Şövkət Ələkbərova məzar başında anıldı -
22 oktyabr 2012 17:46 (UTC +04:00)

Şövkət Ələkbərova məzar başında anıldı -

Xalq artisti, Azərbaycanın korifey sənətkarı Şövkət Ələkbərovanın 90 illik yubileyi onun məzarı başında qeyd olunub. Lent.azın məlumatına görə, sənətkarın tələbəsi, əməkdar artist Aybəniz Haşımova, onun qızı Aynişan Quliyevanın mədəniyyət katibi olduğu “İslahatçı Gənclər” İctimai Birliyinin birgə təşəbbüsü ilə baş tutan anım mərasimində Şövkət Ələkbərovanın ailə üzvləri, tələbələri, mədəniyyət-ictimaiyyət nümayəndələri və gənclər iştirak edib. Mərasimdə iştirak edən xalq şairi Fikrət Qoca, xalq artisti, “Şöhrət” ordenli professor Ramiz Quliyev, xalq artistləri Aftandil İsrafilov, Sadıq Zərbəliyev, Vamiq Məmmədəliyev, əməkdar artistlər Firuzə İbadova, Cavanşir Məmmədov, məhrum sənətkarla bağlı filmin ssenari müəllifi, jurnalist Firuzə Nadir Şövkət Ələkbərova yaradıcılığı haqqında təəssüratlarını bölüşüblər. Natiqlər bildiriblər ki, Şövkət Ələkbərova Azərbaycan musiqi mədəniyyətinin əvəzedilməz nümunəsi və qadın ifaçılıq sənətinin banilərindən biridir.


Aybəniz Haşımova bildirib ki, Şövkət xanım onun üçün böyük sənətkar və pedaqoq olmaqdan əlavə, nümunəvi bir ana və ideal bir Azərbaycan qadınıdır. O bildirib ki, üzərindən illər keçməsinə baxmayaraq, dahi sənətkar haqqında sakit və keçmiş zamanda danışa bilmir.


Aynişan Quliyeva gözünü açandan evdə Şövkət Ələkbərova musiqisinin və şəxsiyyətinin zənginliyini hiss etdiyini, insani keyfiyyətlərinə görə, ona vurğun olduğunu, sənətə də məhz Şövkət xanım yolunun davamçısı olmaq arzusu ilə gəldiyini deyib. Şövkət xanıma “nənə” deyə müraciət etdiyini bildirən gənc müğənni böyük sənətkarı ailə üzvü qədər doğma bildiyini diqqətə çatdırıb.

Son olaraq Şövkət Ələkbərovanın gəlini Gülnarə Ələkbərova böyük sənətkarın bütün xalqın sərvəti olduğunu deyərək, göstərilən diqqətə görə tədbirin təşkilatçılarına və qonaqlara təşəkkürlərini çatdırıb.

Tədbir böyük sənətkarın ifa etdiyi, musiqisi bəstəkar Oqtay Kazıminin bəstəsi olan ’’Bu dünya’’ mahnısı ilə başa çatıb.

Jalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2865

Oxşar yazılar