“Gallenvagen", 250 min istədilər..."  - Maqsud yenə Mahmudovdan danışdı - YENİLƏNİB
06 aprel 2022 19:35 (UTC +04:00)

“Gallenvagen", 250 min istədilər..." - Maqsud yenə Mahmudovdan danışdı - YENİLƏNİB

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə 1,6 milyon manatlıq dələduzluq əməllərinə görə həbs edilən keçmiş iş adamı, bloqer Maqsud Mahmudovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, budəfəki iclasda ifadələrdə ən çox adı hallanan şəxs lombardın işçisi Mədinə İsrafilova oldu.

Ayağa qalxıb, ifadə vermək istəyən Mədinəyə hakim növbəti prosesə çağırılacağını, zərərçəkmişlərdən sonra ifadə verəcəyini dedi.

Mədinə İsrafilova əsəbi halda ayağa qalxdı. “Alçaq Maqsud! Mən zərərçəkmişəm, niyə şahid qismində ifadə verməliyəm? Allah bəlasını versin!” - deyərək otağı tərk etdi.

 

Fəhlə 4-cü mərtəbədən yıxılıb öldü, digəri infarkt keçirdi...

 

Bundan sonra Maqsud Mahmudov ifadə verməyə başladı. Əvvəlcə sakit tonda danışmağa çalışsa da, sonradan səsini yüksəldərək nalayiq sözlər işlətməyə başladı:

“Sağ olsun, Aslan Qəhrəmanov çox kömək edib. Amma aldıqlarını danır. 2010-cu ildən çox yaxın olmuşuq. Badamdarda Eldar Mahmudovun evinin yanında ev tikirdim. Orada beton sifariş verdim. Betonu gətirən fəhlə 4-cü mərtəbədən yıxıldı öldü. Mən onda Aslandan kömək istədim. Dedim ki, 50 sotun içində ev tikilib, mənə pul ver. O da verdi. Mənim onda əlavə 600 min manatlıq evim var idi. Tərslikdən həmin evə gələn usta da infarkt keçirdi öldü. Nəysə, gözəl”.

Maqsudun sonuncu sözü hakim Faiq Qəniyevin diqqətini çəkdi:

“Maqsud, harası gözəldi? Ölüblər e”.

Maqsud Mahmudov o evdə yaşaya bilməyəcəyini dedi:

“Yəni mən qorxdum, daha həmin evə getmədim. Hər iki işlə bağlı Səbail prokurorluğunda cinayət işi başlandı. Gəldim ölü yiyələri ilə razılaşmağa, dedilər, ev ver, razılaşdıq. Evi 450 min manata satışa çıxardım. Evi satanda Aslan gəldi dedi ki, baha sataq evi. Səhər saat 12-də ölən şəxslərin yiyələrinə pul verməliyəm.

Evi alan gəlmədi. Sonra başqa bir nəfər 320 minə razılaşdı mənimlə. Həmin şəxs mənə 90 min manatın əvəzinə brilliant daş verdi”.

Bu an zərərçəkmiş Aslan Qəhrəmanov əsəbi şəkildə:

“Yalan deyir. Ölü yiyələrinə ev yox, pul verildi”.

 

“Nazirlikdə məndən “Gallenvagen" və 250 min manat isdədilər, verməsəydim...”

 

Sonra M.Mahmudov iddia etdi ki, onu Milli Təhlükəsizlik Nazirliyinə çağırıb rüşvət istəyiblər:

"Milli Təhlükəsizlik Nazirliyində məndən bir “Gallenvagen" və 250 min manat istədilər. Bildirdilər ki, əks halda həbs edəcəklər. Mən də Aslandan 120 min manat borc istədim. Aslan dedi ki, obyektim var, onu sat pulu götür. Həmin obyekti 250 minə istədilər. Aslan isə 450 min manata dedi. Sonra dedi ki, 400 min manata sənə görə satıram. Daha sonra bir müştəri 290 min manata almaq istədi, razılaşdıq".

İfadə zamanı Maqsud Mahmudov Eldar Mahmudovun ondan pul aldığını bildirdi:

“Eldar Mahmudovla mən uşaqlıqdan bir həyətdə böyümüşəm. Həmişə məndən pul alıb Eldar. Mən indi istəmirəm ki, məni dələduz kimi tanısınlar. Aslan deyir ki, 110 min ondan pul almışam. Amma elə deyil”.

 

“Adam kişi kimi danışar...”

 

“Mən öləndən sonra Aslanın pulu bata bilər. Mən Aslanı 2010-cu ildən tanımışam. Onun pulunu ödəyəcəyəm. Yalandan istintaqda ifadə verir ki, 100 min, indi isə deyir ki, 134 min manat pul qaytarmışam. Adam kişi kimi danışar”.

Hakim Maqsud Mahmudova ifadələrinə görə xəbərdarlıq etdi.

Buna baxmayaraq, M.Mahmudov eyni tərzdə davam etdi:

“Aslanı kimsə öyrədib, elə bil kino çəkirik... Adı Aslan olsa da, ürəyi sərçə kimidi. Qardaş dediyim, bir çörək kəsdiyim adam indi mənim barəmdə yalan ifadə verir”.

Hakim Faiq Qəniyev növbəti xəbərdarlıq edir.

 

Zərərçəkmişin Maqsuda görə hakimdəm xahişi...

 

Zərərçəkmiş Aslan Qəhrəmanov hakimdən xahiş etdi:

“Hörmətli hakim, olar mən gələn dəfə gələndə Maqsuda dəftər və qələm gətirim. Yalanları ilə bir kitab yazsın”.

Hakim sözü digər zərərçəkmişə - zərgər kimi çalışan Məzahirə verdi:

“İnsan şərəfli olar. Şərəflə danışar. Sən elə danışırsan ki, elə bil düzsən. Şərəfsiz”.

Sonra qərara alındı ki, dindirilməyənlərə məhkəmənin növbəti iclasında söz veriləcək.

Məhkəmənin növbəti iclası apreli 11-nə təyin edilib.

Qeyd edək ki, M.Mahmudova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) , 182.2.2 ( (təkrar hədə-qorxu ilə tələb etmə) və 183.2.2 (xüsusi dəyəri olan əşyaları talama - təkrar törədildikdə) maddələri ilə ittiham elan olunub. Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu ötən ilin iyul ayında Ukrayna ərazisində tutulub. O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

İş üzrə 91 nəfər zərərçəkmiş tanınıb.

***

16:10

1,6 milyon manatlıq dələduzluq əməllərinə görə həbs edilən keçmiş iş adamı, bloqer Maqsud Mahmudovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Maqsud Mahmudov ifadə verib.

M.Mahmudov iddia edir ki, onu Milli Təhlükəsizlik Nazirliyinə çağırıb rüşvət istəyiblər:

"Milli Təhlükəsizlik Nazirliyində məndən bir "Gelandewagen" və 250 min manat istədilər. Bildirdilər ki, əks halda məni həbs edəcəklər. Mən də Aslandan 120 min manat borc istədim. Aslan dedi ki, obyektim var, onu sat pulu götür. Həmin obyekti 250 minə istədilər. Aslan isə 450 min manata dedi. Sonra dedi ki, 400 min manata sənə görə satıram. Daha sonra bir müştəri 290 min manata almaq istədi, razılaşdıq".

İfadə zamanı Maqsud Mahmudov Eldar Mahmudovun ondan pul aldığını deyib:
 
“Eldar Mahmudovla mən uşaqlıqdan bir həyətdə böyümüşəm. Həmişə məndən pul alıb Eldar. Mən indi istəmirəm ki məni dələduz kimi tanısınlar. Aslan deyir ki 110 min ondan pul almışam. Amma elə deyil”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11106
avatar

Oxşar yazılar