“Əqrəb mövsümü” serialının aktrisası Zülfiyyə Qurbanova
31 yanvar 2023 18:30 (UTC +04:00)

“Əqrəb mövsümü” serialının aktrisası Zülfiyyə Qurbanova

“Əxlaqsızlıq ayrı şeydir, ərə xəyanət ayrı” – “Əqrəb mövsümü”nün aktrisası ilə MÜSAHİBƏ

Lent.az aktrisa Zülfiyyə Qurbanova ilə müsahibəni təqdim edir.

-    Zülfiyyə xanım, ilk olaraq Xalq artisti, mərhum aktrisa Amaliya Pənahovanın rəhbərlik etdiyi Bakı Bələdiyyə Teatrında çalışmısınız. O illərdən söhbət açardınız.
-    Bakı Bələdiyyə Teatrında fəaliyyətimə universitetdə mənə altı il dərs deyən müəllimim Ağakişi Kazımovun istəyi ilə 2007-ci ildə başlamışam. Universiteti bitirmişdim, magistr təhsili alırdım. Amaliya xanıma müraciət etdim və məni teatra qəbul etdi. Amaliya xanımı tamaşaçılar aktrisa kimi tanıyır, ancaq o, bizə rəhbərdən əlavə, analıq edirdi. Onunla yola çıxmaq mənim üçün möhtəşəm bir hiss idi. Xəstələnəndə qayğımıza o qədər qalırdı ki, tez sağalıb işimizin başına qayırdırdıq. Çox qayğıkeş insan idi. Bir də o qədər zəhmətkeş, zəhmli idi. Ondan yaxşı mənada çəkinirdik. Yeri nurla dolsun. 

-    Sənətə yeni gəldiyiniz illərdə çətinliyiniz çoxmu olub?
-    Yadımdadır, tələbə vaxtı yoldaşlarımızla universitet və kolleclərdə tamaşalar göstərirdik. Bizə konvertin arasında pul da verirdilər. Elə sevinirdik ki, tələbə kimi aldığımız ilk pullar idi. O vaxt yaşım və təcrübəm az idi deyə, həssaslığım, emosionallığım çox idi. Çətinlik olub, indi də var. İndi guya yolumuzun üstünə daş qoyan yoxdur? Var, təbii ki. Hazırda daha çoxdur. Hər şeyi pillə-pillə, dişimlə-dırnağımla əldə etmişəm. İncəsənətdə öz alnıaçıqlığınla nəsə əldə edəndə paxılların sayı da çoxalmağa başlayır. Məsələn, əvvəllər daha açıq şəkildə paxıllıq etməyə çalışırdılar, indi isə altdan-altdan (gülür). Yaş keçdikcə qəribə bir soyuqqanlılıq yaranır. Bəlkə də ona görə onlara əhəmiyyət vermirəm. 

-    Tələbəlik illərində sizin üçün ən yaddaqalan məqamı xatırlayırsınız?
-    (Gülür). Müəllimlərimlə çox xatirələrim var. Müəllimim Ağakişi Kazımovla bağlı ən yaddaqalan xatirəmi danışım. Saat 12-də başlayacaq dərsinə 1-2 dəqiqə gecikən tələbəni içəri buraxmırdı. Deyirdi “çıx çölə”. Hünərimiz nə idi gecikək? Kiçik kitabçası var idi, orada adlarımız yazılmışdı. Adımızın qarşısına çıx işarəsi qoyurdu. Onun dərsinin dörd limiti var idi. Limiti keçsəydik, kursdan-kursa keçə bilməzdik. Yəni o qədər intizamlı bir müəllim idi. Bilirdi ki, sənətə vaxt baxımından xəyanət etmək olmaz. Ağakişi müəllimimiz deyirdi ki, aktyorun pisi, yaxşısı yoxdur. Əgər aktyor pisdirsə, deməli o, yoxdur.

-    Bəs sizi aktrisa kimi kim kəşf etdi? 
-    Universitetdə ikinci kursda oxuyanda məni İran azərbaycanlıları kəşf etdi. Film üçün obraz seçməyə gəlmişdilər. Dəhlizdən keçirdilər. Mən də pəncərənin önündə idim. Həmişə tənəffüslərdə orada olurdum. Danışa-danışa mənə baxırdılar. Zəng çalındı və sinfimizə getdim. Səhnə danışığı fənnini tədris edən müəllimimiz Ənvər Vəliyevin dərsi idi. Beş dəqiqə sonra həmin adamlar sinfə daxil oldular, özlərini təqdim etdilər və məni göstərib dedilər ki, o qızı istəyirik. Getdik, fotosessiya oldu. Məni təsdiqlədilər. İranla Azərbaycanın əməkdaşlığı ilə, rejissorlar Rəhbər Qənbəri ilə Həsən Nəcəfinin “Arzular” filminə çəkildim. Film Birinci Qarabağ Müharibəsindən bəhs edirdi. Orada baş rolda məcburi köçkün obrazını canlandırırdım. 

-    Ailəniz bu sənətə gəlməyinizə qadağa qoyublarmı?
-    Allah ölənlərinizə rəhmət etsin, anam Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Sənətinin arxasınca getməsə də, 40 ilə yaxın Sumqayıt şəhər Mədəniyyət Evinin rəhbəri olub. Ona görə mənə ailəm təzyiq etməyib, əksinə həmişə dəstək görmüşəm. Mən mübarizəmi evdə yox, cəmiyyətdə aparmışam. Bütün rollarımı anamla məsləhətləşmişəm. Universitetə daxil olmaq üçün qabiliyyət imtahanına məni anam hazırlaşdırıb və uğurla da keçmişəm. 

-    Ailəlisiniz?
-    Xeyr, subayam. Heç vaxt ailə qurmamışam. Dünyanı 17-18 yaşında dərk etməyə nə var ki? Yaş keçdikcə seçici olursan. Məsələn, insanları sosial şəbəkələrdə izləyirəm. İnsan nə paylaşırsa, odur. Heç olmasa 80 faizidir. 

-    Tənhalıq bir qadın üçün çətin deyilmi?
-    Xeyr, deməzdim. İnsan olub ki, məndən ötrü özünü məcazi mənada öldürüb. Ancaq ürəyimə yatmır. Bacım dedi ki, hər şeyə mız qoyursan və s. Görürəm ki, ürəyimə daman bir şey gerçəkləşdi və adamın əsl üzü ortaya çıxdı. Ürək insanı aldatmır. Ona görə də bəzi tənhalıqlar bir çox cütlüklərdən yaxşıdır. İnsanlar nəyəsə görə bir-birilərinə dözürlər. Hamı xəyanət edir, baş aldadırlar. Bilirsiniz, biz aktrisanı səhnədə, ekranda görüb valeh oluruq. Sevirik, amma onu aktrisa kimi evimizdə görmək istəmirik. İndi bütün qərarlarımı özüm verirəmsə, təbii ki, ailə quranda həyat yoldaşımla məsləhətləşəcəm. Həyatımı paylaşdığım insanla ssenarini də, qərarlarımı da mütləq bölüşəcəm. İnsanlar həyatda bir-birinin düşüncə azadlığını, ümumiyyətlə, azadlığını əllərindən almamalıdırlar. 

-    Kifayət qədər cəsarətli rollar ifa etmisiniz. Bu rollara görə çox tənqidlərə məruz qalmısınız? Ümumi olaraq, tənqidlərə açıq birisiniz? 
-    Açığı, tənqid edən o qədər də çox deyil. Şəxsi aqressiyasını, intriqasını hiss etdiyim insanları demirəm. Bilirsən ki, bu, peşəkarcasına yanaşmır, tənqid xətrinə tənqid edir. “Zəhər tuluğu”na çəkildikdən bir neçə ay sonra filmə baxdım. Gözlədim ki, söz-söhbətlər yatsın, ondan sonra baxım. İnsanıq da eqomuz var, şişə bilər. Şərhlərə baxdım, görüm, nə yazıblar. Hamı şərhdə işin peşəkarlığından danışırdı. İnsan gərək həyatda baş ucalığı ilə yaşasın ki, istədiyi rolu qəbul edə bilsin. Əgər həyatda normal, özümdən arxayın biriyəmsə, niyə düşünməliyəm ki, insanlar fahişə rolunu üstümə yapışdıracaqlar? Yapışdıranlar da rolun təsirinə düşüb onu edirlər. Onu da vurğulayım ki, cəsarətli rollarımı da anamla məsləhətləşib ifa edirəm. O, qızını tanıdığı üçün buna qarşı çıxmadı. 
Hansı insanlarda oynadığımız rol aqressiya doğura bilər? Natamamlıq kompleksi yaşayan, instinktiv yaddaşını işə salan və nə vaxtsa başına belə bir hadisə gələn insanlarda oynadığımız rollar aqressiya doğurur. Xəyanət görməmiş kişiyə xəyanət edən qadının rolu niyə acı təsir etsin? Həmişə deyirəm ki, aktrisa hər hansı rolu oynayanda onu paltar kimi geyinir, işi bitəndən sonra isə rolun paltarını soyunub, çəkiliş meydançasında qoyub gedir. Siz isə həyatda oynayırsınız. Belə rollar onların yaddaşını təzələyir deyə, tənqid edirlər. Hər kəsdə bir tikə var ondan. Bir özünüzə baxın. 

-    Fahişə və ya ərinə xəyanət edən bir qadının rolunu oynamaq, obrazı canlandırmaq necə bir hissdir?
-    “Əqrəb mövsümü” serialından söhbət gedirsə, ərinə xəyanət edən bir qadının rolunu ilk dəfə idi oynayırdım. Hər hansı əxlaqsız qadının rolunu oynayırsansa, bu, adı üstündə “əxlaqsız qadın”dır. Ancaq əri ilə münasibətdən bezmiş, ərinin ailəsi tərəfindən təzyiqlərə məruz qalmış, içki aludəçisi olan əri tərəfindən döyülən, bezən və ərinə xəyanət edən bir qadının obrazı tamamilə fərqli auradır. Düzdür, bütün bu yaşadıqları onun xəyanət etməsinə haqq qazandırmır. Ancaq əxlaqsız qadınla ərinə xəyanət edən bir qadının arasında yerlə göy qədər fərq var. Birinin həyat tərzidir, o birinin isə məcburiyyətdən doğan bir hərəkətdir. Məgər bütün qatillərin hamısı eyni səbəbdən qatil olur? Ümumiyyətlə, bütün rollarıma haqq qazandırıram. 

- Azərbaycan Kinematoqrafçılar İttifaqında bir üzv kimi ARKİ-də baş verənlər haqda nə deyə bilərsiniz? 
- Mən Xalq artisti Rasim Balayevin rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqından razıyam. O biri ittifaqı deyə bilmərəm, ancaq bizə burada qayğı ilə yanaşırlar. Nə yalan deyim, incəsənət aləmində baş verən qalmaqallara, proseslərə çox qarışmıram. Öz yerimdən rahatam, hər kəs öz yerini düşünsün. 
 

# 49506
avatar

Nigar Namiq

Oxşar yazılar