Gəncənin Cavadxan qəsəbəsində 6 evdən oğurluq edərək, cinayət izlərini itirmək məqsədilə həmin fərdi yaşayış evlərini yandırmaqda şübhəli bilinən Goranboy rayon sakini Arzu Məmmədov saxlanılıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, A. Məmmədov sonuncu dəfə qəsəbə sakini Anar Əliyevə məxsus fərdi yaşayış evinə daxil olaraq, oradan 1030 manat dəyərində müxtəlif ev əşyalarını oğurladıqdan sonra cinayət izlərini itirmək üçün evi yandırıb və nəticədə vətəndaşa külli miqdarda ziyan vurub.
Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxsin əlavə 5 oxşar cinayət hadisəsi törətdiyi məlum olub. Saxlanılan şəxs maddi sübutlarla birlikdə istintaqa təhvil verilib faktlarla bağlı araşdırmalar davam etdirilir.