Bakıda AİLƏ DRAMI:  Arvadını 35 dəfə bıçaqladı
18 sentyabr 2024 11:45 (UTC +04:00)

Bakıda AİLƏ DRAMI: Arvadını 35 dəfə bıçaqladı

Övladlarını görməyə gələn qadını qətlə yetirən şəxs 18 il azadlıqdan məhrum edilib.

Lent.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hadisədə təqsirli bilinən Rövşən Quliyevə hökm oxunub.

Prosesdə keçmiş həyat yoldaşını qısqanclıq zəminində qətlə yetirən Rövşən Quliyevin məhkəmədə ibtidai istintaq vaxtı şahid qismində ifadə verən Əli Əliyevin ifadəsi elan olunub:

"Qadının saçını tutub özünə tərəf çəkəndə mən istədim kömək edim. Ancaq Rövşən cibindən bıçaq çıxarıb heç kimin yaxına gəlməməyini söyləyərək qadına çoxsaylı zərbələr endirdi".

Şahidin ifadəsi elan olunduqdan sonra hakim sənədlərin tədqiqinə başlayıb. Məlum olub ki, Rövşən Quliyev bundan öncə də 2 dəfə məhkum olunub. Məhkəmə istintaqı yekunlaşdıqdan sonra hakim çıxış üçün dövlət ittihamçısı Orxan Səmədova söz verib. Dövlət ittihamçısı Rövşən Quliyevin zərərçəkmişlə barışığının olmamasını, əvvəllər məhkum olunmasını nəzərə alaraq ona 19 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

Hakimlər müşavirəyə gedib gəldikdən hökmü elan ediblər.

Rövşən Quliyev 18 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Rövşən Quliyevin anası Hənifə Quliyeva oğlunun Sevinc İbrahimova ilə üç il öncə boşandığını deyib. Sevinc Rövşən və keçmiş qaynanasının birgə yaşadığı evə iki övladını görmək üçün gəlib. Rövşən isə ona uşaqlarla görüşünə imkan verməyib.

Daha sonra keçmiş ər küçədə qadına 35 bıçaq zərbəsi vurub. 

Qeyd edək ki, cütlüyün birgə nikahdan 14 və 6 yaşlı övladları var.

Xatırladaq ki, bu il fevralın 13-ü saat 18 radələrində paytaxtın Nərimanov rayonu ərazisində Sevinc İbrahimovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırma zamanı 39 yaşlı Rövşən Quliyevin Nərimanov rayonu S.Ələsgərov küçəsi ərazisində aralarında yaranmış mübahisə zamanı Sevinc İbrahimovaya kəsici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, prokurorluğun qərarı ilə Rövşən Quliyev iş üzrə şübhəli şəxs qismində tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3822
avatar

Fidan İlqar

Oxşar yazılar