Ayın 13-ü cümə gününə düşəndə... -  NİYƏ QORXURUQ?
13 may 2022 17:35 (UTC +04:00)

Ayın 13-ü cümə gününə düşəndə... - NİYƏ QORXURUQ?

Bu gün ayın on üçüdür. Maraqlısı odur ki, ilin ən mistik və sirli günlərindən biri cümə, ayın 13-ü sayılır. Çox nadir hallarda 13 rəqəmi cümə gününə təsadüf edir. Bu günlə bağlı tarixdə bir çox hadisələr baş verib: Adəm və Həvva məhz belə gündə cənnətdən qovulublar. Başqa bir versiyaya görə isə Qabil Habili cümə günü, ayın 13-ü öldürüb və s.

Qorxulu gündən dünyaca məşhur olan insanlar belə çəkinir. 

Meteoroloqlar bildirirlər ki, məhz bu gündə daha çox təbii kataklizmlər baş verir: Zəlzələlər, sellər, daşqınılar və dumanlı hava şəraiti...

Təyyarə qəzası və avtomobil qəzaları kimi bədbəxt hadisələrin sayı cümə günü, ayın 13-də təxminən 60% artır - bunu isə sığorta şirkətləri bildirir. Sanki bütün təbii fəlakətlər illərlə gözləyir ki, məhz bu gün baş verəcək. Sanki bu, artıq təsdiqini tapmış bir faktdır.

İngiltərədə indiyə qədər belə bir fikir mövcuddur ki, ayın 13-ü, özü də cümə gününə düşürsə, dənizə çıxmaq olmaz. XVIII əsrin sonunda bu xurafat o qədər geniş yayılmışdı ki, İngiltərə hökuməti artıq bunun mənasızlığını sübut etmək üçün "Cümə, 13" adlı gəmi inşa edib. Gəminin suya ilk çıxışı da cümə günü, ayın 13-ü olub. Amma taleyin acı istehzası baş verib: Gəmi komandası ilə birlikdə itkin düşüb.

Britaniyada "cümə, 13"dən cərrahlar da qorxurlar. Onlardan bəziləri təyin olunmuş əməliyyatları həmin gün ləğv edir. Britaniyalı həkimlər əmindirlər ki,  "cümə 13"də uğursuzluq riski 50 faiz artır.

ABŞ-da, həmçinin, 13 rəqəminin özündən belə ehtiyat edirlər. Belə ki, çoxmərtəbəli evlərin təxminən 80%-ində on üçüncü mərtəbə və ya mənzil nömrəsi yoxdur. Hətta Azərbaycanda 13 nömrəli məktəb, xəstəxana olsa da, 13 rəqəmli rayonun avtomobil nömrəsi mövcud deyil. 

Qeyd edək ki, bu rəqəmin bədliyinə inanan ABŞ prezidenti Franklin Ruzvelt heç vaxt ayın 13-də səfərə çıxmırdı və rəsmi görüşləri ayın 13-nə salmırdı. 

ABŞ-ın İndiana ştatında sakinlər həmin gün qara pişiklərə zınqorv taxıb, küçəyə buraxırlar ki, onlar bütün qara qüvvələri vahiməyə salsın. ABŞ-da bu günün təlatümünə inanan insanlar işə getmir və ayın 13-ü cümə gününə təsadüf edəndə ölkə 120 milyon ziyana düşür. 

Bundan başqa, "Apollo 13" kosmik aparatı 1970-ci il aprelin 11-də, saat 13:13-da səmaya buraxılıb. Aprelin 13-də kosmik gəmidə partlayış baş verib (cümə günü olmasa da).

Yeri gəlmişkən, qeyd edim ki, heyət Yerə sağ-salamat qayıda bilib.

Bir sözlə 13 rəqəmi əksər insanlarda xof yaradır. Onların qənaətinə görə, ayın 13-ü cümə gününə düşürsə, uğursuzluqlara uğramamaq üçün, mühüm qərarları bu gündə qəbul etməmək, bəbdəxt hadisələrdən qorunmaq, uzun səfərə çıxmamaq lazımdır. Bəs, əslində 13 rəqəmi həqiqətənmi bədbəxtlik gətirir?! 

Bu barədə psixoloq Orxan Oruc öz fikirlərini Lent.az-la bölüşdü: 

“İnsanlar baxdıqları film, personaj və başqa yerlərdə təbliğ olunan hadisələri görürlər və bunun üzərindən inanclarını yaşatmağa başlayırlar. Yəni, onlara görə, həqiqətən də rəqəmlər həmin gün ərzində nə yaşayacaqlarını təyin edir. Bu, bir növ batil inanc hesab olunur. Elə insanlar da var, illərdir bu inancla yaşayır. Tutaq ki, filmdə qara pişik aktyorun qarşısından keçir və yaxud təsadüfən 13 rəqəminə rast gəlir. Ondan sonra müəmmalı hadisələr baş verməyə başlayır. İnsanlar da düşünür ki, əgər o pişik onun qarşısından keçməsəydi, adamın başına o hadisələr gəlməyəcəkdi və s". 

Orxan Orucun sözlərinə görə, təbii ki, rəqəmlərə bu cür yanaşma doğru deyil:

"İnsan nə düşünürsə, onu da yaşayır. Bəd düşünməyin rəqəmlə əlaqəsi yoxdur. 13 rəqəmi olmasaydı belə, onun yerinə tutaq ki, 18, 33 və s. olsaydı, nəsə dəyişiləcəkdimi? Psixikamızı bunun üzərindən hərəkət etdirmək özümüzə ziyan verməkdən başqa rol oyanmır”.

Mövzuya dini tərəfdən də yanaşmağı lazım bildik. Dini inanclara görə, doğrudanmı 13 rəqəmi təhlükəlidir və ya bu qorxu haradan qaynaqlanır?


İlahiyyatçı Elşad Mirin qeyd etdi ki, cəmiyyətdə 13 rəqəminin uğursuzluğu İsa peyğəmbərin rəvayətlərindən irəli gəlir:

"Xristianların bəzisi hesab edir ki, İsa ayın 13-ü çarmıxa çəkilib. Bir çox insanların əksinə, italiyanlar, çinlilər və misirlilər isə hesab edir ki, 13 xoşbəxtlik rəqəmidir. Dinlərdə xüsusi enerjisi olan rəqəmlər 666, 99-dur". 

Həmsöhbətimiz əlavə etdi ki, nə 666, nə də 13 rəqəminin nəs olması hansısa uğursuzluq gətirməsi, şeytanın simvolu olması deyimlərinin heç birini İslam dini qəbul etmir. Buna görə də kiminsə maşınının nömrəsinin 13, 66 ilə başlamasının dinimizə heç bir aidiyyatı yoxdur. Bu məsələdə İslam məhdudiyyət qoymur. Bu kimi məsələlər batil inanc və xürafatdır. İslam dinindən buna görə sui-istifadə edilməməlidir". 

Belə... Çalışaq beynimizi pis enerjiyə və belə absurd inanclara proqramlaşdırmayaq ki, günümüz xoş olsun. Necə deyərlər, niyyətin hara, mənzilin ora...
 

# 2892
avatar

Nigar Namiq

Oxşar yazılar