2009-cu ildə Azərbaycan və dünya mədəniyyətinin itkiləri
29 dekabr 2009 16:45 (UTC +04:00)

2009-cu ildə Azərbaycan və dünya mədəniyyətinin itkiləri

2009-cu ildə Azərbaycan mədəniyyəti, ədəbiyyatı üçün itkilərlə yadda qalıb.


APA-nın məlumatına görə, 2009-cu ilin Azərbaycan mədəniyyətində ilk itkisi əməkdar artisti, muğam ifaçısı Sabir Novruzovun vəfatı olub. Xanəndə bu ilin yanvarın 7-də uzun sürən xəstəlikdən sonra 65 yaşında dünyasını dəyişib.


2009-cu ilin fevralın 12-də isə Azərbaycan musiqişünaslığının görkəmli nümayəndəsi, əməkdar incəsənət xadimi, Bəstəkarlar İttifaqının üzvü, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Elmira Abbasova ömrünün 77-ci ilində uzun sürən xəstəlikdən sonra vəfat edib. Bir gün sonra isə həmyerlimiz, ilk qadın-dirijor, SSRİ və Azərbaycanın xalq artisti Veronika Dudarova həyatdan köçüb. Əslən Bakıdan olan bu xanım dirijor Moskvanın Troyekurov qəbiristanlığında torpağa tapşırılıb.


Bu il fevralın 13-də Azərbaycan ədəbiyyatına böyük itki üz verib. Məhz həmin gün Azərbaycanın görkəmli simalarından olan, Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.


Fevralın 21-də tanınmış azərbaycanlı şair və alim Əbdürrəhman Təyyar Qulunculu (Dədə Katib) 84 yaşında dünyasını dəyişib. Aprelin 15-də isə Azərbaycanın xalq artisti, Prezident təqaüdçüsü, mahir klarnet ifaçısı Vəli Qədimov uzun sürən ağır xəstəlikdən sonra vəfat edib. İki gün sonra isə Azərbaycan ədəbiyyatı daha bir itki ilə üzləşib. Aprelin 17-də Azərbaycanın xalq yazıçısı, publisist Sabir Əhmədli uzun sürən xəstəlikdən sonra vəfat edib.


2009-cu ilin iyulun 5-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Əlibala Ələsgərov, avqustun 2-də Azərbaycan Dövlət Akademik Milli Teatrının aktyoru, xalq artisti Elxan Ağahüseynoğlu dünyasını dəyişib. Sentyabrın 26-da Azərbaycanın görkəmli alim, professor, filologiya elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, uzun illər Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin kafedra müdiri vəzifəsində çalışmış Afat Qurbanov 81 yaşında vəfat edib. Noyabrın 6-da isə Azərbaycanın xalq yazıçısı Qılman İlkin 96 yaşında ürək çatışmazlığından dünyasını dəyişib.


2009-cu il Azərbaycan rəssamlıq sənəti üçün də itkisiz ötüşməyib. Bu il 10-a yaxın azərbaycanlı rəssam dünyasını dəyişib. 2009-cu ildə əməkdar incəsənət xadimi Ağarəhim Əliyev, xalq rəssamları Rafiq Mehdiyev, Yusif Hüseynov, əməkdar rəssam Mənzər Ağayeva, rəssamlar Namiq Zeynalov, Kamal Ələkbərov, Yuri Daşeyvski, Tofiq Kazımov və Mircəlil Seyidov kimi rəssamlar dünyalarını dəyişib.


Bu il dünya mədəniyyətində ən böyük itkilərdən biri pop estradasının kralı hesab olunan Maykl Ceksonun qəfil ölümüdür. Bu gözlənilməz ölüm hadisəsi iyunun 25-də baş verib. 51 yaşlı pop kralı iyunun 25-də Los-Ancelesdə dünyasını dəyişib. Koma vəziyyətində Los-Ancelesin “UCLA Medical Center” xəstəxanasına çatdırılan musiqiçinin həyatını xilas etmək mümkün olmayıb. Maykl Ceksonun ölümü bütün dünyanı sarsıdıb, onun qəfil ölümünün səbəblərinin araşdırılması üçün onun cənazəsi bir müddət dəfn olunmamış saxlanılıb. Maykl Cekson ölümündən bir müddət sonra torpağa tapşırılıb və beləliklə də, bu il cənazəsi saxlanılan ən çox mədəniyyət xadimi olub.


Məşhur fransız yazıçısı Moris Düronun də vəfatı 2009-cu ilə təsadüf edib. Bu il Rusiya kinosu üçün itkilərlə yadda qalıb. Mayın 20-də Rusiyanın tanınmış aktyoru Oleq Yankovski vəfat edib. Uzun müddət mədəaltı vəzin xərçəngi xəstəliyindən əziyyət çəkən aktyor Moskva klinikalarından birində dünyasını dəyişib. Mayın 31-də məşhur kinoaktyor Vyaçeslav Nevinnıy 75 yaşında dünyasını dəyişib. İki həftə sonra isə Nyu-Yorkda yaşayan məşhur rusiyalı yazıçı və ssenarist Georgi Vayner vəfat edib. Avqustun 9-da Rusiyanın tanınmış aktyoru İqor Starıq həyatla vidalaşıb. Kino sahəsində ilin son itkisi tanınmış aktyor Vyaçeslav Tixonovun vəfatıdır. Tamaşaçıların yaddaşında “Baharın on yeddinci anı” filmində yaratdığı Ştirlis obrazı ilə qalan aktyor 82 yaşında həyatla vidalaşıb.


Qazaxıstan Respublikasının Xalq Qəhrəmanı, SSRİ-nin xalq artisti, məşhur kino və teatr rejissoru Azərbaycan Mambetov da noyabrda vəfat edib. Dünya kinosu isə 2009-cu ildə daha bir övladı ilə vidalaşıb. Bütün dövrlərin ən populyar macəra serialı olan “Tarzan” filmində Ceyn obrazını yaratmış Hollivud aktrisası Brenda Coys 92 yaşında vəfat edib. Bu il dünyasını dəyişən sənət adamları sırasında SSRİ və Azərbaycanın xalq artisti Lyudmila Zıkina, sovet ədəbiyyatının klassiki, SSRİ-nin dövlət himninin müəllifi Sergey Mixalkov da var.


Bu il, həmçinin tanınmış türk iş adamı, “Best Model of Azerbaijan” müsabiqəsinin ilk təşkilatçısı Nahit Kabakçı dünyasını dəyişib. Azərbaycanda yaşayan 1949-cu il təvəllüdlü Nahid Kabakçı 60 yaşında vəfat edib.
# 672

Oxşar yazılar