“Meqastar” ləqəbli müğənni Tarkanın 16 ildir vəkili olan Süheyl Atay və jurnalist Ali Eyüboğlunun birlikdə yazdığı “Bir Meqastar: Tarkan” adlı kitabda ifaçının bir çox tənqidi fikirlərinə yer verilib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tarkan Türkiyədə konsertinə getmək istədiyi müğənni olmadığını söyləyib:
“Mahnılarını sevgiylə, həvəslə dinləyəcəyim heç kim yoxdur. Olmasını istəyərdim, amma konsert performansları çox zəifdir. Albomlarında göstərdiklərini konsertlərdə edə bilmirlər”.
Müğənni şəxsi həyatı ilə bağlı da danışıb və dünyaya faydalı olacaq övladlar yetişdirmək istədiyini deyib:
“Yaxşı ata olacağımı hiss edirəm. 3-4 uşaq ola bilər. Lazım olan sevgini aşılaya bilərəmsə və nə qədər mümkünsə, o qədər çox uşaq ola bilər”.
Qeyd edək ki, Tarkan ötən ilin mayında 5 il sevgili olduğu fanatı Pınar Diləklə ailə qurub.