Gənclərin II Ümumrespublika Teatr festivalı davam edir
27 noyabr 2012 07:11 (UTC +04:00)

Gənclərin II Ümumrespublika Teatr festivalı davam edir

Gənclərin II Ümumrespublika Teatr festivalı çərçivəsində Gənclər və İdman Nazirliyinin Şüvəlanda yerləşən düşərgəsində Art Kamp davam edir.

Lent.az-ın məlumatına görə, noyabrın 26-da xalq artisti Ağaxan Salmanlı və Yuğ Dövlət Teatrının direktoru Tərlan Rəsulovun iştirakı ilə ustad-dərsləri keçirilib. Gənclərlə söhbətə özünün səhnə təcrübəsini xatırlatmaqla başlayan Ağaxan Salmanlı keçdiyi yaradıcılıq yolunun çətinliklərindən danışıb.

Qeyd edib ki, bu sənəti seçənlər səhnə həyatının eniş-yoxuşundan qorxmamalıdır. “Əsil aktyor daxilən zəngin olmalıdır”,-deyən, xalq artisti aktyor üşün vacib olan kriteriyaları sadalayıb: “Bütün insanlar baxır, amma hamısı görə bilmir. Bu mənada aktyor yalnız baxmamalıdır, həm də görməyi bacarmalıdır. Aktyorun içi dolu olmalıdır. İnsan teatrın materialıdır. Bu material keyfiyyətli olmalıdır”.

Xalq artisti gənc aktyorlardan şikayətlənmədiyini söyləsə də, onları mütaliəyə maraq göstərmədiklərinə görə qınadı: “Gənclər internetdən əhəmiyyətli formada istifadə etməlidir, yalnız sosial şəbəkələrdə məktublaşmalı deyil. Mütaliəsini artırmalıdır, hər gün kitab oxumalıdır. Mən özüm bu yaşımda da kitab oxuyuram”.
Söhbət əsnasında onu da öyrəndik ki, mənzilinin darlığı üzündən aktyor kitablarını kənd kitabxanasına bağışlayıb. Elə bu səbəbdən indi də ona bağışlanan kitabları tələbələrinə hədiyyə edir.

Söhbəti gənclərlə dialoq üzərində quran sənətkar komandaların festival üçün hazırladıqları tamaşaları da izləyib fikir və tövsiyələrini bölüşdü. Tamaşaları ustad gözü ilə qiymətləndirən aktyorun irad və tövsiyələri gənclər tərəfindən alqışlarla qarşılandı.

Yuğ Dövlət Teatrının direktoru Tərlan Rəsulov isə ustad dərsini bir başa eksperimentlər üzərində qurub.

“Yuğ” teatrının ovqatı, eləcə də dünya teatr təcrübəsi və ənənələri dərhal hiss olunub.Odur ki, gənclər Tərlan Rəsulovun eksperimentlərini böyük həvəs və coşquyla qarşılayıblar.

Bəzi məqamlarda ustadla fikir ayrılığı da yaşanıb. Xüsusən “Stanislavski məktəbi” mövzusunda. Müəllim bu “məktəb”in hətta Rusiyanın özündə belə inkar olunduğunu söyləsə də əksər gənclər bu fikrə qarşı çıxıb.

Hər iki tərəf fikrini konkret mizan və səhnələrlə əsaslandırmağa çalışıb. Bu zaman maraqlı anlar yaşanıb. Gənc qız səhnədə tərəf müqabilinə sillə vurub, digər gənc isə Tərlan Rəsulovu ələ salıb. Təbii ki, rolda. Yekun olaraq gənclərdən bəziləri fikrindən daşınmalı olub. Tərlan Rəsulov aktyor üçün ən vacib olan şərtin diqqət olduğunu da gənclərə izah edib. Bunu konkret səhnələrlə nümayiş etdirib.

Bir sözlə, ustad dərsində gənclər müasir teatr anlayışının açıqlamasına görə Yuğ Dövlət Teatrının direktoruna minnətdarlıq ediblər.

Qeyd edək ki, noyabrın 27-də səhər saat 11-də festival iştirakçıları Fəxri Xiyabana gedərək Heydər Əliyevin məzarını ziyarət edəcək. Həmin gün axşam saat 19-da isə Dövlət Gənc Tamaşaçılar Teatrında festivalın açılış mərasimi keçiriləcək.

Ekologiya, ətraf mühitin mühafizəsi mövzusuna həsr edilən festivalın qiymətləndirmə mərhələsi Dövlət Gənc Tamaşaçılar Teatrında noyabrın 27-dən dekabrın 1 - dək davam edəcək.
Layihənin ideya müəllifi, millət vəkili Jalə Əliyeva, icraçı direktoru Ramil Ağasıyevdir. Festival Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan - Amerika Alyansının dəstəyi ilə keçirilir. Layihənin informasiya dəstəyi «Guney.az» və Lent.az xəbər saytları və «Araz» FM radiosudur .
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1384

Oxşar yazılar