Qardaşının ailəsini qırmaq üçün evinə qumbara ATDI  - Bakıda ŞOK CİNAYƏT
13 yanvar 2025 20:15 (UTC +04:00)

Qardaşının ailəsini qırmaq üçün evinə qumbara ATDI - Bakıda ŞOK CİNAYƏT

CİNAYƏT İŞİ

Qısa arayış...

2022-ci il iyulun 8-də Bakının Sabunçu raonunda mənzillərdən birinin həyətinə qumbara atılıb. Daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşları hadisə yerinə yollanıb. Məlum olub ki, hadisə Maştağa qəsəbəsi, Daş Karxanası massivi, 5 ünvanında baş verib. Evin həyətində əl qumbarasına məxsus dəmir parçası və qırıntılar aşkar edilərək, götürülüb. 
 
Şübhəli şəxs Füzuli rayon sakini 1988-ci il təvəllüdlü Ramin İsakov saxlanılıb.
 
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Lent.az hadisənin istintaq materiallarını əldə edib.
 
İstintaqla müəyyən edilib ki, Ramin İsakovla qardaşı Zamin İsakzadə arasında birgə yaşadıqları evin bölgüsü ilə bağlı mübahisələr baş verib. Həmin mübahisələrə kiçik qardaşı Rəşad İsakzadənin müdaxilə etməsini, ona iradlar bildirməsini Ramin özünə qarşı təhqir kimi qəbul edib. İyulun 5-də aralarında baş vermiş növbəti mübahisədən sonra o, istintaqa məlum olmayan mənbədən qanunsuz əldə etdiyi “F-1” markalı əl qumbarasını gətirib, evində gizlədib. 

İyulun 8-nə keçən gecə Ramin İsakov Rəşad İsakzadənin evinin qarşısına gəlib, küçədə olan qovşaqdan elektrik naqilini ayıraraq, işıqları söndürüb. Sonra qisas məqsədi ilə qumbaranın qoruyucu milini dartıb, küçədən evin yataq otağı istiqamətində atıb. Amma döyüş sursatı evin divarına dəyərək, həyətdə partlayıb.


 
İş üzrə dindirilmiş Ramin İsakov bildirib ki, təxminən 20 ildir ki, Maştağa qəsəbəsində, Daş Karxanası massivində yerləşən fərdi evdə ailə üzvləri ilə birlikdə, qardaşı Rəşad İsakzadə isə az ailəsi ilə qonşuluqda 2 mərtəbəli evdə yaşayıb.
O, bir neçə dəfə qardaşı Zamin İsakova torpaq sahəsini sataraq, ayrı yerdə evlər almağı təklif etsə də, o razılaşmayıb:

“Bu səbəbdən aramızda münaqişələr yaranıb. Zaminlə aramızda olan mübahisələrə valideynlərim və kiçik qardaşım Rəşad da qarışdı. Bu səbəbdən də bütün ailə üzvlərimlə münasibətim pisləşdi. Təxminən 2-3 ay əvvəl Ataş adlı tanışım mənə bir ədəd əl qumbarası verdi. Qumbaranı evdə, qış paltarlarının arasında gizlətdim. İyulun 7-də spirtli içki qəbul edəndən sonra, axşam qumbaranı cibimə qoyaraq yaşadığım məhəllədə, bir az aralıda yaşayan Rəşadın evinə tərəf getdim. Ora çatandan sonra, qumbaranı evin həyətinə atdım. Qardaşımın və ailə üzvlərinin evdə olmamasını güman edirdim. Onları öldürmək, sağlamlıqlarına zərər vurmaq, həmçinin evi məhv etmək niyyətim yox idi. Qardaşımla aramızda pul borcu ilə bağlı münaqişə olmayıb”.


 
Zərərçəkmiş Rəşad İsakzadə ifadəsində göstərib ki, 2014-cü ilin aprel ayında Günay İsakzadə ilə ailə həyatı qurub, nikahdan 3 övladları dünyaya gəlib:

“2022-ci ilin may-iyun aylarında qardaşım Raminə evimdə usta kimi işlədiyi üçün hissə-hissə 1080 manat pul verdim. İyulun 5-də Ramin yanıma gəlib, borclu qaldığım 770 manat pulunu tələb etdi. Qardaşıma borcum olduğunu bildiyimi və hazırda imkanım olmadığını dedim. Amma Ramin mənimlə razılaşmayaraq həmin məbləği təcili qaytarmağımı istədi. Həyətdə dayanan qardaşım əlində parçaya bükülü vəziyyətdə olan əl qumbarasını göstərib, ona yaxın gəlməyimi söyləsə də, qorxduğumdan ona yaxınlaşmadım. Ramin borcunu verməsəm, bir gün gəlib məni partladacağını bildirdi və çıxıb getdi.

İyulun 7-də axşam Maştağa qəsəbəsində yerləşən kafedə çay içəndə, qardaşım zəng edib, harda olduğumu soruşdu. Ona şəhərdə olduğumu və gec gələcəyimi söylədim. Raminə əl qumbarasına güvənməməsini, lazım olsa bununla bağlı polisə məlumat verəcəyimi bildirdim. Cavab olaraq qardaşım mənə “işverən” deyib, telefonu söndürdü. Bir neçə saat kafedə oturduqdan sonra saat 23 radələrində evə qayıtdım. İyulun 8-də gecə saat 1 radələrində evin yataq otağına tərəf nəyinsə atıldığını və həyətə düşdüyünü hiss etdim. Bir neçə saniyədən sonra güclü partlayış baş verdi, pəncərlər sındı, ev silkələndi. Arvadım özünün və uşaqların xəsarət almadıqlarını, lakin çox qorxduqlarını dedi. Dərhal evin həyətinə çıxdım. İşıqların elektrik qovşağından söndürülüdüyünü görüb işıqları birləşdirdim. Bir-iki dəqiqədən sonra patlayış səsinə atam Nicat gəldi. 102 xidmətinə zəng edib, hadisə barədə məlumat verdim. Polis əməkdaşları gəlib yaşadığım evə baxış keçirdilər. 
Polislərə qardaşım Raminin yaşadığı evə qumbara atdığını bildirdim”.

Şahid Nicat İsakov bildirib ki, oğlu Ramin daima o biri oğlu Zaminlə səbəbsiz yerə mübahisə edib. Axırıncı dəfə Raminə birlikdə yaşamaq istəmirsə, Zaminlə razılaşıb, hazırda yaşadıqları evi satmaqlarını və ayrı-ayrı ünvanlarda ev almalarını məsləhət görüb:

“Amma Ramin razılaşmayaraq evin çox hissəsinin özünə düşməli olduğunu dedi. Bu söz-söhbətlərə görə bütün ailə üzvləri ilə Raminin arasında böyük mübahsiələr yarandı. Oğlum Rəşadla Raminin arasında pul borcuna görə də münaqişə olmuşdu. İyulun 8-də gecə evdə televizora baxarkən işıqların söndüyünü gördüm. Bundan bir neçə dəqiqədən sonra Rəşadın yaşadığı evdən güclü partlayış səsi eşitdim. Dərhal arvadım Ofelya Abbasova ilə birlikdə oğlumun həyətinə tərəf qaçdıq.

Rəşad Raminin evinə qumbara atdığını və xoşbəxtlikdən heç kimin xəsarət almadığını bildirdi. Həmin gecə Ramin polis əməkdaşları tərəfindən saxlanıldı”.

Şahid əlavə edib ki, oğlu Ramin İsakov son vaxtlar narkotik vasitələr istifadə etdiyindən, ailə üzvləri ilə səbəbsiz yerə mübahisələr yaradıb. Aralarındakı mübahisələrlə bağlı dəfələrlə 14-cü bölməyə müraciət edib.
 
Məhkəmə-narkoloji ekspertizasının rəyinə görə, müayinə zamanı Ramin İsakovda narkotik vasitələrin qəbulu nəticəsində asılılıq sindromu yaranıb. 
 
Məhkəmə iclasında Ramin İsakov ittiham üzrə özünü təqsirli bilməyib. Qeyd edib ki, qumbaranı qardaşının həyətinə Ataş adlı tanışı atıb.

Zərərçəkmiş Rəşad İsakzadə bildirib ki, qardaşına qarşı şikayəti yoxdur, çünki Ramin İsakovun onu və ailə üzvlərini öldürmək niyyəti olmayıb, sadəcə onları qorxutmaq istəyib.

Qumbaranın qalıqları
 
Məhkəmə hesab edib ki, Ramin İsakovun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd), 29, 186.2.2-ci (əmlakı qəsdən məhv etməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silah, döyüş sursatı və partlayıcı maddələr əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə düzgün tövsif olunub. O, həmin maddələrin sanksiyası həddində təqsirli bilinərək, cəzalandırılmalıdır. 
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Ramin İsakov 14 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6885
avatar

Oxşar yazılar