3566 adda kitab abidəsi dövlət reyestrinə daxil edilib
19 yanvar 2010 15:45 (UTC +04:00)

3566 adda kitab abidəsi dövlət reyestrinə daxil edilib

Prezidentin 2007-ci il 11 aprel tarixli “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”nın təsdiq edilməsi barədə Fərmanına uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyində respublikada mövcud olan unikal və nadir nüsxəli kitabların, xüsusi əhəmiyyətli nəşrlərin, əlyazmaların və s. aşkar edilməsi işinə başlanıb. Bununla əlaqədar nazirlik tərəfindən Azərbaycanda milli-mədəni irsin mühafizəsi və gələcək nəsillərə çatdırılması sahəsində dövlət siyasətinin müəyyən etdiyi qanunvericilik aktları və digər qanun və sərəncamlara müvafiq olaraq “Kitab abidələri haqqında” Əsasnamə hazırlanıb.

Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, bugünədək 3566 adda müxtəlif formada kitab abidəsi dövlət reyestrinə daxil edilib. Onlardan 1320 adda kitab abidəsi Mədəniyyət və Turizm Nazirliyi sistemində, 2002 adda kitab abidəsi digər nazirlik, idarə və təşkilatların kitabxanalarında və muzeylərində, 244 adda kitab abidəsi isə şəxsi kolleksiyalarda olan nüsxələrdir.

Nazirliyə təqdim olunmuş məlumatlara əsasən, Prezident Kitabxanasında 1088, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında 577, BDU-nun Elmi Kitabxanasında 287, Milli Arxiv İdarəsində 69, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında 143, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda 14, Azərbaycan Texniki Universitetinin kitabxanasında 48, Azərbaycan Pedaqoji Universiteti 190, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kitabxanasında 36 adda, Azərbaycan Dillər Universitetinin kitabxanasında 8, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Elmi Tibb Kitabxanasında 39, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin Respublika Elmi Texniki Kitabxanasında 30, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Respublika Elmi Kənd Təsərrüfatı kitabxanasında 50, C.Cabbarlı adına Dövlət Teatr Muzeyində 79, L.Kərimov adına Azərbaycan xalçası və xalq Tətbiqi sənəti Dövlət Muzeyində 39, Musiqi Mədəniyyəti Dövlət Muzeyində 4, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeçiliyində olan kitabxanalarda 14 adda kitab abidələri müəyyən edilib və qeydə alınıb.

Reyestrin tərtibi zamanı şəhər (rayon) kitabxanalarında və tarix-diyarşünaslıq muzeylərində çoxlu sayda kitab abidələri aşkar olunub. Azərbaycan Respublikasında şəxsi kolleksiyalarda saxlanılan kitab abidələrini aşkar etmək üçün yerli qəzet, radio və televiziya vasitəsi ilə əhaliyə müraciət edilməsi barədə şəhər (rayon) mədəniyyət və turizm idarələrinin (şöbələrinin) rəhbərlərinə tapşırıqlar verilib.

Bugünkü məlumatlara əsasən, reyestrdə şəxsi kolleksiyalarda saxlanılan 244 kitab abidəsi aşkarlanıb.

Xəyalə Muradlı
# 767

Oxşar yazılar