“Silvester”ə görə ürəyindən güllələndi - Su üstündə törədilən qətlin TƏFƏRRÜATLARI
21 iyun 2022 17:32 (UTC +04:00)

“Silvester”ə görə ürəyindən güllələndi - Su üstündə törədilən qətlin TƏFƏRRÜATLARI

CİNAYƏT İŞİ

Qısa arayış…

2019-cu il noyabrın 29-da Abşeron rayonu Pirəkəşkül qəsəbəsindəki kafelərdən birində 1991-ci il təvəllüdlü Kamran Xəlilovun ürək nahiyəsindən güllələnərək öldürülməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olur. Dərhal rayon polis və prokurorluq əməkdaşları hadisə yerinə gələrək araşdırmalara başlayır və lazımi tədbirlər görür. Əməliyyatçıların hadisə yerinə baxış keçirdiyi vaxt Orxan Gərayev Abşeron rayon Polis İdarəsinə gələrək, kafedə odlu silahdan atəş açdığı atəşlə tanımadığı şəxsi öldürdüyünü bildirir. 

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanır və hadisəni törətməkdə şübhəli bilinən, 1984-cü il təvəllüdlü Orxan Gərayev saxlanılır. O bildirir ki, qətldə istifadə etdiyi tapançanı Aşağı Güzdək kəndində yerləşən gölə atıb. Lakin ərazidə axtarış aparılsa da, odlu silahı tapmaq mümkün olmayıb.

Qətl olan kabinet

Lent.az məlum qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, Orxan Gərayev Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində yerləşən idman zalını icarəyə verdiyi Səmihə Mübariz qızı ilə orada baş vermiş su sızması ilə bağlı mübahisə edib. Bununla əlaqədar qadın tanışı Valeh Ulubəyova məlumat verib, o da həmin məsələni aydınlaşdırmaqdan ötrü ona noyabrın 28-də Pirəkəşkül qəsəbəsində yerləşən kafedə görüşməyi təklif edib. Söhbət əsnasında yüksək səslə mübahisə edərək, kafenin normal iş fəaliyyətini və digər müştərilərin istirahət hüququnu pozublar. Valeh Ulubəyovla birlikdə kafeyə gəlib, həyətdə gözləyən Kamran Xəlilov, səs-küyü eşidib otağa daxil olub. Onların mübahisəsinə müdaxilə etməsini bəhanə edən Orxan Gərayev yumruqla Kamran Xəlilovun üzünə zərbələr vurub. Sonra odlu silahla yaxın məsafədən ürək nahiyəsinə atəş açaraq, onu öldürüb.

Davada istifadə edilən bıçaq

İş üzrə dindirilmiş Orxan Gərayev bildirib ki, yaşadığı Müşfiqabad qəsəbəsində Kənan adlı şəxsdən 120 kvadratmetrlik obyekti icarəyə götürüb. Razılaşmaya görə, pulu tam ödəyib qurtardıqdan sonra obyektin mülkiyyətçisi o olacaqdı:

“Öz növbəmdə həmin obyekti eyni qəsəbədə yaşayan Səmihə adlı xanıma aylıq 400 manata icarəyə vermişdim. Qadın orada uşaqlara kikboksing üzrə dərs keçirdi. Noyabrın 27-si saat 20 radələrində obyektin yanından keçəndə, su motorunun öz-özünə işlədiyini gördüm. Haradansa sızma olduğunu bilib Səmihəyə zəng etdim. Qadın cavab olaraq, su sızmasının həmin yeri icarəyə götürəndən olduğunu dedi. Xanım olduğu üçün tanış ustaya zəng edib, problemi aradan qaldırdım. Səmihəyə ismarış yazdım ki, bundan sonra nəsə baş versə cavabdeh o olacaq.

Anarın BMW-si

Qadın da kobud şəkildə səsli mesaj göndərdi ki, belə məsələlərə görə onu narahat etməyim və onunla ancaq hər ayın 1-də pulu almaq üçün əlaqə saxlayım. Bundan bir gün sonra, tanımadığım Kamran adlı şəxs məni həmin qəsəbədə, yolun kənarında yerləşən kafeyə çağırdı. Kafeyə gələndə Valehlə Kamranın otaqlardan birinin qapısının qarşısında dayandığını gördüm. Onların yanlarında tanımadığım 2 nəfər də var idi. Üçümüz birgə kabinetə keçdik, Valeh çay sifariş verdi. Valehlə mübahisəm yarananda Kamran əlindəki dəmir əşya ilə başımın arxa hissəsindən zərbə vurdu. Kimsə Kamrana mane olanda əlimdəki silah yerə düşdü. Həmin vaxt mən yerdə yıxılmış vəziyyətdə idim. Özümü müdafiə etmək üçün cəld silahı yerdən götürdüm. Kamran üzərimə gələndə arxaya, çölə doğru getdim. Səs-küyə otağa tanımadığım şəxslər də daxil oldu. Anarı çöldə, yerdə uzanmış vəziyyətdə gördüm, ona kimsə bıçaqla xəsarət yetirmişdi. Onları qorxutmaq üçün tapançadan havaya atəş açmaq istəsəm də, bilmədən Kamrana tərəf atəş açdım. Yaralanan şəxs əlində bıçaqla çölə çıxdı və kabinetdən bir neçə metr kənarda yerə yıxıldı. Qorxduğum üçün, Anarın idarə etdiyi BMW markalı avtomobillə hadisə yerindən uzaqlaşdım. Qardaşımdan onu qəsəbədə, Mədəniyyət evinin yanında düşürməsini xahiş etdim. Özümün “Tofaş” markalı maşınımla tək evimin yanındakı gölə getdim və silahı ora atdım. Sonra Abşeron rayon Polis İdarəsinə yollanıb təslim oldum”.

Kamranın cəsədi

Zərərçəkmiş şəxsin hüquqi varisi Zümrüd Kərimova ifadəsində göstərib ki, oğlu Kamran sakit təbiətli, heç kimlə problemi olmayan insan olub:

“Əvvəllər Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə məhkum olunub. Noyabrın 28-də axşam evdə olanda Kamrana kimsə zəng etdi. Oğlum Valehgildə doğum günü ilə əlaqədar məclis olmasını söyləyərək, evdən çıxdı. O qədər tələsik getdi ki, darvazanı bağlamağı da məndən xahiş etdi. Gecə bacım qızı mənə zəng edib Kamranın xəstəxanada olduğunu xəbər verdi. Ora çatanda ətrafımdakı insanların davranışlarından oğlumun öldüyünü başa düşdüm”.

Zümrüd Kərimova əlavə edib ki, hadisə günü zəng edib Kamranı çağıran Valeh Ulubəyov olub. Dəfn günü, cənazə namazı qılınarkən ətrafa göz gəzdirəndə oğlunun ən yaxın dostları olan Valehi və «İbişi» orada görməyib. Bundan çox şübhələnib. Şahin adlı şəxsə zəng edib, onların niyə yas məclisində iştirak etmədiyini soruşub. Sonuncu da guya Kamrangilin dava-dalaş olmasından ehtiyat etdiklərinə görə, məclisdən tez getdiklərini deyib. Oğlunun heç vaxt silahı olmayıb. O, əvvəl gündən Kamranın həqiqi qatilinin tapılmasını istəyib. Orxan Gərayevi isə tanımadığını deyib.

İstintaq fotosu

Şahid, “Silvester” ləqəbli Səmihə Mübariz qızı ifadəsində göstərib ki, 1999-cu ildə Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib, 2005-ci ildə Hindistan vətəndaşı ilə ailə həyatı qurub. Nikahdan 3 övladı dünyaya gəlib, daha sonra həyat yoldaşından rəsmi qaydada ayrılıb:

“2014-cü ildən idman müəllimi işləyərək, övladlarımı böyüdürəm. Orxan Gərayevi 2019-cu ilin may ayından tanıyırdım. Müşfiqabad qəsəbəsində azyaşlı uşaqlara idman dərsləri verdiyimdən zala ehtiyacım oldu. Buna görə, 2019-cu ilin may ayından Orxan Gərayevin 274 nömrəli məktəbin yanında icarəyə verdiyi obyektə baxdım və onunla şifahi icarə müqaviləsi bağlayaraq aylıq 400 manat pul verməyi öhdəmə götürdüm. Qəsəbə sakini Valeh Ulubəyovu 11 ildir ki, tanıyıram. Son 6 il ərzində onunla qeyri-rəsmi, yaxın münasibətim var idi. Valeh həddindən artıq qısqanc insan olduğuna görə, istər işlə bağlı, istərsə də gün ərzində kiminlə danışdığım barədə ona məlumat verirdim. Həmin obyekti icarəyə götürdüyüm gündən oranın su borusunda problem var idi. Valeh su kranını dəyişsə də, sonradan yenidən sızma başladı. Noyabrın 27-də Orxan zəng edərək su sızmasını aradan qaldırdığını dedi və sanki məni bu məsələyə görə borclu çıxardı.

Qətl olan kafenin qarşısı

Gərayevə mənə minnət etməməsini, su sızmasının isə oranı icarəyə götürdüyü gündən olduğunu dedim. Evə gələndən sonra “Whatsapp”la Orxanın təmir etdiyi yerin şəklini çəkib mənə göndərdiyini gördüm. Telefonla danışarkən icarə haqqında heç bir problemi olmadığını bildirsəm də, Gərayev məndən təkidlə idman zalını boşaltmağımı tələb etdi. Həmin gün zəng edərək baş verən məsələni Valehə danışdım. O, isə Orxanla tanış olduğunu və problemi həll edəcəyini söylədi. 

Noyabrın 29-da Valehin anası zəng edərək, məni təhqir etdi və oğlunu xətaya saldığımı bildirdi. Daha sonra Valehin bacısı telefonu götürərək, Orxanın Kamranı öldürdüyünü və Valehin də həmin vaxt yanlarında olduğunu dedi”.

Orxanın silahı atdığı göl

Şahid Valeh Ulubəyov bildirib ki, Orxan Gərayevin icarəyə verdiyi obyektdə idman dərsi keçən Səmihə adlı qadınla yaxın münasibəti olub. Orxanı eyni qəsəbədə yaşayan şəxs kimi tanıyıb:

“2019-cu il noyabrın 27-də Mahaçqala şəhərinə getmişdim. Həmin müddətdə telefonumun internetə çıxışı olmadığı üçün Səmihə ilə əlaqə saxlaya bilmirdim. Telefonu internetə qoşulandan sonra qadın mənə dedi ki, Gərayev üstünə qışqırıb və su sızması ilə bağlı onu obyektdən çıxarmaq istəyir. Ayın 28-də Bakıya qayıdarkən Xaçmaz rayonunu keçəndən sonra Orxana zəng edib, harada olduğunu soruşdum.

Mahaçqala şəhərindən qardaşım İbrahimlə birlikdə gəlmişdim. Yolda olanda dostlarıma, o cümlədən, Kamrana və Şahinə zəng edib, Bakıya gəldiyini söylədim. Qəsəbəyə çatmağa az qalmış Orxan zəng edib, harada olduğumu soruşanda, 20 dəqiqədən sonra kafeyə gəlməsini istədm. 10 dəqiqədən sonra Kamran, ardınca da Orxan gəldi. Bizdən başqa orada İbrahim, Oqtay və Cavanşir də var idi. Mənimlə Orxan 4 nömrəli kabinetə keçdik. Mübahisə zamanı Gərayevə Səmihə ilə kobud danışdığını dedim. Orxan həmin səs yazılarını ona atmağımı istəyəndə, telefonumda həmin ismarıcları axtarmağa başladım. Bu zaman Kamranla Anar arasında çöldə dava başladı, hər ikisi qapıya çırpıldı. Gərayev Xəlilovun üzərinə gedərkən belindən nəsə çıxardı. Əvvəl həmin əşyanın bıçaq olduğunu düşündüm. Kamran 2 dəfə bıçağın arxa hissəsi ilə Orxana zərbələr endirdi. Qapının yanında dayanan Gərayev sağ əlində saxladığı tapançadan Kamrana bir dəfə atəş açdı. Atəş açılanda Orxan çöldə, Kamran isə içəridə idi. Əvvəl tanışımın vurulduğunu anlamadım. Yaralanandan sonra, Xəlilov çölə doğru 4-5 addım atdı və üzü üstə yerə yıxıldı. Hadisədən sonra Orxanla Anar hadisə yerindən birlikdə uzaqlaşdılar. İbrahim səsə gəlib Kamranı maşına qoymağa kömək etdi. Onu Oqtayın maşını ilə xəstəxanaya apardıq”.

Qətl olan kafe

Şahid Oktay Turabov ifadəsində göstərib ki, dostu Mais Quliyevlə orta məktəbdə eyni sinifdə oxuyub. Maisi öz aralarında Cavanşir kimi çağırıblar:

“Cavanşirin vasitəsi ilə Müşfiqabadda yaşayan Valehlə və Kamranla tanış olmuşduq. Noyabrın 28-i saat 18 radələrində kafedə görüşdük. Təxminən 3 saatdan sonra təsadüfən Valeh də ora gəldi. Cavanşir də Kamranla “Whatsapp”da yazışarkən onu çörək yeməyə dəvət etdi. Kamran gələndən 15 dəqiqə sonra Orxan Gərayev oturduğumuz kabinetə gələrək Valehi çölə çağırdı. 2-3 dəqiqədən sonra Kamran, Valehlə Orxan arasında dava düşəcəyindən narahat olaraq arxalarınca 4 nömrəli kabinetə getdi. Sonra güllə səsi eşitdim. Çölə çıxanda Kamranın həmin kabinetin qarşısında yerə yıxıldığını gördük. Qarışıqlıq olduğuna görə odlu silahdan kimin atəş açdığını bilmədim. Cavanşir, Valeh və digər şəxslərlə Kamranı, mənim BMW markalı avtomobilinin arxa oturacağına yerləşdirib Klinik Tibbi Mərkəzə apardıq. Həkimlər artıq Kamranın öldüyünü bildirdilər”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Orxan Gərayev 18 il müddətinə azadlıqdan məhrum olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7908
avatar

Mehman Nəbiyev

Oxşar yazılar