Tovuzda şəhid ailəsinin etimadından sui-istifadə edərək dələduzluğa yol verməkdə təqsirləndirilənlər saxlanılıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, Tovuz rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən, rayonun Xatınlı kənd sakini Əhməd Əhmədov və onun qardaşı, “qaynar-xett.az” saytının təsisçisi Zaur Əhmədov saxlanılıb.
Araşdırma zamanı müəyyən edilib ki, onlar Vətənin müdafiəsi uğrunda şəhid olmuş hərbi qulluqçunun ailəsi ilə əlaqə saxlayıb, valideynlərindən şəhidin sosial sığortası üçün ayrılmış vəsaitin miqdarının artırılması, adının əbədiləşdirilməsi, barəsində kitab və jurnallar dərc edilməsi, habelə yerli televiziya kanallarında verlişlər hazırlanacağını bildirərək hissə-hissə olmaqla ümumilkdə 1850 manat pulu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçiriblər.
Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci maddəsinin (Dələduzluq) müvafiq bəndi ilə cinayət işi başlanılıb. Bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa “102” Zəng Mərkəzinə, Tovuz rayon Polis Şöbəsinə və ya ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.