Bakıda tanışını öldürməyə cəhddə təqsirləndirilən Bəhrəm İbayevin cinayət işi üzrə məhkəməsi keçirilib.
Lent.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Orxan Kəngərli ittiham aktını elan edib.
İttiham aktında qeyd olunub ki, Bəhrəm İbayev onun yanından keçəndə salam verməməsinə görə Natiq Hüseynova irad bildirib.
Daha sonra, tərəflər görüşüb bu barədə yaranmış anlaşılmazlığa aydınlıq gətiriblər. Lakin sonradan Bəhrəm İbayev qohumunun yasında iştirak etmək üçün Göyçay rayonuna getməli olub. Rayonda olduğu zaman özü haqda guya Natiqin onu aparıb təklikdə cəzalandırması, onu görəndə hərəkətlərinə fikir verməsi, özündən üzr istətməsi, saymazlıq etdiyi üçün hətta qəsəbədən qovması kimi məlumatların dolaşdığını eşidir.
İstintaqla müəyyən edilib ki, o, bu söz-söhbətlərə son qoymaq üçün Natiq Hüseynovdan qisas almaq niyyəti ilə onu öldürmək qərarına gəlib.
Bəhram iyunun 7-də paytaxtın Sabunçu rayonunda yerləşən "Park kafe" adlanan obyektə gedən zaman təsadüfən Natiq Hüseynovu orda görərək ona ümumilikdə 14 bıçaq zərbəsi vurub. Natiq Hüseynov aktiv şəkildə müqavimət göstərərək qaçıb kafeyə daxil olduğundan, eləcə də ətrafdakıların köməkliyi ilə vaxtında Sabunçu Tibb Mərkəzinə çatdırıldığından onun həyatını xilas etmək mümkün olub.
Məhkəmənin növbəti iclası oktyabrın 3-ə təyin edilib.
Qeyd edək ki, Bəhrəm İbayeva qarşı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 228.4-cü (qanunsuz olaraq odlu və soyuq silah əldə etmə və gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.