq dastanları “Oğuznamələr” adı ilə tanınır.

Müasir yaşayış məntəqəsi kimi rayonun təməli XIX əsrin ikinci yarısında alman köçkünləri tərəfindən qoyulub. Almanların Traubenfeld adlandırdığı bu yer tarixən Şəmşədil, Touş kimi tanınıb. Orta Asiya, Mərakeş, Sibirdə və Çində, Təbrizdə eyni adlı ərazilər mövcuddur. Bəzi elmi araşdırmalara görə Tovuz sözü Tış Oğuz (Çöl Oğuz) çölündən yaranıb.

Şəhərin adı iki qohum türk qəbiləsinin – Oğuz və Toğuzun adından əmələ gəlib. Türk – Şumer mənbələrində bu kəlimə müqəddəs dağ yeri, eləcə də, 9 Oğuz türk qəbiləsinin məkanı mənasında da işlədilib. 

Tovuza getdinizmi, Ağdərə, Axınca dərəsi, Əsrik dərəsi, Xınna dərəsi kimi cənnət məkanları mütləq gəzin. Heyran olacaqsınız.

Bir tovuzluya qonaq oldunmu, səni kartoflu xəngələ mütləq qonaq edəcək.Tovuzlular xəngəli misdən hazırlanan sinidə yeyirlər. Ortaya qoyulur, hərə öz payını götürür. Səhərlər bircə boşqab Aksağalax (Axsoğlax) yedinmi, axşama qədər acmazsan. Nehrə yağı, yumurta, qatıq və sarımsaqdan hazırlanan bu xörəyə Tovuz üsulu qayğanaq de demək olar. Əvvəlcə nehrə yağı dərin tavanın içərisində qızdırlır. Bir neçə yumurta köpüncəyədək çırpılır. Qızğın yağda bişirilir. Geniş boşqaba sarımsaqlı qatıq tökülür və bişmiş yumurta tavadan oraya boşaldırlır. Bol yağlı – qatıqlı mütləq təndir çörəyi ilə yeyilən  bu yeməyi bir dadan bir də istəyir. Hə bir də cızbızlı fətir yemədən gəlməyin. Təndirə yapılan çörəyin içinə cızbız tökülür, bir dəfəyə bu ləzzətli çörəyin  birini yeyə bilərsən, amma sonra 3 gün yemək istəməyəcəksən. O dərəcədə doyumludur.

Tovuzluların dinə baxışı bir qədər baməzədir. Öz aralarında zarafatla işlətdikləri bir söz də var. Tovuzlular Məhərərm ayında başı xəmirrini tost demədən, başqa aylarda tost deyərək içirlər. Buna baxmayaraq, Haçaqayada Həzrəti Əlinin qılınc izinin qalmasına, axan bulaqların onun qılıncı dəymiş dağın göz yaşı olmasına, Həzrətin dirsəkləndiyi qayanın isə bərəkət gətirməsinə inamları var.

İslam qəbul olunsa da tanrıçılıq izləri qalmaqdadır.  Məsələn, tez-tez işlətdikləri “Tanrın başına uşsun” ifadəsində Tanrı dedikləri göydür. Tovuzluların ulu babaları tenqriçi idi və Tenqrinin göy üzü olduğuna inanırdılar. 
Toylarında ən çox eşitdiyiniz dua “Görüm sizi neylim nejeliyim demiyəsiniz” olur. Çünki bu müdrik insanlar bilirlər ki, aşırımlarla dolu ömür yolunda naçar qalıb “nə edim” demək ən çətin işdir.

Yolunuzu bir gün sazın-sözün yurdu Tovuzdan salın. Evinizə ömür boyu unutmayacağınız gözəl təəssüratlar və qucaq dolusu pozitivlə qayıdacaqsınız. Buna əmin olun.

# 1629
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar

Əməkdar artist Kəmalə Rəhimli

Qayınanasına görə körpəsini öldürdülər, “Mercedes” sürən ilk azərbaycanlı qadın – Unudulan məşhurlar

3 dekabr 2022 , 20:15
İlya Ştemler

Bakıda doğulan yazıçı koronavirusdan öldü

3 dekabr 2022 , 16:50
Ərdoğan azərbaycanlı yazıçıya mükafat verdi

Ərdoğan azərbaycanlı yazıçıya mükafat verdi

2 dekabr 2022 , 22:23
Elizabet Teylor

7 kişiylə 8 dəfə evlənən bənövşəyi gözlü milyonçu - Bir ulduz axdı

2 dekabr 2022 , 20:15
Adına mahnılar bəstələnən "Mihriban" kimdir? -  Bir türkünün tarixçəsi

Adına mahnılar bəstələnən "Mihriban" kimdir? - Bir türkünün tarixçəsi

2 dekabr 2022 , 19:02
Tanınmış aktrisa vəfat etdi

Tanınmış aktrisa vəfat etdi

2 dekabr 2022 , 18:47
Şəkidə tapılan skeletin xana məxsus olduğu təsdiqləndi - FOTO

Şəkidə tapılan skeletin xana məxsus olduğu təsdiqləndi - FOTO

2 dekabr 2022 , 12:53
Çingiz Abdullayev Əlisa Nicatla bağlı  görün nə dedi?

Çingiz Abdullayev Əlisa Nicatla bağlı görün nə dedi?

1 dekabr 2022 , 19:51