Canlı əfsanə - Çak Berri – ARAŞDIRMA –
20 fevral 2011 12:30 (UTC +04:00)

Canlı əfsanə - Çak Berri – ARAŞDIRMA –

Üçüncü söhbət

Bəli, rokun tarixinə az-çox bələd olanlar bilir. Bu elə həmin Çak Berridir. “Biitlz” qrupunun hələ məktəb illərində valeh olduğu, mahnılarını oxuya-oxuya musiqi öyrəndiyi və bu gün də konsertləri anşlaqla keçən Çak Berri...

Rok-n-rollun pioneri artıq neçə onillikdir ki, öz gitarasıyla bütün dünyanı gəzib-dolaşır. O hər yerdə, hətta Moskvada da olub. Və harada çıxış edibsə, azadlıqsevər rok-n-rolun müqəddəs missiyasını uca səslə bəyan etməkdən çəkinməyib...

İndi bəzi oxucularımız yəqin beynində Çak Berrinin yaşını hesablamağa çalışır: Əgər Lennon onun mahnılarını... hələ məktəb yaşlarında əzbərləyirmişsə,.. onda gör Çak Berrinin indi neçə yaşı olar?..

Bilirsiniz, yaş məsələsi nisbi bir şeydir. Ağıllı adamlar deyir: qadının yaşı kişilər ona neçə yaş verirsə - o qədərdir; kişininki isə - özünü neçə yaşında hiss edirsə, o qədər. Odur ki, Çak Berrinin səhnədə süzməsinə baxanda indi ona 50 yaş ancaq verərsən. Amma, zarafat bir kənara, maestro göz qaytarmaq üçün öz yaşını hər dəfə azaltsa da, ortada sənədlər var. Mən sizə məsuliyyətlə deyirəm ki, Çak Berri 1926-cı ildəndir! İndi istəyirsiniz maestronun yaşını özünüz hesablayın, onsuz da burdan ora kimsənin gözü dəyməz...

Çak Berri 1926-cı il, 18 oktyabrda Missuri ştatının Sent-Luis şəhərində dünyaya göz açıb - özü də səhər saat yeddi tamamda! O səhnədən kənarda qoca görünə bilər. Amma elə ki, yupiterlərin işığı altına çıxdı, yaşını duymazsan. Özü deyir ki, rok-n-roll cavanların musiqisidir deyə, adını roker qoyanlar da ya cavan ölür, ya da ki, həmişə cavan qalır...


“Molotov kokteyli”

Bizim xalqın güzəranı elə olub ki, kimsə özünün əcdadlarını düz-əməlli tanımır – bizlərin əksəriyyəti uzaq başı babasının babasını tanıyar. Çak Berri isə öz nəsil şəcərəsini düz quldarlıq ləğv olan vaxtdan – ABŞ-ın ilk prezidenti Avraam Linkolnun dövründən dəqiq izləyir. Onun soy-kökündə afro-amerikalılarla yanaşı, iki-üç dəfə ağdərililər – alman, İsveç mühacirləri, bir-iki dəfə də hindular belə olub. Və bizim oçerkin qəhrəmanı elə bu zəngin genofonduna görə bənzərsiz xarici görünüşə malikdir – bir az hindliyə, bir az zənciyə, bir az yapona bənzəyir... Özü deyir ki, mən “Molotov kokteyli”yəm. Sözünü də belə əsaslandırır: Molotov cürbəcür maddələri qarışdırmasaydı, partlayıcı düzəlməzdi. Elə mənim qanım da qarışmasaydı, yüz minlik auditoriyanı partlada bilməzdim...

Konsert afişalarından, həyatından bəhs edən kitablardan hamı onu Çak Berri kimi tanıyır. Amma Çak onun təxəllüsüdür. İkinci Dünya müharibəsindən sonra Amerika gəncləri özlərinə qısa adlar qoymağa yaman həvəsliydilər. Odur ki, Çarlz Edvard Anderson Berri də zamanla ayaqlaşıb Çak Berri olur.

Atası Henri Uilyam Berri dülgər idi və hələ Birinci Dünya savaşında Birləşmiş Ştatlar ordusunun tərkibində döyüşmüşdü. Anası - Marta Benks Berri isə müəllimlər kollecini bitirsə də, məktəbdə bircə gün belə işləmək nəsibi olmamışdı: əri belə hesab edirdi ki, o, pedaqoji bilgilərini öz uşaqlarının üzərində tətbiq etsə, daha faydalı olar. Uşaq sarıdandan da ki, tanrının kərəmindən, bütün kasıblar kimi bol idilər - düz yeddi uşaqları vardı. Çarli uşaqların ən ortancılı - dördüncüsüydü.

Gözünü açandan qulağı musiqi eşitmişdi. Atası da, anası da 1919-cu ildə izdivaca girdikləri yerli baptist kilsəsindəki xorda oxuyurdular. Xorun məşqləri isə elə onların evində olurdu. Çünki Martanın həm yaxşı pianosu vardı, həm də bu pianoda yaxşı ifa edirdi. Ailəvi məşqlərin mənzərəsini tamamlamaq üçün onu da qeyd edim ki, Çakın atası çox güclü bəm səsə malik, mömin bir adamdı. Odur ki, balaca Çarlinin dili dolaşa-dolaşa söylədiyi ilk sözlər də elə dini nəğmələrdən idi...

Sabit orbitli peyk

Çak Berri peyk kimidir - onu orbitə çıxaran enerjinin hesabına bu gün də göylərdədir və bu fenomenin mahiyyətini qavramaq üçün həyatının ilk dövrü üzərində bir qədər müfəssəl durmalıyıq - hara tələsirik ki?..

Balaca Çarli hərdən bir şeylə bərk maraqlanırdı. Təxminən 10 yaşı olanda fotoqrafiyaya çılğın həvəs göstərmişdi, gecəsini gündüzə qatıb evlərinin zirzəmisində özü üçün laboratoriya da düzəltmişdi. Bununla yanaşı, kilsə xorunda da məmnuniyyətlə oxuyurdu. Royalda, saksofonda çalmağı da elə foto kimi, özbaşına öyrənmişdi, sinif müəlliməsi isə altısimli gitarada ilk akkordlar tutmasına kömək göstərmişdı.

1941-ci ilin dekabrında, yəni Çarlinin 15 yaşı olanda Amerika müharibəyə qoşulur. Xalq həmin dövrədək görmədiyi çətinliklərlə qarşılaşır, kerosini, sabunu talonla verməyə başlayırlar, amma əvəzində orduya gedənlərin sayəsində çoxlu iş yerləri boşalır, dövlət qulluğunda maaşlar artır.

Həmin illərdə artıq orta məktəbin yuxarı siniflərində oxuyan Çarli özünün ən başlıca arzusunu həyata keçirir - böyük bacısının adına kreditlə maşın götürür - 34-cü ilin “Ford Sedan”ını. Bu adi maşın deyildi - ona “təkərli ev” desək, daha düzgün olardı. Kefi kök idi, indi bütün dostlarını, ən başlıcası isə rəfiqələrini öz maşınına mindirib ürəyi istəyən qədər gəzdirə bilərdi...

Düzdür, hərbi çağırışa Amerikanın hər yerindən saysız-hesabsız gənc qoşulmuşdu. Amma Sent-Luisdə alman və italyan faşistlərlə bir yerdə, həm də yapon militaristlərini saymayan, onları tanımaq belə istəməyən nə qədər desən cavan vardı. Bu cavanlar çağırışdan min-bir fırıldaqla boyun qaçırır, caz-orkestrlərin musiqisi altında rəqs etməyə, enlibalaq şalvarlar (indi gülməli görünür, amma “fil ayağı” deyilən şalvar formasında balağın eni bir metrə çatırdı!) geyib lovğa-lovğa gəzməyə üstünlük verirdilər...

İlk həyat dramı

Çarlz Berrinin həyatındakı ilk dramatik məqam da elə həmin illərlə bağlıdır. Günlərin birində onun sevib-seçdiyi, uzun müddət qulluğunda durduğu, xoşuna gəlməkdən ötrü dəridən-qabıqdan çıxdığı bir qız münasibətlərinin ən intim anında etiraf edir ki, yalnız qızlarla sevişə bilir. Bu zərbədən özünə gəlmək üçün Çarliyə xeyli zaman gərək olur... Sonra həkimlik oxuyan başqa bir tələbə qızla münasibət qurur. Hər şey yaxşı gedirdi: artıq qızı evlərinə gətirmiş, anası, bacılarıyla tanış etmişdi... Kimin ideyası olduğu bilinmir, amma evdəkilər onu artıq nə vaxtdan bəri razı salmağa çalışırdılar ki, nə qədər gec deyil, sünnət elətdirsin. Sizə qəribə gəlməsin, amma bir zamanlar Qərbdə sünnət kişi gigiyenasına riayət üçün yeganə yol sayılırdı. Nə başınızı ağrıdım, uzun çək-çevirdən sonra Çarli sünnət olunmağa razılıq verir. Lazımi sənədləri imzalayıb təyin olunmuş vaxt cərrahın kabinetinə gələndə bir də görür ki, sevgilisi bir başqa tibb bacısıyla bir yerdə əməliyyat otağındadır. Həkim içəri girərək ona şalvarını çıxarıb masa üstünə uzanmasını tapşıranda dəhşət içində anlayır ki, qızların heç yana getmək fikirləri yoxdur - onlar praktika keçmək üçün burdadırlar...
Çarə yox idi. Çarli o ağrılı prosedura bir təhər dözür, amma sevgilisinin hərəkətini əsl satqınlıq kimi qiymətləndirir, son dərəcə utanır. Və cərrah bıçağı “sünnətiylə” bir yerdə elə bil sevgisini də kəsib tullayır...

Macəra axtarışları

Bayaq dediyim kimi, Henri Uilyam Berri - bu böyük ailənin atası çox ciddi adam idi. Uşaqlarını sevirdi, amma heç bir səhvlərini bağışlamazdı. Çarli ülgüc itiləmək üçün olan kobud gön kəmərlə dəfələrlə “yumşaq” yerindən o qədər döyülmüşdü ki, böyüyəndən sonra da ağrısını unuda bilmirdi. Amma onu döyməyin xeyri yox idi. Yelbeyinliyinə və ipə-sapa yatmazlığının ucbatından daim xoşagəlməz işlərə düşür, başına bəla açırdı...

1944-cü ildə iki avara dostu onu xoşbəxtlik dalınca Kaliforniyaya getməyə həvəsləndirir. Evlərindən 44 kilometr aralıda yerləşən Kanzas-siti şəhərinə çatıb orda ilişib qalırlar: maşının təkərləri partlayır, benzin qurtarır, pulları tükənir. Dostlardan biri çörək dükanının qabağında maşından enir və iki dəqiqə sonra əlində xeyli pul geri dönür. Sən demə, o, çörəkçini bıçaqla hədələyərək soyğunçuluq etmiş, kassanı yarmışdı...

Bu məşğuliyyət yelbeyin uşaqlara ilk baxışdan asan, kefli və qazanclı görünür: iki gündən sonra, zibillikdən tapdıqları qırıq tapançayla bir dəlləyi qorxudur, əlində nə varsa, hamısını alırlar. Bir neçə gün gəzib dolanandan sonra maşınları tamam xarab olur və oğlanlar yol kənarında gecələməyə məcbur qalırlar. Səhər isə yoldan ötən bir maşına əl eləyib saxlayırlar. Sürücüsünü yerindən zorla dartıb çıxarır, küçəyə atırlar və həmin maşınla öz “Ford”larını düz doğma şəhərləri Sent-Luisədək dartmaq fikrinə düşürlər. Zorakılığa məruz qalan sürücü təbii ki, polisə xəbər verir. Bu sarsaqların isə heç əsas yoldan çıxmaq da ağlına gəlməmişdi. Uzun sözün qısası, hadisə yerindən cəmi 40 kilometr aralana bilirlər, sonra isə təbii ki tutulurlar...

Çak Berrinin atası bir vəkil tutur. O vəkil isə oğlanlara məsləhət görür ki, məhkəmədə hər şeyi səmimi etiraf etsinlər. Hakim onların etiraflarına qulaq asıb narazı-narazı başını bulayır və oğlanların hərəsinə on il cəza verir...

Koloniya

On səkkiz yaşı təzə tamam olmuş Çarlz cəzasını Alkoadakı koloniyada çəkirdi. Nümunəvi davranışına və vicdanla, sidq-ürəkdən işlədiyinə görə onu vaxtından qabaq, üç ildən sonra azadlığa buraxırlar. Həbsxana qapısından özünün ad günündə - 1947-ci ilin 18 oktyabrında çıxır. Kefi pis deyildi. Koloniyadakı hər iş gününə 5 sent düşürdü, odur ki, 69 dollar pul da yığmışdı...

Barmaqlıqlar arasında keçirdiyi illər onun üçün faydasız ötüşməmişdi: Çarli özünün musiqi savadını da artırmağa fürsət tapmışdı. Koloniyadakı özfəaliyyət ansamblının işində cani-dildən iştirak edirdi deyə, həm instrumental ifaçılıq bacarığı, həm də vokal imkanları xeyli genişlənmişdi...

Sonralar Çak Berri deyirdi ki, koloniya onun üçün həm əsgərliyi əvəz elədi, həm də əsl həyat məktəbinə çevrildi.

O heç əvvəllər də içki içmir, nə siqaret, nə narkotikdən istifadə etmirdi. Sağlam, enerjili bir cavan idi. Koloniyadakı üçillik “istirahət” isə onun içində elə bir enerji toplamışdı ki, buxar qazanı kimi, hər an partlayışa hazır idi.

Bostan təkəsi

21 yaşlı ucaboy (boyu 1.90 sm-dir), qayışbaldır, əzələli bir oğlanı qızlar maraqlandırmaya bilər? İki bacısı bərbər-kosmetoloq kurslarına yazılmışdılar. Çak da bəraye-ehtiyat onlara qoşulur. Deyəsən ürəyindən keçirdi ki, qızlardan ibarət kollektivdə özünü bostana girmiş təkə kimi hiss eləsin. Kursdakı məşğələlər axşam saatlarında olurdu. Gündüzlər isə o atasıyla bir yerdə avtomobil zavodunda işləyirdi. Hərdən atası ona belə deyirdi: “Qazandığın pullardan yalnız bank kitabçasına qoyduqların sənindir!” Oğul da dünyagörmüş atasının qiymətli nəsihətinə riayət etməyə çalışırdı...

Bu minvalla, artıq 1948-ci ilin yaz aylarında 400 dollar pulu vardı: hər gecə yuxusuna girən maşını ala bilərdi - 1941-ci il istehsalı olan “Büik Roadmaster” - qara rəngli, günün altında par-par yanan gözəl maşın...

“O maşın mənim canım idi” - deyə, Çak Berri xatırlayır: “Təkcə yatanda ayrılırdıq...”
Gözəl avtomobilin sükanı arxasında inamla oturanda qızların üzünə gülümsünməyə nə var ki... Özü də cavabında səxavətli təbəssümə layiq görüləcəyini biləndə, adam dişlərini lap məmnuniyyətlə ağardır. Maşını alandan sonra Çak özündə ciddi bir dəyişiklik hiss etmirdi, amma dörd bir tərəfindəki qızlar ona artıq potensial adaxlı gözüylə baxırdılar...

İzdivac

Tezliklə o, gözəl Temetta ilə tanış oldu və 1948-ci ilin axırlarında toy elədilər. Qeyd etmək lazımdır ki, Çak koloniyadan azadlığa şərti olaraq buraxılmışdı. Məhz elə buna görə də evlənmək üçün icazəni ata-anasıyla yanaşı, həm də polis rəisindən istəməli oldu...

1950-ci ilin oktyabrında onların bir qızı dünyaya gəldi. Körpə Çarlz Berrini də ailə başçısına çevirdi. Gənc ata həmin gündən etibarən gecəsini gündüzünə qataraq ailəsini dolandırmaq üçün üç yerdə işləyir, əlinə düşən qəpik-quruşdan yamangünlük saxlamağa çalışırdı.

Gördüyü əlavə işlərdən biri də yerli radiostansiyada süpürgəçilik idi. Çox istiqanlı, insanlarla tez bir zamanda ünsiyyət qura bilən təmizləyici verilişlərin birində çıxış edən yerli gitaraçıyla tanış olur, köhnə elektrogitarasını ona 30 dollara satmağa musiqiçini razı salır...

Yəqin xəbərdar oxucularımız deyəcək: əgər bu əhvalatın 1950-ci ildə baş verdiyini nəzərə alsaq, elektrogitara necə köhnə ola bilər, axı onu elə təxminən həmin illərdə kəşf etmişdilər...

Məsələ burasındadır ki, akustik gitara üzərində ilk pyezoelementi (səsalıcını) gənc gitara həvəskarı, tanınmış musiqiçi Les Pol (Les Paul) hələ 1927-ci ildə quraşdırıb. Məlumat üçün deyim ki, indi dünyada musiqi alətləri içində ünlü “Gibson” firmasının ən sevilən modelini də elə onun şərəfinə adlandırıblar. Yeri gəlmişkən, tanınmış reggi ifaçısı, yamaykalı Bob Marli öləndən sonra sərdabəsinə bir futbol topu, bir İncil, bir bağlama marixuanayla yanaşı, sevimli “Les Paul” gitarasını da qoymağı yaxınlarına vəsiyyət edib.

Bunu elə-belə, sırf məlumat üçün dedim...

O ki, qaldı Les Pola, o artıq 1936-cı ildən öz elektrogitarasıyla konsertlər verirdi. 40-cı illərdən başlayaraq isə elektrogitaralar sənaye üsuluyla istehsala çıxarılır...

Yadıma 1969-cu ildə özüm üçün ilk elektogitara düzəltməyim düşdü...

7 manat gitaranın ən ucuzuydu, 4 manat 50 qəpik də pyezoelement eləyirdi. Amma gərək səsgücləndirici də tapaydın. Mən onu köhnə radiodan düzəltmişdim. Bizim indiki toyxana şouçuları kimi: elə bilirdim, səs bərk çıxanda musiqi gözəl olur... Çal ki, çalasan! Düz evdən qovulana kimi...

İkinci sevgili – gitara

Beləliklə, Çak Berri 1950-ci ilin yayında əlinə gözəl yatan “təzə” gitarasından ilhamlanıb məşqlərə başlayır, gitara akkordları dərsliyini başdan-ayağa öyrənir, sonra da musiqinin nəzəri əsaslarına - harmoniya məsələlərinə girişir, qammalar öyrənir...

Üstündən heç iki il ötməmiş isə bir musiqiçi kimi müxtəsər formalaşaraq, blüz triosunda çıxışlarına başlayır.

Çak Berrinin həyatında növbəti taleyüklü an 1952-ci ilin sonlarına təsadüf edir. Dekabrın 30-da yerli pianoçu Conni Conson ona zəng çalaraq yeni il gecəsi “Kosmopolitan” klubunda onunla bir yerdə çıxış təklif edir. Çak o vaxtlar artıq yalnız çalıb oxumur, həm də maraqlı, şən söhbətləriylə tamaşaçıların başını qata bilirdi. Elə ilk çıxışdan sonra klubun sahibi onu daimi işə dəvət edir. Amma Çak Berrinin çıxışlarına tamaşaçıların necə böyük maraq göstərdiyi haqda söz-söhbət hər yana yayılan kimi, ona ünvanlanan cürbəcür cəlbedici təkliflərin ardı-arası kəsilmir.

Azadlıqsevər rokun ilk şairi

Bəs görəsən buna Çakın ağır təbiətli dülgər atası nə deyirdi?

Nə deyəcəkdi ki? Onsuz da oğlu əsas vaxtını atasıyla bir yerdə işləyirdi. Gündüz - rəndə, iskənə, axşam - gitara, mikrofon... Oğluna bir söz demirdi, çünki özünün də bir hobbisi vardı: şer oxumağı sevir, hətta hərdən babat şerlər də yazırdı. Atasının bu istedadından bir az Çaka da pay düşmüşdü, ilhama gələndə günlə səsləşən qafiyəli şerlər uydurur, acı bağırsaq kimi uzanan blüzlərin ortasında öz sözlərini də oxuyurdu və bu tamaşaçılara xüsusi ləzzət verirdi...

Bir dəfə necə olursa, Çak Berri dostlarıyla bazar günü Çikaqoya yollanır. Axşam isə musiqi dinləmək üçün şəhərin klublarını gəzmək qərarına gəlirlər. “Palladium” adlanan klubda həmin axşam Çakın çox sevdiyi blüz ustası Maddi Uoters çıxış edirdi. Konsertdən sonra cavan oğlan öz kumirindən avtoqraf almaq üçün birtəhər səhnə arxasına keçir və tanınmış müğənni öz şəkli üzərində avtoqrafını qoyarkən Çak ona gözlənilməz bir sualla müraciət edir. Soruşur ki, val buraxdırmaq üçün kimə yaxınlaşmalıdır?

Maddi Uotersin başını həmi an heyranları möhkəm qatmışdı, amma yenə də cavan oğlana taleyüklü sözlərini deyə bilir: “Leonard Çessə yaxınlaş – “Çess Rekordz”, 47-ci küçənin tinində...”

Həmin bazar Çak Berri evlərinə qayıtmır. Səhərin gözü açılar-açılmaz 47-ci küçədə, “Çess Rekordz”la üzbəüz keşik çəkməyə başlayır. İlk iki adam qapıdan girən kimi, onların dalınca yüyürür, zəngi basıb içəri təpilməyə hazırlaşır. Qapını katibə açır, ona qulaq asır, sonra da Leonard Çessə məruzə edir. Səsyazma studiyasının sahibi Çak Berrini qəbul edərək, Maddi Uoterslə görüşü barədə dağınıq söhbətinə hövsələylə davam gətirir və soruşur: “Lap yaxşı! Dinləmək üçün hazır lentin varmı?”

“Maybellin”

Hazır lent hardaydı?.. Təbii ki, yox idi, amma evdə öz ifasını maqnitofonuna yazmaq üçün çox təcrübə aparmışdı. Çak lavsan lentlə işləyən ilk maqnitofonlardan birini almış, bir aləm pul da vermişdi - düz 79 dollar. O zamanadək isə maqnitofonlar səsi polad sim üzərinə qeyd edirdilər. Leonard Çess ona məsləhət görür ki, öz mahnılarından bir-neçəsini lentə alsın. Bəzi şeyləri artıq hazır idi, bəzilərini isə iki-üç günə tamamlayır. Qısası, bir həftədən sonra mahnıları yazılmış lenti Çessin qabağına qoyur. Mahnılardan biri “kantri”, ya da Sent-Luis təbiriycə “hillbilli” – yəni kəndçi üslubundaydı. Bu üslub ağdərililər üçün tipik sayılırdı, zəncilərin heç xörəyi deyildi. Lakin məhz bu kompozisiya prodüsserlərdə kommersiya marağı oyadır və mahnının yazılışını 1955-ci il, yanvarın 21-nə təyin edirlər.

“Meybellin” mahnısının valı həmin ilin yayında satışa çıxır və həmin andan etibarən Çak Berrinin böyük, bənzərsiz sənət tarixçəsi başlanır...

Əhvalatımızın bu hissəsi deyəsən, bir az “Göyçək Fatma” nağılına oxşadı axı... Kasıb, amma istedadlı zənci musiqiçisi ağdərili prodüsserlə görüşür, prodüsser onun valını bazara çıxarır - özü varlanır, musiqiçi də şöhrət tapır. Hər şey belə asan olsaydı, nə vardı ki... Əslində bu prosesin mexanizmi elə o zamanlar da qat-qat qəliz idi. Nə vaxtsa Çak Berrinin ilk vallarını, ya da notlarını görmək nəsibiniz olsa, müəlliflərin adına diqqət yetirin və təəccüblənməyin, çünki Çakdan başqa daha iki ad oxuyacaqsınız: Ras Pratto və Alan Frid. Alan Fridi artıq yaxşı tanıyırsınız, ötən söhbətimdə onun barəsində geniş danışmışam. Bir şeyi əlavə edim ki, Ras Pratto da Frid kimi tanınmış dicey idi və ilk valı çıxanda Çak Berri onların heç birini tanımırdı. Leonard Çess isə onlarla tanışdı, işbirlikləri vardı və valın istehsalı barədə qərar qəbul etməmişdən, Çakın lent yazısını onlara vermişdi ki, efirdən səsləndirərək auditoriyanın rəyini öyrənsinlər, mahnıların zəif və güclü cəhətlərini müəyyənləşdirsinlər. Onların arasındakı razılaşmanın təfərrüatı sonralar da sirr kimi qaldı, amma çox güman ki, hər iki diceyin seçimi “Meybellin” olmuşdu və Leonard Çess də çıxacaq valın “raskrutka”sı müqabilində onlara yalançı həmmüəlliflik təklif etmişdi...

Bir milyon tiraj

Təbii ki, bu razılaşmada əsl müəllifə qarşı bir haqsızlıq, ədalətsizlik, vicdansızlıq vardı. Nə başınızı ağrıdım, ya vəlvələdən, ya zəlzələdən, amma "Meybellin" mahnısı məhz bu sövdələşmə nəticəsində bir milyon tiraj yığdı, Çak Berrini şöhrətin zirvəsinə qaldırdı, qonorarlarını on dəfələrlə artırdı...

Burda yeri gəlmişkən səsyazma studiyasını öz qardaşıyla bir yerdə 1947-ci ildə yaratmış Leonard Çessin polşalı mühacir ailəsindən olduğunu da qeyd edim. Gördüyünüz kimi, rok-n-rollun mənşəyi afro-amerikalılar olsa da, onun populyarlaşmasında ölkədəki bütün xalqların nümayəndələri yaxından iştirak edib. Yəqin elə bu səbəbdən də rok qısa bir zamanda bütün dünyanı fəth edə bildi...

Çak Berrinin 50 illik yaradıcı həyatını bir oçerkə sığışdırmaq mənim heç ağlıma da gəlmir. Saysız-hesabsız qastrollar, başının tükü sanı hitlər, vallar, disklər, məhəbbət romanları, bahalı villalar, maşınlar, yaxtalar... Menecerlərlə məhkəmə çəkişmələri və sairə və ilaxır. Bunların hamısını necə əhatə etmək olar axı? Amma onun tərcümeyi-halında bir neçə elə hadisə var ki, onları bilmədən nə şəxsiyyətə, nə dövrə, nə də bu hadisələrin cərəyan etdiyi ölkəyə qiymət vermək olar. Onların bəzilərini sizə də danışım.

Amoral məqsədlər

Çak Berrinin bütün həyatı boyu üç başlıca marağı olub: musiqi, pul, qadınlar. 1959-cu ildə Meksikada qastrol səfəri zamanı 20 yaşı olduğunu hamıya söyləyən Canis Eskalante adlı bir gözəllə tanış olur. Çak Berri qızı Amerikaya gətirir, özünün Sent-Luis şəhərindəki gecə klubunda işə götürür. Sonra aralarında nə anlaşılmazlıq olursa, işdən çıxarır. Həmin ilin dekabr ayında isə, Çakı həbs edirlər. İttihamnamə belə idi: 14 yaşlı qızı Amerika sərhədindən amoral məqsədlər üçün keçirməkdə günahlandırılır.

O zamanlar musiqiçi artıq kifayət qədər məşhur, varlı adam idi. O vəkil tutur və ilk məhkəmədən sağ-salamat çıxır. Lakin iliyinədək irqçi olan hakim bir zəncinin ağdərili qızla necə kef etdiyini hər dəfə düşünəndə, dəli olurdu və bu işi nəyin bahasına olursa-olsun, Çak Berrini barmaqlıqlar arxasına salmaqla başa çatdırmaq istəyirdi. Nə olsun ki, hər şey elə ilk məhkəmədə aydınlaşmış, qaranlıq bir məqam qalmamışdı - Canis Eskalante neçə il stajı olan adi fahişəydi...

Daha iki məhkəmə olur və 1961-ci ilin oktyabrında hökm elan edilir: 10 min dollar cərimə və üç il həbs cəzası. Çak Berriyə işlərini sahmana salmaq üçün bir ay vaxt verirlər və təyin olunmuş gün musiqiçi özünün bahalı limuzinində həbsxanaya gəlir ki, növbəti cəzasını çəkməyə başlasın. Onda 35 yaşı vardı...

Yenə məhbəs həyatı

Təsəvvür edin: rahat yaşayan, komforta, gözəl yeməyə, alqışlara, heyranlarından aldığı gül çələnglərinə, avtoqraf almaq üçün ona sarı uzanan əllərə, qadın diqqətinə öyrəşmiş məşhur bir adam, yaşının yetkin çağında məhbəsə atılır. Lakin Çak Berri ruhdan düşmək fikrində deyildi, burda keçirdiyi zamandan maksimum faydalanmaq istəyirdi. Əvvəla musiqi: onun bir xeyli şedevri həmin illərdə yarandı; ikincisi məqsədi isə maliyyə və kargüzarlıq sahəsində savadlanmaq idi...

Çak biznes-menecment, mühasibat işi, makinaçılıq, nitq mədəniyyəti, səhnə mədəniyyəti, dünya tarixi, Birləşmiş Ştatlar tarixi, Amerika hökumətinin strukturu və vəzifələrini öyrədən qiyabi kurslara yazılır. Dərslərini yalnız asudə vaxtlarında hazırlaya bilirdi - gündüzlər həbsxana mətbəxində işləyir, qab-qaşıq yuyur, yeməkxananı silib-süpürürdü...

1963-cü ilin payızında Çak Berri imtahanlarını verib bütün fənlər üzrə sertifikatlarını alır və həmin ilin 18 oktyabrında - öz ad günündə əfv fərmanına əsasən, azadlığa çıxır. Amma bu hələ tam azadlıq deyildi, o hələ də polisin nəzarətində qalmalıydı və hər dəfə şəhərdən çıxmaq üçün icazə almalıydı. Bu icazə proseduru isə üç həftə, bəzən də daha artıq çəkirdi. Bu isə o demək idi ki, şəhərdən kənarda heç bir konsertdən, qastroldan söhbət gedə bilməzdi. Vəkillərin köməyilə çox çalışıb Çikaqoya köçmək üçün icazə ala bilir. Amma ailəsini özü ilə apara bilməzdi...

Çikaqoda mənəvi ab-hava Sent-Luisdən yumşaq idi və oradakı polis məmurları ona şəhərdən qısa müddətə çıxmaq üçün icazənin gərək olmadığını elan etdilər. Təbii ki, yenə uzaq səfərlərdən söhbət getmirdi. Amma bunun da bir çözümü vardı. Məsələn, 1964-cü ilin may ayında Çak Berri İngiltərəyə qastrola gedəndə, ya da həmin ilin noyabrında Avropa turuna çıxanda icazəni min-bir əziyyət bahasına olsa belə, hər halda ala bilmişdi...

Həbsxanada üçüncü dəfə

Məhbəs illəri Çakın vergilərə münasibətində qəribə bir təbəddülat yaratmışdı: o artıq şəxsi təcrübəsindən bilirdi ki, polisə, prokurorluq orqanlarına, məhkəmələrə, həbsxanalara dövlət xəzinəsindən necə böyük pullar axır. Bunları bildiyi üçün də vergi ödəməkdən hər bir vəchlə yayınır, qonorarını nağd pulla almağa üstünlük verirdi. Qazandığı külli miqdarda vəsait isə özünə diqqət tələb edirdi: onları saymaq, harasa yerləşdirmək lazım idi. Çak Berri daşınmaz əmlak alır, şirkətlər təsis edir, işgüzar əməliyyatlara girişirdi...

1973-cü ildə növbəti audit yoxlaması başlayanda isə haqq-hesab heç cür düz gəlmir. Çak Berrinin altı milyon vergi ödədiyi aydınlaşsa da, maliyyə müfəttişləri kələfin ucunu tapmaq üçün dəridən-qabıqdan çıxır, elə hey eşələyir, eşələyirdilər...

Nə isə, araşdırma və təhqiqat düz altı il sürür. Axırda - 1979-cu ilin iyununda Kaliforniya məhkəməsində musiqiçi vergi ödəməkdən yayındığını etiraf edərək üç il şərti cəza alır. Lakin bu müddətin 120 gününü, yəni dörd ayını mütləq Lompok koloniyasında keçirməliydi, sonra isə 1000 saat ictimai-faydalı əməyə cəlb olunmalıydı.

Amma bu müddət də Çak Berri üçün faydasız ötüşmədi. Dörd ay məhbəs həyatı avtobioqrafik bir kitabın ərsəyə gəlməsiylə başa çatdı - makinaçılıq kursu nəhayət ki, karına gəlmişdi...

* * *

Çak Berri Amerika mədəniyyətinin, tarixinin bir parçası, “Rok-n-Roll” adlı dağ silsiləsinin zirvələrindən biridir. Həm məhbəsin, həm dünya şöhrətinin dadını görmüş bu insan bu gün də sevib seçdiyi yolun yolçusudur. Həyat onun dik qəddini dəfələrlə əyməyə çalışıb, amma sındıra bilməyib. Çünki Çak Berri misilsiz həyat və musiqi eşqiylə, qadın və pul eşqiylə yaşayıb, bu gün də yaşayır.

Yaşadıqca da yaradır...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1625

Oxşar yazılar