Sizcə, ABŞ yer kürəsinin təbii peyki olan ayı ziyarət edibmi? Aya ilk ayaq basmış insan kimi tarixə düşən ABŞ astronavtı Neil Armstronq bəlkə Aya heç vaxt ayaq basmayıb? Görəsən, doğrudanmı Armstronq 20 iyul 1969-cu ildə “Apollo 11” kosmik aparatı ilə Aya gedib? Bəlkə o fotolar Nevada səhrasında qurulan bir studiyada çəkilib? Bu, illərdir davam edən və konspirasiya nəzəriyyəçilərinin ən sevimli mövzularından biridir. Bəzilərinə görə, “Amerika 1969-cu ildəki texnologiya ilə Aya getmiş olsaydı, bu gün Ay Amerikaya məxsus bir baza olardı”. Həmin insanların fikrincə, Aya insanlı uçuş heç vaxt olmayıb. Digər qrup insan isə Aya getməyin həqiqət olduğuna inanır.
“Bu, mənim üçün kiçik, bəşəriyyət üçün böyük bir addımdır...” - deyən Neil Armstronqun 55 il əvvəl tarixə düşən bu sözü qabaqcadan planlanmış bir oyunun ssenarisinə əlavə edilmiş məkrli bir siyasətin tərkib hissəsidirmi? Çünki o dövrdə Aya səyahətin orijinal görüntülərini izləmək istəyən avstraliyalı alim John Sarkassianın “NASA”ya ünvanlanan müraciətinə “NASA”nın “Görüntüləri tapa bilmirik!” – deyə cavab verməsi konspirasiya nəzəriyyəçilərini “bunun qurma olduğunu” - deyərək hərəkətə keçirmişdi. Bu hadisə həmin tarixi anın orijinal görüntülərinin “NASA”nın Merilenddəki bazasında “itməsinin” etirafı idi. Avstraliyalı bir alim tərəfindən aşkarlanan bu hadisə, “ABŞ Aya getməyib. Görüntülər studiyada qurulub” fikrinin peyda olmasına və onu müdafiə edən minlərlə konspirasiya nəzəriyyəçisini sevindirmişdi. Onlar bu gün də hesab edirlər ki, “NASA” sirrini ört-basdır etmək üçün kasetləri məhv edib.
Bir versiyaya görə astronavtların “Ay məcarası” bir film studiyasında çəkilib və onların simvolik Aya eniş görüntüləri geniş bir sahəyə qurulan San Bernardino yaxınlığındakı Norton Hərbi Hava Bazasındakı çəkilişlərlə həyata keçirilib.
Tarixi faktlar onu deməyə əsas verir ki, 20 iyul 1969-cu ildə həyata keçirilən səyahət “NASA”nın o dövrün ən son texnologiyası ilə istehsal olunan kameraları tərəfindən canlı olaraq “NASA”nın Kaliforniya və Avstraliyadakı televiziya stansiyalarına göndərir. O dövrdə bu görüntüləri emal edəcək texnologiyaya malik olmayan televiziya kanalları isə orijinal görüntülərin əks etdirildiyi pərdələrdən çəkiliş edirlər. Buna görə də detallar orijinal görüntülərdəki kimi dəqiq görünmür. Maqnit lentli video kasetlərə yazılan orijinal görüntülər 1970-ci ildə ABŞ Milli Arxivlərinə yerləşdirilir. Ancaq görüntülər 1984-cü ildə heç bir səbəb göstərilmədən Merilenddəki Goddard Kosmik Bazasına köçürülür.
Maraqlıdır ki, həmin dövrdə Boron adlı astronavt “Apollo”un biabırçı bir şou səhnəsi olduğunu bildirərək Konqresə 500 səhifəlik bir hesabat sənədi hazırlayır. Elə bu vaxt nə baş versə, yaxşıdır? Onun avtomobili qatarla toqquşur və o, ailəsi ilə birlikdə faciəvi şəkildə həlak olur. Bəs, hesabatı? Ondan bir daha xəbər çıxmır.
Gus Crissom adlı astronavta gəlincə, o, “Apollo”un məlumatlarını qismən kənara sızdırdığından tutulur və bir müddət sonra yenidən kosmik uçuşlara qoşulmasına icazə verilir. Qısa bir müddət sonra onunla birgə digər iki astronavt kosmik gəmidə səyahətə çıxmaq üzrə olarkən, nə təsadüfdürsə, kosmik gəminin içi qəfil alışır və qapıları aça bilmədiyindən içəridəki hər üç astronavt yanaraq ölür. Siz də, bu hekayədə nəsə anormal bir şey hiss etdinizmi?
Ümumiyyətlə, bu “Ay məcarası” ilə bağlı qaranlıq məqamlar və cavabsız suallar çoxdur. Bəlkə, ABŞ belə bir şou göstərərək “bir güllə ilə iki ya da daha çox quş vurmaq” istəyib?! Konspirasiya nəzəriyyəçilərinə görə ABŞ həmin dövrdə SSRİ ilə bir kosmik yarışa girmişdi, çünki SSRİ bir insanı (Yuri Qaqarin) kosmosa göndərərək ABŞ-ı üstələmişdi. Təbii ki, belə bir vəziyyətdə ABŞ gücsüz görünə bilməzdi. Ona görə də “NASA” buna qarşılıq olaraq “siz kosmosa gedirsinizsə, biz də Aya gedərik” yalanını uydurmaq məcburiyyətində qalmışdı.
Bundan başqa, ABŞ administrasiyası bu kosmos tədqiqatlara təxminən 30 milyard dollar xərcləmişdi. Uğursuzluğa düçar olsaydılar, xalq ödədiyi vergilərin hesabını soruşacaqdı. Lakin “Aya səyahət” kimi bahalı bir layihə hər şeyi ört-basdır edə bilərdi.
Digər bir nüansa nəzər salaq. Həmin günlərdə Vyetnam müharibəsinin qara buludları ABŞ hökumətinin üzərinə çökmüşdü. Gündəmin mövzusu dəyişməli idi. Ölkənin diqqəti üzərinə çəkdiyi belə bir acınacaqlı vəziyyətdə ABŞ astronavtları Aya səyahət edərdisə, insanların diqqəti ustalıqla dağıdılar, müharibədə məğlubiyyət biabırçılığı da unutdurula bilərdi. İnanmırsınızsa, tarix kitablarına nəzər salaraq bu iki hadisənin eyni vaxta təsadüf etdiyinin şahidi olun.
Gəlin, ayın ziyarət edilməsinə şübhə yaradan məqamlarla bağlı suallar və iddialarla tanış olaq:
1. Ayda çəkilməsi ehtimal olunan görüntülərdə dalğalanan ABŞ bayrağının arxasında dayanan lander (astronotları Ay səthinə daşıyan cihaz) çox güclü bir eniş mexanizminə malikdir. Maraqlıdır, görəsən, təxminən 1,5 ton ağırlığında təzyiq yarada bilmə gücünə malik olan kosmik gəmi Ay səthinə təmas edərkən nə üçün heç bir krater və ya ona bənzər hər hansı bir iz yaratmamışdır? Halbuki başqa bir fotoda astronotun ayaq izi belə aydın iz yaratmışdı. Necə olur ki, bu qədər böyük cihaz eniş və qalxış zamanı heç bir çuxur meydana gətirmir? Yumoristik ifadə ilə dilə gətirsək, sual olunur: 70 kilo olan Neil Armstronq yer səthində dərin izlər qoyarkən, tonlarla ağırlığında olan kosmik gəmi niyə heç bir iz qoymur?
2. Məlum olduğu kimi yer səthindən təxminən 250 ilə 750 mil yüksəklikdə olan bölgə “Van Allen qurşaqları” adlanır. Bu “kəmər” günəşdən gələn radioaktiv şüaların yerə çatmasının qarşısını alır. Təbii ki, aya getmək üçün astronavtlar bu kəmərdən keçməli idilər. Diqqətinizə çatdırım ki, mütəxəssis-alimlərin fikrincə, insanın buradan ölmədən keçməsi üçün 4 metr qalınlığında qurğuşun təbəqəsi ilə örtülməsi tələb olunur! Sizcə də astronavtların bu qurşaqlardan ölmədən keçməsi çox təəccüblü görünmürmü? “NASA”-nın bu suala verdiyi cavab belədir: “Apollo” kosmik gəmisinin “Van Allen” qurşağından keçmə müddəti 4 saat idi. Bu müddət ərzində kosmik gəminin alüminium gövdəsi astronavtları qoruyurdu. “Apollo” kosmik gəmisinin marşrutu da astronavtların radiasiyaya minimal məruz qalmasını təmin etmək üçün hesablanmışdır. Nəticədə, “Apollo” proqramında iştirak edən şəxsin qəbul etdiyi radiasiyanın orta miqdarı 1 “rem”dən (10 mSv) aşağı idi. Bu doza dəniz səviyyəsində yaşayan insanın üç il ərzində aldığı radiasiyaya bərabərdir”. Bu sahənin bəzi mütəxəssis-alimləri “NASA”nın yuxarıdakı açıqlamasını qənaətbəxş hesab etmir. Lakin maraqlıdır ki, “Apollo” uçuşları zamanı “Van Allen qurşaqları”nı kəşf edən fizik Ceyms Van Allen sağ idi. Əgər professor həqiqətən də ABŞ administrasiyasının təzyiqlərinə məruz qalmadan obyektiv şəkildə açıqlama veribdirsə, o, həmin dövrdə “Van Allen qurşaqları”nın astronavtları öldürəcəyi ilə bağlı iddiaları “cəfəngiyyat” adlandırmışdır. Hər halda düşündürücüdür?!
3. Ayda sancılmış Amerika bayrağı dalğalanır. Bu dalğalanma orijinal Aya eniş görüntülərində aydın şəkildə görünə bilər. Sizcə, bayrağın havası və təbii olaraq atmosferi olmayan yerdə dalğalanması nə dərəcədə məntiqlidir? Bununla bağlı “NASA”-nın açıqlaması belədir: “Astronavtlar aya bayraq sancarkən bayraqlar vibrasiya və yanından keçərkən statik elektrik keçirmə səbəbindən yerindən tərpənib”. Bu izah sizə inandırıcı görünürmü?
4. Hesablamalara görə, Ay səthində gündüz temperatur 260 ilə 280 Fahrenhayt arasında dəyişir. Yerdə istifadə edilənlərdən heç bir fərqi olmayan kameraların içərisində olan film lentaları Ayda bu qədər isti temperaturda necə olur ki, ərimir və ya pozulmur? Bundan əlavə, gündüz Ayın səthinin kölgəli hissəsində çox yüksək temperatur dəyişikliyi olduğundan genişlənmələr olur, yəni obyektlər uzanır və qırıla bilir. Maraqlıdır, bunun qarşısı ayda necə alına bilib? Belə bir istidə niyə astronavtların səhhətinə heç nə olmur?
5. Ayın görünməyən qaranlıq tərəfindəki hava temperaturunun mənfi 41 dərəcəyə qədər düşdüyü məlumdur. Mənfi 40 dərəcədən etibarən cisimlərin qırılma dərəcəsi artır. Bu temperaturda elektrik cihazları işləmir, avtomobil akkumulyatorlarını işə salmaq isə çox çətindir. İstilikdən soyuğa keçərkən baş verən ani istilik dəyişiklikləri cisimlərdə genişlənmə və qırılmalara səbəb olur. Belə bir vəziyyətdə, avadanlıqlar və astronavtlar necə olur ki, bu qədər rahat işləyə bilirlər?
6. İzləyib kadrlara baxın. Kosmik gəminin modulu Aya enir və istiyə baxmayaraq, onun düşdüyü yerdə heç bir yanıq izləri görünmür, halbuki sonralar göndərilən pilotsuz nəqliyyat vasitələrinin üzərində yanıq izlərinin olmasını görmüşük. “NASA” rəsmiləri bu ciddi iddiaya “Tozdan heç bir yanıq yox idi” – deyə cavab verir. Axı kosmik gəminin Aya endiyi enli ayaqlarda toz görünmür axı. NASA-nın açıqlamasını qənaətbəxş hesab edirsinizmi?
7. Aya göndərilən “Apollo” kosmik gəmisi saatda 6000 kilometr sürətlə hərəkət edən meteoritlərlə toqquşub parçalanmağa məruz qalmadan görəsən, necə Aya gedib salamat çata bilib?
8. Kadrlarda astronavtların ayın səthində dizi üstə bərk yıxıldığı bir neçə səhnəni görürük. Belə olan halda görəsən, onlar “qurd ürəyi yeyib” özlərini böyük riskə atırdılar? Onların təzyiqə davamlı geyimləri yırtılsaydı, nə olacaqdı?
9. Günəş kimi çox uzaq bir işıq mənbəyindən bu qədər güclü işığın gəlməsi daşların bu cür kölgə yaratmasına səbəb ola bilməz. Ola bilərdimi ki, studiyadakı işıqlar bunu etsin?
10. Necə ola bilir ki, 1/6-lıq bir cazibə qüvvəsi altında astronavtlar yerimə ilə tullanma arasında manevrləri asanlıqla edə bilirlər? Çəkilişlərdən birində astronavtın tullanmaq üçün dizlərini bükdüyü, amma nəticədə bir neçə addımdan çox irəliləyə bilmədiyi müşahidə olunur. Astronavtlar cazibə qüvvəsinin 6 dəfə az olduğu bir mühitdə niyə normal bir insanın yerdə tullana biləcəyi qədər məsafəyə tullana bilirlər?
11. Fotolarda astronavt kölgədə qalmasına baxmayaraq, necə olur ki, bu qədər aydın və parlaq görünür?
12. Ayda yeganə işıq mənbəyinin Günəş olması təkzibolunmaz fakt olsa da, astronavt şəkillərindəki kölgələr işıq mənbəyinin bir çox müxtəlif istiqamətlərdən gəldiyini göstərir. Peşəkar fotoqraflara səslənək: Bunun yalnız işıqlandırma ilə mümkün olduğunu söyləyə bilərikmi? “NASA” bu suala belə cavab verir: “Günəş Ay səthində yeganə işıq mənbəyi deyil. Günəş işığı Ayın səthindən əks olunaraq müxtəlif bucaqlardan gələn işıq mənbəyi yaradır. “Apollo”nun bütün enişləri zamanı səmada olan Yer də Ayın səthini işıqlandıran güclü işıq mənbəyidir. Yer Ayın səthini Yerdə görünən Ay işığından daha güclü işıqlandırır”. Bu sahənin mütəxəssis-alimləri sözügedən açıqlamaya qarşı çıxan çoxsaylı fikirlər səsləndirmişdir.
13. Kosmik gəmidən enən astronavt qaranlıq tərəfdən ensə də, astronavtın bütün geyimindəki ən kiçik detalların belə aydınlığı ilə görünməsi kənardan süni işıqlandırma ilə mümkün olmasın?
14. Yerdən 500 mil kənarda Günəşdəki partlayışlardan kosmosda çox güclü radiasiya yayılır. Rusiya bu radiasiyaya görə heç vaxt canlı bir insanı Aya endirə bilmədiklərini dəfələrlə bəyan etsə də, “Apollo”nun kağız qədər nazik alüminium örtülklə bunun qarşısını necə alması sizə də maraqlı gəlmirmi?
15. Ayda atmosfer yoxdursa, niyə görə bütün fotoşəkillərdə ulduzlar görünmür? Səma niyə qapqaradır? Bununla bağlı NASA-nın açıqlaması belədir: “Fotoqrafiya ilə maraqlananlar bilir ki, fotoqrafiyada sahə dərinliyinə, yəni aydınlığına fokuslanan hissə vardır. Bu fotoşəkillərdəki aydınlıq ön planda olan cisimlərə uyğun tənzimlənib, bu səbəbdən də ulduzlar görünmür”. Bu izah bircə dənə də olsun ulduzun görünmədiyi fotolarla bağlı verilən suala sizcə, aydınlıq gətirirmi?
16. NASA-nın açıqlamasına görə, Neil Armstronq və Buzz Aldrin Aya ayaq basdılar. Bəs, fotoların birində görünən üçüncü şəxs kimdir? Bəlkə sualı belə qoyaq: şəkil çəkilən həmin yerlər haradır?
Əslində məni bir sual da maraqlandırır: Nə üçün yaponlar bu gün qabaqcıl texnologiyaya sahib olduqları halda Aya gedə bilmirlər?
Sonda sizlərə məşhur türk youtuberi Barış Özcanın hazırladığı və beş il əvvəl öz “youtube” kanalına əlavə etdiyi “Aya həqiqətən gedildimi?” (“Aya gerçekden gidildi mi?”) videosunu (bu videoda Barış Özcan Aya həqiqətən də ayaq basıldığını müdafiə etməyə çalışır) izlədikdən sonra ardınca Bill Kaysingin “We Never Went to the Moon: America's Thirty Billion Dollar Swindle” (“Biz heç vaxt Aya getmədik: Amerikanın otuz milyard dollarlıq fırıldağı”) adlı kitabını oxumağınızı israrla tövsiyə edirəm.