Dövlət Təhlükəsizlik Xidmətinin terrorçuluqla mübarizə tədbirləri nəticəsində saxlanılan Əhmədov Amil Mehman oğlunun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Lent.az-ın məlumatına əsasən, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Eldar İsmayılovun icraatına verilib.
Xatırladaq ki, DTX-nin İctimai əlaqələr şöbəsinin yaydığı məlumatda bildirilib ki, araşdırmalar nəticəsində Azərbaycan vətəndaşı Əhmədov Amil Mehman oğlunun 2016-2019-cu illər ərzində ölkə hüdudlarından kənarda terror aktlarının törədilməsi ilə müşayət olunan, dini məzhəbləri yaymaq adı altında, dini düşmənçilik zəminində aparılan silahlı münaqişələrdə iştirak etmək məqsədilə Suriyanın Hələb şəhərinin Leroman qəsəbəsində xüsusi hazırlıq düşərgəsində təlimlər keçməsinə, müxtəlif odlu silah və partlayıcı qurğulardan istifadə qaydalarına yiyələnərək “Ceyşullah” və digər qanunsuz silahlı dəstələrin tərkibində Hələb, Hama və İdlib şəhərlərində silahlı münaqişələrdə iştirakına əsaslı şübhələr müəyyən edilib.
Amil Əhmədov sonradan gizli yollarla üçüncü dövlətin ərazisinə keçib.
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2020-ci il sentyabrın 7-də Amil Əhmədov şübhəli şəxs qismində saxlanılan, Cinayət Məcəlləsinin 283-1.3-cü (Azərbaycanın hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədilə sabit qruplar yaratmaq, həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunaraq, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.