Gürcüstanın “K Production” kino şirkəti tərəfindən Azərbaycan kinematoqrafçılarının istehsalı olan “Robinzon və 9 Cümə” bədii filminin təqdimatı keçirilib. Lent.az-ın məlumatına görə, Nizami Kino Mərkəzində baş tutan tədbirdən əvvəl yaradıcı heyət media nümayəndələri ilə görüşüb. Təqdimatda filmdə rol alan əməkdar artistlər Bəhram Bağırzadə, Manana Çaparidze və başqaları iştirak ediblər. Mətbuat konfransında filmin quruluşçu rejissoru Georgi Kikaleişvili hər kəsi salamlayıb, Bakını çox bəyəndiklərini bildiriblər. B.Bağırzadə filmi əvvəlcədən izləmədiyini bildirib: "Bütün Azərbaycan tamaşaçısını təbrik edirəm. Azərbaycan və Gürcüstan kinematoqrafçıları birləşib belə ağır gündə gözəl film ərsəyə gətirib. Ekran işində bizim Rusiyadakı səfirimiz Polad Bülbüloğlu da yer alıb. Sevinirəm ki, mən də burada çəkilmişəm. Filmə əvvəlcədən baxmamışam. Ssenarini də oxumamışdım. Ancaq öz obrazım olan hissələri oxuyub, çəkilmişəm. Gürcülərlə çalışmaq rahat idi. bütün qafqazlılarla çalışmaq rahatdır. Təkcə 25 ildir Qafqazda məskunlaşanlardan başqa".
Manana isə filmdə böyük sənətkarlarla kamera qarşısına keçməsindən danışıb: "Bu gün xoşbəxtəm. Fəxr edirəm ki, Azərbaycanla Gürcüstan bir yerdə iş gördü. Hər iki ölkənin sənətkarları gözəl iş bacardı. Polad Bülbüloğlu, Vaxtanq Kikabidze kimi sənətkarlar bu ekran işində rol alıb. Öz aktrisalığımdan çox danışmayacam. Amma onu deyim ki, rejissor hər şeyi bir dəfədən çəkirdi". B.Bağırzadə ekran işində rol alan Vaxtanq Kikabidzenin təqdimata qatılmamasının səbəbini açıqlayıb: "Yaşlı insandır, səhhətində problem var. Təyyarədə uçmaq çətin idi. Ona görə də, gələ bilmədi".
Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və xanımı da iştirak edib. Qeyd edək ki, indiyədək Tbilisi və Minsk şəhərlərində təqdimatları keçirilən filmin quruluşçu rejissoru Georgi Kikaleişvilidir.