“Şərq qadını” jurnalının 100 il əvvəl  nəşr olunan   ilk nömrəsi
30 noyabr 2023 20:45 (UTC +04:00)

“Şərq qadını” jurnalının 100 il əvvəl nəşr olunan ilk nömrəsi

30 noyabr “Şərq qadını” jurnalının ilk nömrəsinin işıq üzü görməsindən 100 il ötür.

Lent.az xəbər verir ki, jurnalın ilk nömrəsi 1923- cü il noyabrın 30-da Bakıda çap olunub. Azərbaycanın maarifpərvər qadınlarından biri, görkəmli pedaqoq, ictimai xadim Mədinə Qiyasbəyli “Şərq qadını” jurnalının təsisçilərindən biri olub və savadsızlığa qarşı mübarizə aparıb.

Jurnal Azərbaycanda, o cümlədən bütün Şərq aləmində qadın azadlığı uğrunda mübarizə aparan, qadınlar arasında azadlıq ideyalarını geniş yayan ilk qadın jurnalı olub. Sözügedən jurnalın ilk nömrəsində publisist Səməd ağa Ağamalıoğlu, yazıçı, publisist Şəfiqə Əfəndizadə, həkim-pediatr, Azərbaycan Cümhuriyyəti dövründə xalq səhiyyə naziri olmuş Yevsey Gindes, ədəbiyyatşünas, professor İsmayıl Hikmətin məqalələri yer alıb. İctimai-siyasi xadim Ayna Sultanova, pedaqoq, jurnalist Mədinə Qiyasbəyli, jurnalist Gülarə Qədirbəyova, Xədicə Seyidzadə, Hökumə Məmmədova kimi cəmiyyətdə fəallıq göstərən qadınların da məqalələri, publisistik yazıları müntəzəm olaraq jurnalda çap edilirdi.

Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda qorunan “Şərq qadını” jurnalının 100 il bundan əvvəl işıq üzü görmüş ilk nüsxəsini təqdim edirik.

Qeyd edək ki, jurnalın 10-cu nüsxəsi muzeyin kitabxanasının “Nadir kitablar” fondunda qorunur.

# 5037
avatar

Oxşar yazılar