"Kimsə mənə deyirdi ki, ailə üzvlərimi öldürməliyəm" - Əhmədin ŞOK ETİRAFLARI LENT.AZ-DA
11 sentyabr 2025 20:15 (UTC +04:00)

"Kimsə mənə deyirdi ki, ailə üzvlərimi öldürməliyəm" - Əhmədin ŞOK ETİRAFLARI LENT.AZ-DA

1

CİNAYƏT İŞİ

Qısa arayış...

2024-cü il fevralın 13-də Bakıda ailə qətliamı olur. DİN məlumat yayır ki, saat 16:30-da Xətai rayonunda 1972-ci il təvəllüdlü Mehman Əhmədovun, 1977-ci il təvəllüdlü Pikə Əhmədovanın və 2015-ci il təvəllüdlü Məhəmməd Əhmədovun qətlə yetirilməsi barədə 35-ci Polis Bölməsinə məlumat daxil olub. Ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini 1999-cu il təvəllüdlü Əhməd Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Bundan başqa, məlum olub ki, Əhməd bir qədər əvvəl həm də Suraxanı rayonunda bacısı 1997-ci il təvəllüdlü Elmira Əhmədova və onun qızı 2021-ci il təvəllüdlü Ülviyyə Niftəliyevanı da öldürüb. Belə ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları Yeni Günəşli qəsəbəsi, “D” massivindəki yaşayış kompleksində yerləşən mənzilini açdıqdan sonra, orda qadınla övladının meyitlərini aşkar edərək, aidiyyəti üzrə təhvil veriblər.


 
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

DİN-dən alınmış təlbnaməyə əsasən, Əhməd Əhmədovun barəsində CM-nin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb. 2016-cı il iyunun 17-də cinayət işi üzrə icraata xitam verilib.

Fevralın 14-də amansızlıqla qətlə yetirilən ailə üzvləri Suraxanı rayonunda yerləşən “Dədə Qorqud” qəbiristanlığında dəfn olunublar.

Lent.az ölkə gündəmini zəbt edən dəhşətli qətliamın istintaq materiallarını əldə edib.
 
İstintaqla müəyyən edilib ki, fevralın 13-ü saat 12 radələrində General Şıxlinski küçəsi, ev 59 B, mənzil 303-də psixi patologiyaya xas imperativ hallusinasiyaların və ailə üzvlərinə qarşı yaranmış sayıqlama fikirlərinin əsasında Əhməd Əhmədov şəxsi münasibətlər zəminində mətbəxdən götürdüyü bıçaqla müstəsna dərəcədə qəddarlıqla bədəninin müxtəlif nahiyələrinə ümumilikdə 57 dəfə zərbə vuraraq atası Mehman Əhmədovu xüsusi amansızlıqla qəsdən öldürüb. Bundan sonra hadisə yerini tərk edərək, istifadəsində olan “Hyundai Accent” markalı (10-LY-304) avtomobili ilə saat 14 radələrində bacısı Elmira Əhmədovanın yaşadığı Yeni Günəşli qəsəbəsi, “D” massivindəki yaşayış kompleksinə gəlib.

Mənzilə daxil olandan sonra bıçaqla bacısına ardıcıl zərbələr vurub. Kəsici alət tiyə hissəsindən iki yerə bölündüyündən o, mətbəxdən digər bıçağı götürüb xəsarətlər yetirməkdə davam edib. Elmira Əhmədova aldığı 22 bıçaq yarasından ölüb. Dərhal sonra Əhməd Əhmədov rəhimsizliklə döş qəfəsinə 2 dəfə zərbə vuraraq 3 yaşlı Ülviyyə Niftəliyevanı həyatdan məhrum edib. Bacısı ilə övladını qətlə yetirən şəxs mənzildən çıxaraq, maşınına əyləşib və Şıxlinski küçəsi, 59 ünvanına qayıdıb. İnşaat materialları mağazasından təsərrüfat təyinatlı balta alaraq, saat 15:43-də yaşadığı evə qalxıb. Giriş qapısının qarşısında 9 yaşlı qardaşı Məhəmməd Əhmədovun gözləri qarşısında xüsusi amansızlıqla anası Pikə Əhmədovanın başına, boyununa və digər nahiyələrinə 14 dəfə zərbə endirərək, onu öldürüb. Daha sonra həmin balta ilə qardaşının bədəninin müxtəlif nahiyələrinə ümumilikdə 8 dəfə zərbə vuraraq, onu xüsusi amansızlıqla  həyatdan məhrum edib.


 
Məhkəmə iclasında Əhməd Əhmədov ifadə verməkdən imtina edib. 

Əhmədovun ibtidai istintaq zamanı verdiyi ifadəsi, prosesdə elan olunub. Müəyyən edilib ki, o, prosessual fəaliyyət qabiliyyəti olmayan şəxs kimi tanınmamışdan əvvəl təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində göstərib ki, Mehman Əhmədov atası, Pikə Əhmədova anası, Elmira Əhmədova doğma bacısı, Məhəmməd Əhmədov doğma qardaşı və Ülviyyə Niftəliyeva bacısı qızı olub:

“Valideynlərim və qardaşım General Şıxlinski küçəsi, 59 ünvanında, bacım isə övladı ilə Yeni Günəşli qəsəbəsində yaşayırdılar. Dəfələrlə ailəmə problemlər yaratdığım üçün mənə Gəncə prospektində ayrı ev aldılar və orda tək yaşayırdım. Ailə üzvlərimlə münasibətim yaxşı olmayıb. Əvvəllər müxtəlif restoranlarda ofisiant və barmen kimi çalışmışam. Fevralın 13-ü saat 11 radələrində atam Mehmanla birlikdə idarə etdiyim avtomobillə Şıxlinski küçəsində yerləşən evimizə gəldik. Həmin vaxt mənzildə heç kim yox idi. Atam mətbəxdə səhər yeməyi hazırlayanda onu öldürmək qərarına gəldim. Əlimə keçən bıçaqla gözləmədiyi halda ona ardıcıl zərbələr endirdim. Onun yerə yıxıldığını görüb maşının açarını və bıçağı götürərək, mənzildən çıxdım.

Yeni Günəşli qəsəbəsinə yollandım. Bacım qapını açan kimi heç nə söyləmədən ona zərbələr vurdum. Bıçaq sındığından tez mətbəxə keçdim və orda götürdüyüm başqa kəsici alətlə Elmiranı, ardınca da ağlayan uşağını öldürdüm. Bıçaqların ikisini də orda qoyub Şıxlinski küçəsinə qayıtdım. Siqaret almaq üçün binanın həyətində yerləşən marketə girdim, lakin satıcı əlimin qanlı olduğunu görüb mənə siqaret satmadı. Marketdən çıxarkən anamla qardaşımın yaşadıqları evə getdiklərini gördüm. “1001 xırdavat” mağazasına girib 20 manata balta aldım və onların arxasınca yollandım. Baltanı belimə keçirib bloka daxil oldum və liftlə yuxarı qalxdım. Liftdən çıxan kimi baltanı çıxarıb qapını açmaq istəyən anamı vurmağa başladım. Arxadan tanımadığım qadın anamı niyə vurduğumu soruşanda, qışqıraraq, onu söydüm. Ardınca həmin balta ilə qardaşım Məhəmmədə də zərbələr endirdim”.

Mehman Əhmədovun meyiti

Onları öldürdükdən sonra qapını açaraq içəri girib. Baltanı şkafla eyvanın divarı arasındakı su borusunun arxasında gizlədib. Qana bulaşan paltarlarını dəyişərək, evdən çıxıb. Marketin qarşısında polis əməkdaşları tərəfindən saxlanılaraq 35-ci bölməyə aparılıb. Əhməd Əhmədov əlavə edib ki, valideynlərinin və bacısının onu ailənin övladı kimi saymamaları və ona diqqət göstərməmələri səbəbindən, onlara qarşı nifrət yaranıb:

“Azyaşlı Məhəmməd və Ülviyyə də böyüyüb, gələcəkdə valideynlərim kimi olacaqları üçün onları da öldürdüm ki, rahatlıq tapım. Eyni zamanda sanki daxilimdə kimsə mənə deyirdi ki, ailə üzvlərimi öldürməliyəm. Hadisə zamanı sağ əlimin iki barmağı kəsilib. Hadisənin şahidi qonşuluqda yaşayan adını bilmədiyim qadındır”.

Elmira və qızı Ülviyyənin meyitləri

O qeyd edib ki, hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Heç vaxt narkotik vasitələr qəbul etməyib. Ara bir spirtli içki içib. Cinayəti törədən zaman spirtli içkinin təsiri altında olmayıb. 
 
Mərhum Mehman Əhmədovun varisi Mehriban Mustafayeva ifadəsində göstərib ki, Mehman onun qardaşı olub:

“Hadisə barədə qohumlarım zəng edərək məlumat veriblər. Bu hadisəyə qədər Əhməd də müxtəlif dərmanlar qəbul edirdi, lakin psixiatriya dispanserində stasionar müalicə almayıb. Ölənlər və öldürən də doğmalarımdır. Buna görə də Əhmədə qarşı şikayətim yoxdur”.

Pikə Əhmədova və oğlu Məhəmmədin meyitləri
 
Mərhum Pikə Əhmədova və Məhəmməd Əhmədovun varisi Baxış Bədəlov ifadəsində göstərib ki, Pikə onun bacısı, Məhəmməd isə bacısıoğlu olub:

“Hadisə günü işdən gələndə, mənə zəng edərək Əhmədin ailə üzvlərini öldürdüyünü xəbər verdilər. Onlar yaxın ərazilərdə yaşayırdılar. Əhməd atası ilə birlikdə tez-tez evimizə gəlib-gedirdi. Əhmədin dərmanlarını qəbul etməsinə atası nəzarət edirdi, lakin son vaxtlar oğlan tək yaşadığından ehtimal ki, dərmanlarını qəbul etməyib. Şikayətçi olub-olmamaq məsələsinə gəldikdə, Əhmədi bağışlaya bilmərəm”.
 
Mərhum Elmira Əhmədovanın varisi Rüstəm Niftəliyev ifadəsində göstərib ki, Elmira və onun övladının sağ olduğunu zənn edərək hadisə yerinə gedib:

“FHN-in əməkdaşları mənzilimin qapısını açandan sonra, onların öldürüldüyü məlum oldu. Axırıncı dəfə Neapol dairəsinin yaxınlığında yaşayan Ülvi adlı şəxsin ad günündə Əhmədlə görüşmüşəm. Əhmədin psixi xəstə olması ilə bağlı hər hansı əlamətlər müşahidə etməmişdim. Özümün və ailəmin adından xahiş edirəm ki, Əhmədə ömürlük cəza verilsin”.


 
Ülviyyə Niftəliyevanın varisi Tofiq Niftəliyevin ibtifai istintaqda verdiyi ifadəsi elan olunub. Yazılanlara əsasən, 1982-ci ildən Rusiyada yaşayıb və həmin ölkənin daxili işlər orqanlarında xidmət edib:

“2016-cı ildə təqaüdə çıxmışam. Gəlinim Elmira oğlum Sərxan Niftəliyevlə 2020-ci ildə Rusiyada evləniblər. 2021-ci ildə nəvəm Ülviyyə dünyaya gəldi. Oğlum ailəsi ilə Rusiyanın Skovorodino şəhərində yaşayırdı. FHN-nin Yanğından mühafizə hissəsində dispeçer vəzifəsində çalışırdı. Hazırda Sərxan kompyüter üzrə proqramist işləyir. Uşaq anadan olduqdan sonra Elmira Bakı şəhərinə köçdü. Əhmədin evdə tez-tez ailə üzvləri ilə mübahisə etməsi və onlara qarşı kobud hərəkətlər etməsi səbəbindən 2023-cü ilin yay ayında qudam Mehman qızı üçün Yeni Günəşli qəsəbəsində ev aldı. 2024-cü il fevralın 13-də Bakıda yaşayan qohumlarım bizə Əhmədin ailə üzvlərini öldürməsi haqda məlumat veriblər. Əhmədin hansı səbəbdən bu cinayəti törətdiyini bilmirəm. Hər hansı psixi pozuntusunun olması barədə oğlanın atası Mehmandan eşitmişdim ki, guya Əhməd idman yarışlarında iştirak edəndə baş nahiyəsindən travma alıb”.

Məhəmmədin meyiti
 
Şahid qismində dindirilmiş Nurlana Əliyeva bildirib ki, 5 aydır ki General Şıxlinski küçəsi, 59 ünvanına köçüb:

“Mehman Əhmədov ailəmlə üzbəüz qonşuluqda yaşayırdı. Doktoranturaya hazırlaşdığımdan fevralın 13-də evdə dərs oxuyurdum. Blokdan səs-küy eşidib qapıya yaxınlaşdım. Qapının gözləmə dəliyindən baxanda bir nəfərin kimisə yerə yıxıb əlindəki alətlə başına zərbələr vurduğunu gördüm. Tez otağa keçib həyat yoldaşıma zəng etdim və ona qapının qarşısında hadisə baş verdiyini danışdım. Daha sonra ərim mənə geri  zəng vuraraq polisə və binanın komendantına məlumat verdiyini bildirdi. Əlimdə telefonla yenidən qapıya tərəf yaxınlaşdım, qorxduğumdan, uzun müddət keçdiyini düşünərək yenidən yoldaşıma zəng edib niyə hələ də polislərin gəlmədiklərini soruşdum. Özümü yaşadığımız 12-ci mərtəbənin eyvanından atacağımı dedim. Həmin şəxsin qapımızı baltalayıb məni öldürə biləcəyini düşündüm. Qapının dəliyindən hadisənin görüntülərini telefona çəkdim. Sonra həmin şəxs qapını açıb, öz evlərinə girdi”.


 
Şahid Sevinc Yusifzadə ifadəsində göstərib ki, o, Mehman Əhmədovla qonşuluqda yaşayır:

“Hadisə günü evdə olanda uşağın ağlayaraq “anamı öldürmə” deyə yalvardığını eşitdim. Qapını açanda Əhmədin anasının başının üzərində dayandığını gördüm. Pikə Əhmədovanın huşunu itirdiyni zənn edib onlara tərəf 1-2 addım atdım və Əhməddən nə etdiyini soruşdum. Cavab olaraq Əhməd məni söydü. Qorxaraq evə girib qapını bağladım və dərhal polisə zəng etdim. Baltanın yerə dəyməyinin səsini, sonra uşağın yalvardığını eşitdim. Əhmədin evdən çıxıb, pilləkənlə aşağı qaçmasını qapının dəliyindən gördüm”.
 
Şahid Əkbər Səfərov ifadəsində göstərib ki, Yeni Günəşli qəsəbəsində yerləşən yaşayış kompleksində mühafizəçi işləyib:

“Fevralın 13-də binaya “Hyundai Accent” markalı avtomobil yaxınlaşdı. Sürücüdən burda yaşayıb-yaşamadığını soruşduqda o, qonaq gəldiyini dedi. Təxminən 10-15 dəqiqə sonra sürücü qayıtdı. Maşınla çıxışa yaxınlaşaraq siqnal verdi və yolu açmağımı istədi. Yenə onun kim olduğunu və kimin yanına gəldiyini soruşanda, həmin şəxs əsəbləşərək “sənə demədim ki, mən qonağam, niyə 2-ci dəfə soruşursan?” söylədi”.

Şahid Xəqani Nadirovun ifadəsi olan olunub. Məlum olub ki o, Şıxlinski küçəsi, 59 ünvanında yerləşən mağazanın sahibidir:

“Hadisə günü saat 15:20-də Əhməd Əhmədov içəri girərək, üzərində “9 manat” yazısı yazılmış baltanı göstərib almaq istədiyini bildirdi. Mən də həmin aləti ona satdım. Bundan sonra Əhmədov heç nə söyləmədən mağazadan çıxdı. Onun sağ əlinə sarıdığı əl-üz dəsmalı qana bulaşmışdı”.
 
Kompleks stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyinə görə, Əhməd Əhmədovda paranoid sindromla təzahür olunan kəskin psixotik hal diaqnozlu psixi xəstəlik müəyyən edilib. Cinayət əməllərini törədərkən o, hərəkətlərinin faktiki xarakterini və onları idarə etmək iqtidarında olmayıb. Buna görə də, Əhmədov anlaqsız hesab edilib.

Əhmədin qəbul etdiyi dərmanlar

2024-cü il aprelin 24-də təkrar stasionar məhkəmə-psixiatrik ekspertizası keçirilib. İlk dəfə olduğu kimi, ekspertizanın rəyində göstərilib ki, yoxlanılan şəxsin əməli Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşüb.
 
Respublika Psixiatriya Xəstəxanasından alınmış arayışa əsasən, Əhməd Əhmədov 2020-ci il iyulun 2-də ambulator müayinədə olub. 2023-cü il dekabrın 25-də xəstəxanaya stasionar müalicəyə qəbul olunub, amma bir gündən sonra atasının ərizəsi əsasında xəstəxanadan evə buraxılıb.


 
Məhkəmə nəticəyə gəlib ki, Əhməd Əhmədovun Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddələrində nəzərdə tutulan cinayət əməllərini anlaqsız vəziyyətdə törətməsi tam sübuta yetirilib. 
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə nəzərdə tutulan əməlləri anlaqsız vəziyyətdə törətdiyindən Əhməd Əhmədov Cinayət Məcəlləsinin 21-ci maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad olunub. Onun barəsində psixiatriya xəstəxanasında tibbi xarakterli məcburi tədbirlər təyin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 1022

Oxşar yazılar