Hər il noyabrın 6-ı Azərbaycanda televiziya və radio işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Bu gün Azərbaycan televiziyasının 63, radiosunun isə 93 yaşı tamam olur. Azərbaycanda radionun tarixi XX əsrin 20-ci illərindən başlayır. Bakıda ilk radio qurğusu 1924-cü ildə quraşdırılıb.
1926-cı ildə isə ilk radiostansiya fəaliyyətə başlayıb. Məhz həmin il noyabrın 26- da ilk radio verilişi efirə çıxıb. O dövrdə radio verilişlərinin gündəlik efir vaxtı cəmi 2 saat təşkil edirdi. Sonradan bu vaxt 4 saata, daha sonra 6 saata çatdı. Azərbaycanda ilk televiziya verilişi isə 1956-cı il fevralın 14-də efirə çıxarılıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra müstəqil teleradioşirkətlərin sayı da artıb.
2005-ci il avqustun 29-da İctimai Televiziyanın yayıma başlaması Azərbaycan teleməkanını daha da genişləndirdi. Hazırda Azərbaycanda 11 ümumrespublika, 13 regional, 17 kabel, 27 internet, 4 peyk televiziyası, 13 ümumrespublika və 3 regional radio fəaliyyət göstərir. Həmçinin Azərbaycan ərazisində rəqəmsal yayımın tətbiqinə başlanıb.
Lent.az informasiya agentliyi bu münasibətlə bütün televiziya və radio işçilərini təbrik edir və onlara uğurlar arzulayır!