Lənkəranda  XÜSUSİ ƏMƏLİYYAT  - Çayın sahilində basdırdığı narkotiklə birgə tutuldu - VİDEO
27 mart 2021 14:01 (UTC +04:00)

Lənkəranda XÜSUSİ ƏMƏLİYYAT - Çayın sahilində basdırdığı narkotiklə birgə tutuldu - VİDEO

Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdiyi növbəti uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitənin ölkə ərazisində qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.

DİN-in mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, idarənin xidməti ərazisi olan Lənkəran şəhərindəki eyni adlı çayın sahilində naməlum şəxsin şübhəli hərəkətləri və mütəmadi olaraq qeyd edilən yerə gedib-gəlməsi polis əməkdaşlarının diqqətini cəlb edib. Dərhal həmin şəxs əməliyyat nəzarətinə götürülüb və onun hərəkət trayektoriyası öyrənilib. Su polislərinin keçirdiyi əməliyyat nəticəsində həmin şəxs çayın sahilində torpağın altında qazılaraq basdırılan bir ədəd bağlamanı götürüb hadisə yerindən uzaqlaşmaq istəyən zaman saxlanılıb. 

Saxlanılan zaman həmin şəxs əlindəki bağlamanı suya ataraq hadisə yerindən qaçmağa cəhd göstərsə də, polislər onun bu hərəkətinin qarşısını alıb. Polis İdarəsində araşdırma aparılan zaman həmin şəxsin İmişli rayon sakini Mahir Süleymanov olduğu məlum olub. Onun əlindəki bağlamaya baxış keçirilərkən 4 ədəd bağlamada qablaşdırılan ümumi çəkisi 7 kiloqram 155 qram olan narkotik vasitə heroin aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik maddələri adı hələ ki, istintaqa məlum olmayan xarici ölkələrdən birində yaşayan tanışının vasitəsi ilə əvvəlcədən gizlədilən yerdən satmaq məqsədi ilə əldə etdiyini bildirib.

Faktla bağlı Mahir Süleymanov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və o, tutularaq istintaqa cəlb edilib. Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
 

# 2661
avatar

Oxşar yazılar