Vaqif Səmədoğlu: “Hər gecə xəyalımda onu soyundura-soyundura yatırdım...” - HEKAYƏT
21 aprel 2011 12:05 (UTC +04:00)

Vaqif Səmədoğlu: “Hər gecə xəyalımda onu soyundura-soyundura yatırdım...” - HEKAYƏT

Layihə: Uşaqlığın son gecəsi

Ötən ayın əvvəllərində “Uşaqlığın son gecəsi” adlı layihəyə başlamaq qərarına gəldikdə “ilk qonaq kim olsun?” deyə, bir an belə tərəddüd etməmişdim: Vaqif Səmədoğlu.

“Facebook”daha çox qızlarla danışsa da, müsahibə niyyətimi bildirdikdə, “Ay Anar, oğul, son vaxtlar yaman çox danışıram, xalqı bezdirməyək” dedi, ardıcıl təkidlərimdən sonra isə Novruz bayramından sonraya vədələşdik. Bayram bitdi. Yenə vədələşdik. Nəhayət, görüşüb söhbətləşə bildik Vaqif müəllimlə.

Vaqif Səmədoğlu ilə söhbətdən “ac qalxdım”. Məndən sonra başqa bir həmkarıma başqa mövzuda müsahibə verəcəkdi deyə, “şairi çox yormayaq” dedik və söhbətimizin ardını Vaqif müəllimin 80 illiyinə ertələdik.

Dedim axı, layihənin ilk qonağı kimi Vaqif Səmədoğlunu düşünmüşdüm. Başqa necə ola bilərdi axı?!

İkinci dünya müharibəsinin əvvəlində doğulan, sonunda məktəbə gedən, Böyük Vətən Müharibəsinin qələbə sevincinin, “dahi rəhbər” Stalinin ölümünün, Brejnev hakimiyyətinin, Mircəfər Bağırova güllələnmə kəsilməsinin canlı şahidi, dahi Üzeyir Hacıbəyovla görüşmüş “yeriyən, danışan tarix”. Bütün bunlar azmış kimi, hələ üstəgəl, Azərbaycanın ilk xalq şairi, dahi Səməd Vurğunun oğlu. Bu qədər səbəb uşaqlıq və gənclik illərinin necə maraqlı və rəngarəng xatirələrlə zəngin olduğundan xəbər vermirmi? (İlk qonağım Aqil Abbas inciməsin, onunla da söhbətimiz çox maraqlı alınmışdı – A.G.)

Söhbətimiz zamanı da təxminlərimdə əsla yanılmadığımı anladım.

Beləliklə, layihəmizin budəfəki qonağı 71 yaşlı cavan oğlan, xalq şairi, əməkdar incəsənət xadimi, dramaturq, publisist Vaqif Səmədoğludur.

“Gecələr anam qır-qızılını boynundan asıb yatardı”

Söhbətə elə müharibə illərindən başladıq. İkinci Dünya müharibəsi ilə bağlı yadında qalan xatirələrdən söz açdı. Deyir, müharibə zamanı evlərində ağ çitdən tikilmiş parçalara doldurularaq, divarlara asılan qurudulmuş çörəklər olardı. Gecələr yatanda anası Xavər xanım qır-qızılını boynundan asıb yatarmış. Deyir, bir də görürdün Bakıda hərbi həyəcan siqnalı verildi. Ona görə evdə yatanda belə, ehtiyatlı imişlər. Səməd Vurğun belə, müharibə dövründə daim hərbi formada gəzərmiş.

Müharibədən sonrakı çətin dövrdən də danışır. Evlərinin önündəki “Lombard”a qızıl qoyaraq, pul götürüb evinə bir tikə çörək almağa çalışan uzun insan növbələrinin necə ağrılı olduğunu xatırlayır. Deyir, həmin növbələrdə dayananların böyük əksəriyyəti də qadınlar olurdu.

“Çantamdakı “buterbrod”dan nə qədər xəcalət çəkdiyimi bir mən bilirdim”

Müharibədən sonrakı çətinlik dövründə Səməd Vurğunun ailəsi dövlətdən xüsusi ərzaq payı alırmış. Ayda iki dəfə. Vaqif müəllim deyir ki, o zaman dərsə gedəndə anası Xavər xanım məktəbdə yemək üçün ona “buterbrod” verərmiş. “Qoca qadınların “Lombard”dan pul götürüb çörək almaq üçün saatlarla uzun növbələrdən dayanması gördükdə məktəbli çantamdakı “buterbrod”dan nə qədər xəcalət çəkdiyimi o zamanlar bir mən bilirdim” deyir.

“Kolbasa-çörəyi çıxarıb qadına uzatmağa utandım”

Bir dəfə isə həmin növbədəki yaşlı qadınların yanından keçib gedərkən, onlardan biri balaca Vaqifə “Ay oğlan, “sumka”ndan nə qəşəng iy gəlir!?” deyib. Həmin gün kolbasa-çörək qoyubmuş Xavər xanım balaca Vaqifin çantasına. “O vaxtın kolbasaları da indiki kimi deyildi axı, iyi 10 metrdən vururdu”. Utandım, deyir, o kolbasa-çörəyi çıxarıb həmin qadına uzatmağa, qaçıb getdim.

Deyir, uşaqlıqda ərköyün olmayıb. Məktəb vaxtı da həmişə intizamlı, oxuyan şagird olub. “Mircəfər Bağırovun, Teymur Quliyevin oğlanları mənimlə bir oxuyurdu. Heç onlarda da ərköyünlük olmazdı. Bir dəfə görməzdin ki, Bağırovun oğlu məktəbə maşınla gəlsin. İndi mən nəvəmi məktəbə maşınla aparıram, baxıram ki, məktəbin qabağı maşınla doludur.” Dediyinə görə, məktəbdə müəllimlər heç vaxt ona Səməd Vurğunun oğlu olduğu üçün hörmət eləməyib.

“Stalin əsir götürülmüş oğlunu marşalla dəyişmədi ki, mən əsgəri marşalla dəyişmərəm. Belə bir nümunənin olduğu yerdə heç kim Səməd Vurğunun oğluna xüsusi münasibət göstərə bilməzdi”.

“3 ay sürgünə hazır vəziyyətdə yaşadıq”

Səməd Vurğunun 52-ci ildə həbs edilməsi və ailəsinin sürgün olunacağı ilə bağlı da danışır. Deyir, atasının həbsi ilə bağlı order artıq çıxarılmışdı, ailənin sürgün olunacağı yer də bəlli idi. Bura Qazaxıstanın Kustanay vilayəti idi. Səməd Vurğunun əsərləri kitabxanalardan, teatrlardan yığışdırılmışdı. “Bizim ailə təxminən, 3 ay sürgünə hazır vəziyyətdə yaşadı. Bütün əşyalarımız hazır şəkildə, sürgün ediləcəyimiz günü gözləyirdik”.

Atasının cəzalandırılmasının qarşısının alınmasının Stalinin ölümü ilə bağlı olduğunu deyənlərin də səhv danışdığını bildirir. “Stalin 1953-cü il martın 5-də ölmüşdü. Ancaq həmin il yanvarın sonunda iki əsgər bizim evə gəlib, bağlamada hədiyyə və “Pobeda” maşının açarını vermişdilər. Yəni, məsələ bununla da həll olunmuşdu.”

“Atam rəhmətə gedəndə də ağlamadım”

Stalinin ölümündən də söhbət açır. Deyir, o zaman hamı düşünürdü ki, ölkə dağılacaq, Amerika SSRİ-ni bombalayacaq, heç kim saxlaya bilməz bu ölkəni. “Səməd Vurğun da, anam da, Yusif də, bacım Aybəniz də ağlamışdı onda, yadıma gəlir. Ancaq mən ağlamamışdım”. Mən, deyir, heç atam rəhmətə gedəndə də ağlamadım. “Bu, xarakter məsələsidi”.

Atası öləndən sonra, o dövrün rəhbərliyinin də Vəkilovlar ailəsinə münasibəti yaxşı olub. Əlavə edir ki, bununla belə, Vurğun ailəsinə və şəxsiyyətinə ən yaxşı qiymət Heydər Əliyevin zamanında olub.

“Üstümdə bıçaq da gəzdirmişəm, tapança da”

Dava-dalaş sevən uşaq olub. Elə gəncliyində də. Dediyinə görə, cavanlıqda cinayət aləmində onun çoxlu dostları olub. “Üstümdə bıçaq da gəzdirmişəm, tapança da.” Ən çox da qız üstündə dalaşırmış. Ya da içki məclislərindən sonra...

14 yaşından bəri siqaret çəkdiyini deyir. Elə indi də həddən çox siqaret çəkir. Bu qədər çılğın və qaynar həyatı olsa da, bu, musiqi məktəbini əlaçı bitirməyinə mane olmayıb.

“Mən qızlara dil tökürdüm, ancaq qızlar Yusifdən ötrü ölürdü”

Böyük qardaşı, Azərbaycanın xalq şairi Yusif Səmədoğlundan da danışdıq. Deyir, Yusif onun kimi çılğın, dava-dalaş adamı olmayıb. “O, sakit, mülayim idi. Gözəl geyinməyi sevirdi. Özü də yaraşıqlı oğlan idi. Məsələn, mən sən yaşda olan cibim 2 qəpikliklərlə dolub-daşardı. Bu 2 qəpikliklərlə avtomat telefonlardan qızlara zəng edirdim. Əsasən də, rus qızlarına. Ancaq Yusifin cibində bir dənə də 2 qəpiklik olmazdı. Çünki Yusifə qızlar özü zəng edərdi həmişə”. Deyir ki, hətta bu məqamla bağlı Yusifin paxıllığını çəkirdim. “Mən qızlara dil tökürdüm, ancaq qızlar Yusifdən ötrü ölürdü, Elə ona görə də mən şair oldum, Yusif yazıçı”.

Həmişə mehriban olublar evdə. Ancaq bununla belə, bəzən Yusiflə dalaşarmışlar. “Adətən, kim döyürdü” sualına gülərək, “əşi, Yusifi məhlədə uşaqlar döyəndə mən gedib onu döyənlərin atasını yandırırdım, nolsun ki, məndən 4 yaş böyük idi” deyir.

“Yusifə dedim ki, qaqaş, intiqamını aldım”

...Bir dəfə Yusif gəldi evə. Başladı ağlamağa. Sən demə, məhəllədə dalaşıb, böyük uşaqlar döyüblər bunu. O zaman da mən hələ məktəbə getmirəm, ancaq Yusifin 8-9 yaşı var. Məhəllədə “besedka” kimi bir yer var idi. Həmin uşaqlar həmişə onun altında oturardı. Getdim, bir xeyli çiy kərpici yığdım oranın üstünə. Axşam düşdü. Yusifi döyən uşaqlar yığışdı həmin yerə. Mən də ikinci mərtəbədən düşdüm “besedka”nın üstünə. Yığdığım bütün çiy kərpicləri çırpdım o uşaqların başına. Başları gözləri əzildi, bir neçəsinin üzü qandı. Beləliklə, Yusifin qisasını aldım. Sonra ordan qaçdım gəldim, Yusifə dedim ki, qaqaş, intiqamını aldım (ürəkdən gülür).

“Ruslar qarın içində bizi o qədər döydülər ki, bezib getdilər”

Deyir, belə danışıram, elə bilmə ki, elə həmişə mən döymüşəm, hərdən döyüldüyüm də olurdu. “Cavan vaxtı bir dəfə Yeni il günü Moskva ətrafında bir kəndə gedirdik. Qızlarla danışmışdıq, onlarla Yeni il keçirəcəkdik. Qatardan düşdük, meşənin içi ilə gedirik. Yanımda da dostum Oqtay var. Meşədə qar dizdəndi. Birdən meşənin ortasında 8-9 nəfər sərxoş rus balası saxladı bizi. Başladılar, “qaralar” deyib, bizi döyməyə. Həmin günü Oqtay məndən çox döyüldü. Biz iki nəfər, onlar 8-9. Bunlarla necə dalaşasan?! Mən büründüm paltoya, özümü bükdüm, uzandım qarın içinə. Oqtay da bunlarla açıq davaya girişib. Ruslar bizi o qədər döydülər, bezib getdilər. Mən durdum üstümü-başımı təmizlədim, sağ-salamat, heç bir ağrı-zad yox, Oqtay isə üzü, burnu qan içində. Dedim, 8-9 nəfərlə dalaşarmı adam?! Səhəri gün Oqtayın üzü-gözü pis günə düşdü. Oldu gömgöy”.

“...onların dilini kəsmək istəyirəm”

Deyirəm, Vaqif müəllim, deyirsiniz, cavanlıqda qızlar sizə naz satarmış, amma indi baxıram ki, “facebook”da elə, ancaq qızlarla dost olur, onlarla yazışırsınız. Gülür. Deyir, kiminin axırı, kimin əvvəli 

...Bilirsən, qıza nə lazımdı e, şirin söz, yaxşı münasibət?! Sənə açıq deyim, qızlarla acı, sərt danışan oğlanları görəndə, onların dilini kəsmək istəyirəm. Qızla da sərt danışarlar, kobudluq edərlər?! Elə gözəl varlıq...

“Gecələr evində qaldığım, amma toxunmadığım fahişə dostlarım olub”

Fahişə dostlarından da danışdı Vaqif müəllim. “Gecələr evində qaldığım, amma barmaqla da toxunmadığım fahişə dostlarım olub. Elə olub, gecənin bir vaxtı zəng eləmişəm ki, filankəs, mənə filan qədər pul lazımdı, deyib, Vaqif, qurban olum, tez gəl, getmişəm, düşüb evdən verib pulu. Cavanlıqda ən yaxın qadın dostlarımdan birinin adı “Barmaq Fatma” idi. Cibgir idi. Tramvaylarda, trolleybuslarda, mağazalarda cibgirliklə məşğul olurdu. Şəhərin ən səriştəli, peşəkar cibgirlərindən biri idi”.

“Çörəyə pul tapmırdıq, arağa tapırdıq”

...Moskvada oxuyanda Qorki adına Ədəbiyyat İnstitutunun yataqxanasında qalırdıq. Orda Fikrət Qoca, Azər Mustafazadə, Maqsud İbrahimbəyov və daha bir neçə indi çox məşhur olan azərbaycanlı və rus yazıçılar var idi. Hər axşam içirdik yataqxanada. Çörəyə pul tapmırdıq, arağa tapırdıq. Özü də bir araq içən kimi ardı gəlirdi. 2, 3, 4, 5-ci şüşəyə qədər gedirdi. Yataqxananın yanında “taksimotornu” var idi. Orda sürücülər hardansa ucuz qiymətə araq alırdılar, mağazadakından da ucuz bizə satırdılar. Gecə saat 3-də, 4-də gedib ordan araq alırdıq. Oxuyub incisə də, deyəcəm, o vaxtı həmin taksi sürücüləri Fikrəti (Fikrət Qocanı – A.G.) yaxından tanıyırdılar. Dərsə gedəndə bir də görürdün çağırırlar: “Fikrət!!!” (uğunub gedir)

“İlk məhəbbət unudulmur” deyənlərlə razılaşır Vaqif Səmədoğlu. Deyir, 14 yaşında olanda məktəbdə özündən 2 sinif yuxarı bir qızla sevişirmiş.

...Bütünlüklə yadımdadı. Onun yerişi, ətrinin qoxusu... Ağappaq, gözəl bir qız idi. Hər axşam xəyalımda onu soyundura-soyundura yatırdım. Bulvarda öpüşmədiyimiz yer qalmamışdı. Amma soyundurmaq dərəcəsinə çatmadıq. (Burda mən özümü saxlaya bilməyib, dərin qəhqəhə çəkirəm, Vaqif müəllim də gülümsəyir).

Deyir, sonralar elə məktəb vaxtında ilk məhəbbətindən ayrıldı. Səbəb? “Başqa qadın peyda oldu”. Bunu da Heminqueydən sitat gətirdi.

Söhbət zamanı daha bir sıra maraqlı məqamlardan, xatirələrdən danışdıq ki, onlar daha öncələr mətbuat səhifələrində yer aldığı üçün təkrarən bir daha yazmağa lüzum görmədim. Məsələn, balaca Vaqifin “nemes” əsirə “buterbrod” verməsi, onun Stalinlə bir tədbirdə iştirakı, dahi Üzeyir Hacıbəyovla görüşü, acıq edib, evdən getməsi, birinci sinfin ilk günü “Əlifba” kitabını satıb armud alması və s.

Yəqin ki, hələ bunlar qədər xatirələri də Vaqif müəllim özü üçün saxlayıb. Gələcək müsahibələrində danışmaq üçün. Bu qədər qızğın və çılğın həyat tərzi keçirən biri üçün bol xatirələrin olması normaldır.

Anar GƏRAYLI
# 2528

Oxşar yazılar