Xalasıqızı ilə sevgili olan Dönməz onu niyə öldürdü? - TƏFƏRRÜATLAR LENT.AZ-da
28 fevral 2022 20:15 (UTC +04:00)

Xalasıqızı ilə sevgili olan Dönməz onu niyə öldürdü? - TƏFƏRRÜATLAR LENT.AZ-da

CİNAYƏT İŞİ

Qısa arayış…

2019-cu il noyabrın 16-da Gəncə şəhər Baş Polis İdarəsinə gəlib, təslim olan 28 yaşlı Dönməz Cəmşidzadə Bakının Zabrat qəsəbəsində, qeyri-rəsmi yaşadığı qadını bıçaq zərbələri ilə öldürdüyünü etiraf edib. Məlumatla əlaqədar o, paytaxta gətirilib. “Baxış keçirilməsi protokolu”ndan görünüb ki, 1995-ci il təvəllüdlü Afərim Mahmudovanın qana bulaşmış cəsədi Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsi, ev 30-da, yataq otağında aşkar edilib. Meyitin üzündə, öndən arxaya kəllə boşluğuna doğru sancılmış bıçaq tapılıb. Dönməz Cəmşidzadə Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis  Bölməsinin əməkdaşlarına təhvil verilib, barəsində rayon məhkəməsinin qərarı ilə həbs-qəti imkan tədbiri seçilib.

Qətl olan otaq və Afərimin meyiti

Dönməz Cəmşidzadə 1991-ci ildə Kəlbəcər rayonunda anadan olub. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2012-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Həmin cəza şərti hesab edilməklə barəsində 3 il sınaq müddəti müəyyən edilib.

Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Afərim Mahmudovanın üz və boyun nahiyəsinin deşilmiş yaraları ilə əlaqədar baş vermiş massiv qanitirmə səbəb olub.

Cinayət işinin sənədi

Lent.az həmin cinayət hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, 2019-cu il noyabrın 16-ı gecə saat 3 radələrində Dönməz Cəmşidzadə qeyri-rəsmi ər-arvad münasibətində olduğu xalası qızı Afərim Mahmudova ilə birgə kirayədə yaşadıqları evdə mübahisə edib. A. Mahmudova D. Cəmşidzadədən 2013-cü ildən rəsmi nikahda olduğu arvadı Güllər Cəmşidzadədən hansı səbəblə rəsmi qaydada boşanmadığına dair davamlı iradlarını bildirib. D. Cəmşidzadə bundan hiddətlənərək, qisas niyyəti ilə Afərimi öldürmək qərarına gəlib. Mətbəx otağından götürdüyü bıçaqla yataq otağındakı çarpayıda, uzanıqlı vəziyyətdə olan Afərim Mahmudovanın ardıcıl zərbələr vuraraq, onu öldürüb.

Qətlin törədildiyi bıçaq

İş üzrə dindirilmiş Dönməz Cəmşidzadə bildirib ki, 2014-cü ildə Gəncə şəhərində Güllər İlqar qızı ilə ailə həyatı qurub. Nikahdan iki övladları dünyaya gəlib. Xalası qızı Afərim Mahmudova həyat yoldaşından 2016-ci ildə boşanıb, onların uşaqları olmayıb:

“Afərim də mənim kimi məcburi köçkünlər üçün nəzərdə tutulmuş qəsəbədə valideynləri ilə birlikdə yaşayıb. Həmin il mən Gəncə Dövlət Universitetinin Kimya-biologiya fakültəsinin bakalavr pilləsini bitirdim. 2018-cı ildə xalam qızı aramızda sevgi münasibəti yarandı, həmin vaxtdan da həyat yoldaşımla münasibətimiz soyumağa başlamışdı. 2019-cu ilin fevral ayında Afərimlə birlikdə Gürcüstan sərhədini keçərək Türkiyənin İstanbul şəhərinə getdik və təxminən 1 ay orda qaldıq. Oradan qayıdandan sonra əvvəl kirayədə Lənkəranda, aprel ayından isə Bakıda yaşamağa başladıq. Kürdəmir rayonun Mollakənd orta məktəbində kimya müəllimi işləyirdim. Həftənin 2 günü ora gedib-gəlirdim. Zabrat qəsəbəsi, Oktyabr küçəsi, 30 ünvanında yerləşən evi internetdən tapmışdım. Ev sahibinə ayda 200 manat ödəyirdim. Bakıda eyni zamanda müxtəlif şadlıq saraylarında ofisiant işləyirdim.

Hadisə baş verən günə kimi Afərim Mahmudova ilə ciddi problemim olmayıb. Noyabrın 16-ı gecə saat 1 radələrində işdən evə qayıtdım. Söhbət edib, çay içərkən Afərim maddi problemlərindən danışaraq, nə üçün pis vəziyyətdə yaşadığımızı mənə irad tutdu. Cavab olaraq, onu sakitləşdirib, hər şeyin düzələcəyini söz versəm də, Afərim mənə qulaq asmayaraq deyinməkdə davam etdi. Həmçinin niyə bu vaxta qədər birinci arvadımla boşanmadığımı dedi. Bıçağı göstərib, yenidən danışacağı təqdirdə onu vuracağımı bildirəndə, Afərim “vurursan, vur” dedi. Ardıcıl iki dəfə boğazına və üzünə zərbə endirdim. Yaralarından təzyiqlə qan gəlməyə başladı. Bıçaq sifət nahiyəsinə sancılıb qaldığından, onu ordan çıxarda bilmədim. Yarım saata yaxın evdə oturub nə etdiyimi düşündüm. Sonra paltarlarımı geyinərək, evin qapısını bağladım. Taksi ilə Lökbatan qəsəbəsinə, ordan da Gəncəyə getdim. Səhər saat 7 radələrində atama zəng edib onu Yeni Gəncə adlanan yarmarkanın yanına çağırdım. Atam və əmim nə baş verdiyini soruşanda, əvvəl onlara heç nə danişmadım. Dedim ki, qardaşımın qəbrini ziyarət etmək istəyirəm. Birlikdə qəbiristanlığa yollandıq, sonra uşaqlarımı görməyə getdim”.

İstintaq fotosu

Atasıgilə Afərimi öldürdüyünü söyləyəndən sonra, Gəncə şəhər Baş Polis İdarəsinə gedərək, təslim olub. Polis əməkdaşları onu Bakıya gətiriblər. Yaşadığı evin qapısını açmayana qədər meyiti heç kim görməyib. Dönməz Cəmşidzadə cinayət əməlindən peşman olduğunu qeyd edib.

Zərərçəkmiş şəxsin hüquqi varisi Səbahil Adilzadə ifadəsində göstərib ki, bacısı Afərim Mahmudova 2011-ci ildə Ceyhun Əliyevlə ailə həyatı qurub və 2016-cı ildə məhkəmə yolu ilə rəsmi olaraq boşanıb:

“Xalam oğlu Dönməz Cəmşidzadə ailə üzvləri ilə Yeni qəsəbədə, bizimlə üzbəüz binada yaşayırdı. O, hövsələsiz, özündən tez çıxan adam idi. Xalam oğlu hələ ailəli olmadığı dövrdə adam bıçaqladığı üçün məhkum olunmuşdu. Eşitdiyimə görə, arvadı ilə münasibəti yaxşı olmayıb və hətta boşanmaq üçün məhkəməyə ərizə ilə müraciət edib. Amma anasının təkidi ilə həmin ərizəni geri götürüb. 2019-cu ilin fevral ayında Dönməz mənə zəng edərək Afərimi evlənmək üçün qaçırdığını və narahat olmamağımı dedi. Bundan sonra da o, telefonu söndürdü. Onların hara getdiyini və harda qaldığını bilmədim. Bu hadisəyə görə bacımla əlaqəni tamamilə kəsdim. Bacımın öldürülməsini bizə noyabrın 17-də Dönməzin əmisi danışmışdı. Səhərisi gün qohumlarımla Bakıya gedərək, Afərimin meyitinin Sabunçu rayonunda yerləşən morqdan götürdük. Hadisənin hansı şəraitdə və nə səbəbdən baş verməsi haqda məlumatımız yoxdur”.

Qətli törədən Dönməz Cəmşidzadə

Şahid Qabil Azadov bildirib ki, oğlu Dönməz müəllimlik edib, ailəsini dolandırıb. Afərim arvadının doğma bacısı qızı olub. Ailələri arasında ədavət olmayıb, əksinə, tez-tez bir-birinin evinə gedib-gəliblər:

“Afərimin hər hansı pis hərəkətinin şahidi olmamışam. Oğlumla Afərimin münasibəti barədə nə mənim, nə də ailə üzvlərimin xəbəri olmayıb. 2017-ci il dekabrın 9-na keçən gecə o biri oğlum Vicay Dədə Qorqud küçəsində, bıçaq xəsarətləri ilə yaralı halda tapılıb və xəstəxanaya aparılarkən yolda ölüb. Ola bilsin ki, oğlumun yas mərasimində Dönməzlə Afərim arasında yaxınlıq yaranıb. 2019-cu ilin əvvəllərində qadının qardaşı Səbahil mənə Dönməzin Afərimi qaçırtdığını dedi. Hətta buna görə aramızda  mübahisə də oldu. Nə qədər zəng etsəm də, oğlumun mobil telefonu söndürülmüşdü. Bir neçə ay Dönməzi axtarsaq da, heç bir məlumat əldə etmədik. Sentyabrda oğlumun Kürdəmir rayonunda müəllim işlədiyini öyrəndim və məktəbdə onunla görüşdüm. Söhbət zamanı Dönməz mənə dedi ki, Afərimi sevir. O, həmçinin birinci ailəsini də saxlayacağını və heç birindən imtina etməyəcəyini dedi. Noyabrın 16-da oğlum Gəncəyə gələrək, qadını öldürdüyünü dedi və polisə təslim oldu”.

Afərim Mahmudova

Şahid Mərmər Mahmudova ifadəsində göstərib ki, qızı Afərim Dönməzlə çıxıb getdiyi üçün qohum-qonşular arasında çox xəcalət çəkib:

“Qızım qoşulub qaçandan bir neçə ay keçdikdən sonra Dönməz mənə zəng etdi. Əsəbi olduğum üçün onunla kobud danışdım. Noyabrın əvvəllərində qızımla telefonda videogörüntülü danışarkən, Afərimə niyə məni biabır etdiyini soruşdum. Qızım da mənə Dönməzlə bir-birilərini sevdiklərini dedi. Ayın 15-i saat 18 radələrində növbəti dəfə görüntülü danışdıq. Afərim evdə tək olduğunu, yoldaşı ilə aralarında hər hansı problem olmadığını demişdi. Noyabrın 17-də kiçik bacım mənə zəng edərək Dönməzin Afərimi öldürdüyünü və meyitini Bakıda, evdə qoyaraq Gəncəyə atasının evinə gəldiyini xəbər verdi”. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Dönməz Cəmşidzadə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 il müddətinə azadlıqdan məhrum olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11958
avatar

Mehman Nəbiyev

Oxşar yazılar