Gənc Tamaşaçılar Teatrı 83-cü mövsümünə start verdi
20 sentyabr 2010 16:43 (UTC +04:00)

Gənc Tamaşaçılar Teatrı 83-cü mövsümünə start verdi

Lent.az-ın məlumatına görə, mərasimdə giriş sözü ilə çıxış edən teatrın direktoru, əməkdar artist Mübariz Həmidov mədəniyyət ocağında toplanan hər kəsi salamlayaraq teatr mövsümünü açıq elan edib. Yeni teatr mövsümündə sənətsevərləri zəngin repertuar gözlədiyini deyən direktorun sözlərinə görə, dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 125 illik yubileyi münasibətilə Beynəlxalq Musiqi Festivalının təşkil olunması təqdirəlayiqdir.


Çıxışdan sonra ölməz Hüseyn Cavidin iki hissədən ibarət “Şeyx Sənan” faciəsi tamaşaçılara təqdim olunub. Səhnə əsərinin quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı əməkdar rəssam Tahir Tahirov, bəstəkarı Firudin Allahverdidir. Tamaşada rolları əməkdar artistlər Rahib Əliyev (Şeyx Əbuzər), Gülər Nəbiyeva (Zəhra), Şövqi Hüseynov (Şeyx Sənan), Nofəl Vəliyev (Şeyx Hadi), İlqar Cahangirov (Dərviş), Leyli Vəliyeva (Xumar), Qəmər Məmmədova (Nina), Seyidşah Məmmədov (Platon), aktyorlar Rövşən Abbasov (Şeyx Kəbir), Güşvər Şərifova (Əzra), Sərvər Əliyev (Şeyx Sədra), Vüqar Məmmədəliyev (Şeyx Mərvan), Bəxtiyar Kərimov (Şeyx Cəfər), Elnur Hüseynov (Anton), Eyvaz İbrahimov (Simon), Kərəm Hadızadə (papas) və digərləri canlandırıblar.


Həmin gün teatr balaca seyrçilərini də unutmayıb. Yaradıcı kollektiv Blangi Marvinin “Yatmış gözəl” iki hissəli nağıl tamaşası ilə kiçik tamaşaçılarını da sevindirib.

Tamaşanın quruluşçu rejissoru Nicat Kazımov, quruluşçu rəssamı Sevinc Həsənovadır, musiqi tərtibatı İnşallah Hüseynova, tryukların quruluşu isə İsa Əsədova məxsusdur.
Rolları əməkdar artist Naibə Allahverdiyeva (Kraliça), aktyorlar Elşən Şirəliyev (Kral), Asya Atakişiyeva (Gözəl), Nicat Kazımov (Füsunkar), Zülfiyyə Alhüseynova (Pərilər Kraliçası), Almaz Mustafayeva (I xanım), Güşvər Şərifova (II xanım), Müşfiq Əliyev (I lord), Natiq Fərzəliyev (II lord), Qədirhüseyn İsmayılov (aşbaz) və digərləri ifa edib.

Xəyalə
# 961

Oxşar yazılar