Şəfiqə Axundova: “Gözəlliyim başıma bəla olmayıb” - SÖHBƏT
28 sentyabr 2012 15:13 (UTC +04:00)

Şəfiqə Axundova: “Gözəlliyim başıma bəla olmayıb” - SÖHBƏT

Bakının bu köhnə məhəlləsindən indi əsər-əlamət yoxdur. Burada indi çoxmərtəbəli yeni binalar ucalır. Qabil Abbasoğlu bizə, sadəcə, həyətdəki supermarketi nişan vermiş, demişdi ki, orada hamı Şəfiqə xanımı tanıyır. Elə də oldu. İlqar Əlfinin Bakını yaxşı tanımağı, həm də intuisiyası dadımıza çatdı. Ardından İlqar Əlfi yolu Anar Yusifoğluna anlatdı, o da maşallah, geri qalan olmadı, rahatca bizi tapa bildi. Sonra Ramalla fotoqrafımız da gəlib çıxdı... Budur, 4 VALET hazırdı: İlqar Əlfi, Anar Yusifoğlu, Ramal Hüseynov və İlham Tumas... Bu sərin sentyabr günündə Şəfiqə Axundovanın qonağı olacağıq... Sevimli Üzeyir bəy Hacıbəyovun yadigarı Şəfiqə xanımın...

İ.Ə: Şəfiqə xanım, keçmişi tez-tezmi xatırlayırsınız?

- Hamı kimi mən də keçmişi xatırlayıram.

İ.Ə: Sizin keçmişiniz Azərbaycan mədəniyyətinin, incəsənətinin keçmişidir. Bu mənada, keçmişiniz ictimai əhəmiyyət kəsb eləyir. Görün, kimləri görmüsünüz...

- Bəli, mən 8 ilə yaxın dahi Üzeyir bəylə ünsiyyətdə olmuşam, onun himayəsi altında fəaliyyət göstərmişəm. O, mənə hərtərəfli dəstək olub, kömək eləyib. Dahi bəstəkarın sinfində oxuduğum üçün həmişə fəxr eləmişəm.

İ.Ə: Üzeyir bəy tələbələrə təqaüd verirdi. Maraqlıdır, o təqaüdün məbləği nə qədər idi?

- Deyəsən 500 idi ... Ümumiyyətlə, Üzeyir müəllim tələbələrinə qarşı çox diqqətli, qayğıkeş idi. Mahnılarımı onun üçün ifa edəndə çox fərəhlənirdi. Mənə daha çox vaxt ayırırdı, sənətin sirlərini öyrədirdi. Üzeyir müəllim tələbələrə deyirdi ki, “mənim Şəfiqəyə ayırdığım vaxta heyfim gəlmir, bilirəm ki, onun gələcəyi var”. Doğrudan da, sonralar mən Şərqdə ilk operanın müəllifi oldum, “Gəlin qayası” əsərini yazdım. Musiqimiz üçün əlimdən gələni əsirgəməmişəm.

İ.T: Üzeyir Hacıbəyliyə “müəllim”, yoxsa “bəy” deyə müraciət edirdiniz?

- Mən ona “müəllim” deyə müraciət eləyirdim. Həmkarları ərk eləyib "Üzeyir bəy "deyirdilər. Amma biz tələbələr “müəllim” deyirdik.

İ.T: Üzeyir bəyin ömrünün son günlərində də onun yanında olmusunuz...

- Bəli. O, "Monolit"də yaşayırdı, özü də xəstəydi. Dözə bilmədim, getdim yanına. Xəstə olmasına baxmayaraq, məni çox yaxşı qarşıladı. O günü heç vaxt unutmayacam.

İ.Ə: Bəs, bu gün, Sizinlə də o cür maraqlanırlarmı?

- Hökumətimizdən narazı deyiləm, əməyi qiymətləndirir. Amma sənət adamlarından da qayğı umuram. Onlardan heç kim maraqlanmır. “Mehriban olaq” mahnısını nahaq yerə yazmamışam ki... Bizimkilər mehriban deyillər... Axı insanlar mehriban olmalıdırlar...

R.H: Bayaq dediniz ki, Üzeyir bəyin mənə sərf etdiyi vaxta heyfi gəlmirdi. Maraqlıdır, bəs siz sənətə, musiqimizə, incəsənətimizə həsr etdiyiniz vaxt üçün heyfsilənirsinizmi?

- Yox. Mən uşaqlığımdan incəsənətə bağlı olmuşam. Nə qədər sağam, sənətimi sevəcəm.

R.H: Sənət sizə nə verib?

- Hər şey... Ən əsası odur ki, sənət mənə diqqət verib. Sənətkara başqa nə lazımdır ki...

A.Y: Hə şeyi sənətə qurban verdiniz, buna görə peşmansınızmı?

- Xeyr, qətiyyən. Bircə dəfə mənimlə xalq arasına çıxın, görün camaat məni görəndə neyləyir, hamı məni öpür, hətta kişilər də məni öpürlər (Gülür). Bu diqqətlə, məhəbbətlə fəxr edirəm.

A.Y: Deyirlər, incəsənət qurban tələb eləyir. Siz verdiyiniz qurbanların sayı çoxdurmu?

- Məsələ burasındadır ki, sənət belədir... Ya sənəti seçməlisən, ya da ev xanımı olmalısan. Mən sənətdə qarşıma qoyduğum məqsədlərə nail ola bilmişəm.

İ.Ə: Şüvəlandakı yaradıcılıq evi yadınızdadır? Oraya tez- tez gələrdiniz...

- Hə, yadımdadır.

İ.Ə: Orada hansı sənət adamları ilə birgə dincəlirdiniz? Şairlərdən, bəstəkarlardan, yazıçılardan kimlərin adını çəkə bilərsiniz...

- Vallah, yadımda deyil. Huşum yoxdur ki... O yadımdadır ki, İvanovkada bizim yaradıcılıq evimiz var idi. Oraya çox hörmətli, bilikli müəllimlər gələrdilər. Mənim bir müəllimim var idi - Zeydman... O, mənə qarşı çox diqqətli idi, əsərlərimi qiymətləndirirdi, bu da məni yaratmağa ruhlandırırdı.

R.H: Sizin mahnılarınızı həm yerli ifaçılar, həm də türk müğənniləri oxuyurlar. Onlar mahnılarınıza müraciət etməzdən əvvəl Sizdən icazə alırlarmı? Ümumiyyətlə, mahnılarınızı ifa edən müğənnilərdən razısınızmı?

- Mənim mahnılarımı hamı oxuyur... Kimə deyim ki, oxuma? Uşaq mahnılarımı da ifa edirlər. Məsələn, “Pişik”, “Əkizlər”, “Hədiyyə” mahnıları çox populyardır. Onlar hamısı xalqımızın hafizəsində qalacaq. Mən ölsəm də, o mahnılar yaşayacaq...

A.Y: 2 ildən sonra 90 illiyinizi qeyd edəcəksiniz. Bu yaşa qədər çoxmu səhvlər etmisiniz?

- Nə səhvi?

A.Y: Səhviniz olub, yoxsa yox?

- Əlbəttə, olub. Sonra səhvimi başa düşmüşəm, çalışmışam ki, onu düzəldim, xalqın məhəbbətinə layiq olum.

İ.T: Bayaq, biz gələndə nəsə narahat oldunuz...

- Yox, narahat olmadım, xoşdur. Mənə qarşı bu qədər diqqətli olduğunuz üçün təşəkkür edirəm. Amma yaxşı olardı ki, əvvəlcədən xəbər verəydiniz, hazırlaşaydım...

A.Y: Gəncliyinizdə də indiki kimi gözəl olmusunuz. Heç gözəlliyiniz başınıza bəla olubmu?

- Yox bəla olmayıb. Çünki mən möhkəm olmuşam, hər adam mənə bata bilməyib.

A.Y: Gözəlliyinizin qədrini bilmisiniz...

- Hə. Gərək qadın gözəlliyinin qədrini bilsin.

R.H: Bayaq dediniz ki, ya sənəti seçməlisən, ya da ev xanımı olmalısan. Olmazdı ki, həm bəstəkar, həm də ev xanımı olardınız?

- Bilirsiniz necədir, bu sənət elə sənətdir ki, ya ailə, ya da yaradıcılıq olmalıdır. Mən sənətimi ailəmə qurban versəydim, belə əsərlər yaza bilməzdim. Düz deyirlər, incəsənət qurban tələb eləyir.

İ.Ə: Şəfiqə xanım, indi də sənətlə məşğul olursunuzmu?

- İndi yorulmuşam... Yazdıqlarım kifayətdir.

İ.T: Şəfiqə xanım, indiyə kimi çox işlər görmüsünüz. İndi gələcəklə bağlı hansısa arzularınız varmı?

- Mən bütün arzularıma çatmışam. Bircə istəyərdim ki, 90 illiyim qeyd olunsun, əməyim qiymətləndirilsin. Axı, mən sənət üçün az qurbanlar verməmişəm.

R.H: Bu illərdə Sizi xoşbəxt eləyən nəsə olubmu? Çünki “çox qurbanlar vermişəm” dediniz...

- Nə bilim, vallah, istəklərimə nail olmuşam. Bu yaxınlarda Türkiyə kanallarının birində balaca bir qız mənim mahnımı ifa etdi, onda özümü çox xoşbəxt hiss elədim, hətta kövrəldim... Elə qıza qulaq asan tamaşaçılar da kövrəlmişdilər...

İ.Ə: Sizin evinizdə bir istedadlı musiqiçi də var idi. Talehi deyirəm...

- Hə, yadım salma... (Kövrəlir)

İ.Ə: Niyə ki... O, yada salınmalı insan idi...

- Taleh kimi ifa eləyən var idimi?

İ.Ə: Talehin uşaqlığı yadımdadır. Yaman səs-küylü uşaq idi. Bir dəfə bizə gəlmişdi.

- Üzünüz mənə tanış gəlir.

İ.Ə: Yəqin, “Dalğa” verilişindən yadınızda qalmışam. Həm də, Əlfi Qasımovun oğluyam. Hə, bir gün Taleh operanın premyerasına bizə dəvətnamə gətirmişdi. Anam da qutab bişirirdi. Dedim, otur, oturdu, 2-3 dənə qutab da yedi. Amma gördüm ki, niyəsə sıxılır. Soruşdum ki, “niyə sıxılırsan?” Dedi ki, “bu qutabdan anama da aparım da...” Anam da ona Sizə gətirsin deyə qutab verdi...

Artıq İlqar bəy də, biz də başa düşürük ki, Şəfiqə xanıma həqiqətən, Talehini xatırlamaq çox ağrılıdır. Biz nə qədər xoş xatirələrlə xatırlamaq istəsək də... Bu yerdə Anar Yusifoğlu dadımıza çatır...

A.Y: Heç öz doğum gününüzə və ya başqasının ad gününə mahnı yazmısınız?


- Yox.

A.Y: 90 illiyinizlə bağlı nəsə yazmaq fikriniz varmı?

- Nə bilim, ilham gələndə birdən gəlir...

İ.Ə: Şəfiqə xanım, indi Sizin mahnılarınızı gənclər də ifa edirlər. Bəyənirsinizmi?

- Bəli.

İ.Ə: Heç bəyənmədiyiniz ifa yoxdur?

- Yox. Hamısı bir-birindən gözəl ifa edirlər.

A.Y: Şəfiqə xanım, bayağı musiqilərə münasibətiniz necədir?

- Onlar bic musiqilərdir, atası, anası olmayan mahnılardır. Mahnının kökü, məkanı, vətəni bilinməlidir. Belə bic mahnılar səslənməsin gərək...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4306

Oxşar yazılar