Bakının Sabunçu rayonunda ayrı-ayrı şəxslərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində bir neçə uğurlu əməliyyat keçirilib.
DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Sabunçu rayon Polis İdarəsi 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində əvvəllər məhkum olunmuş vətəndaş Ədalət Bağırov saxlanılıb. Onun üzərinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, həmin silaha məxsus daraq və 7 ədəd patron aşkar olunaraq götürülüb. Saxlanılan şəxs silah-sursatın ona məxsus olduğunu bildirib.
Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri digər bir əməliyyat zamanı isə qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş vətəndaş Canbaxış Əliyev tutulub. Onun üzərinə baxış zamanı 2 qrama yaxın psixotrop maddə olan metamfetamin aşkar edilib.
Əməliyyat tədbirlərinin davamı olaraq şöbə əməkdaşlarının Canbaxış Əliyevin Ramana qəsəbəsində yaşadığı evin həyətindəki istixanaya baxışı zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat silah, 1 ədəd sandıqça və 5 ədəd patron aşkar edilərək götürülüb.
Hər iki faktla bağlı 12-ci Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Sabunçu rayon Polis İdarəsinə göndərilib, istintaq tədbirləri davam etdirilir.