CİNAYƏT İŞİ
Qısa arayış...
2016-cı il aprelin 11-də naməlum şəxs Binəqədi rayonun Cavadxan küçəsində Bərdə rayon sakini Hüseyn Qasımova odlu silahdan atəş açaraq, onu yaralayıb. Daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilərkən məlum olub ki, atılan güllələr küçədə parklanmış vətəndaş Xəzər Cəfərzadəyə məxsus “Niva” markalı avtomobilin arxa yan şüşəsinə və arxa təkərinə, eləcə də “Akademik Zərifə Əliyeva” adına Milli Oftalmologiya Mərkəzində 2 nömrəli mühafizə postunun pəncərəsinə dəyib.
Bundan 2 gün sonra Daxili İşlər Nazirliyi məlumat yayıb ki, aprelin 11-də sözügedən cinayəti törədən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil Hüseynli tutulub. Onun kirayədə yaşadığı evdən “Kalaşnikov” konstruksiyalı avtomat və 22 ədəd güllə aşkar edilərək, götürülüb. Zərərçəkmiş şəxs bildirib ki, tanışı Günel Süleymanovanın ona 35.000 manat pul borcu olub, məhz bu səbəbdən qadın Ramil Hüseynliyə onu öldürməyi sifariş verib.
Toplanmış ilkin material polis idarəsindən rayon prokurorluğuna göndərilib. Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.
1983-cü il təvəllüdlü Ramil Hüseynli 2003-cü ildə Ağır Cinayətlərə dair işlər üzrə Hərbi Məhkəmənin hökmü ilə CM-nin 144-cü (adam oğurluğu), 234.1-ci (satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə və saxlama) və 334.ci (fərarilik) maddələri ilə 12 il müddətinə azadlıqdan məhrum olunub.
Günel Süleymanova 1983-cü ildə Göyçay şəhərində anadan olub, əvvəllər məhkum olunmayıb. Rasim Süleymanov 1952-ci ildə Göyçay şəhərində anadan olub, əvvəllər məhkum olunmayıb. Ramin Həsənov 1979-cu ildə Bakı şəhərində anadan olub, 2013-cü ildə Nəsimi rayon məhkəməsinin hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Əlikubar Kubarov 1967-ci ildə Bakı şəhərində anadan olub, əvvəllər məhkum olunmayıb.
Lent.az cinayət hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, Ramil Hüseynli dostu Ramin Həsənov və istintaqa məlum olmayan digər şəxslərlə birlikdə 2016-cı il martın 6-ı gecə saat 3 radələrində Nəsimi rayonu, 3-cü mikrorayonda fəaliyyət göstərən “AC klub” çay evində əsaslı səbəb olmadan, spirtli içkinin baha qiymətə verilməsini bəhanə edib, obyektin müdiri Füzuli Alıyevlə mübahisə edib. Ünvanına nalayiq ifadələr işlədib, iş otağına daxil olaraq, həmin şəxsi döyüblər. Otaqda 4500 manat dəyərində olan avadanlığı döşəmə üzərinə çırparaq, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurublar. Habelə, obyektin normal fəaliyyətini pozmaqla, qərəzli xuliqanlıq hərəkətləri ediblər.
Həmin il martın 19-dan 20-nə keçən gecə Ramil Hüseynli tanışı Əlikubar Kubarov və digər şəxslərlə, qrup halında Yasamal rayonu, Müzəffər Həsənov küçəsində yerləşən “Güneş” adlı kafedə, xəzinədar işləyən Azər Tağıyevi döyüblər, masaları və stulları sındırıblar. Əlikubar Kubarov silah qismində istəfadə etdiyi bıçaqla kafedə müğənni kimi çalışan Şəhla Bayramovaya yüngül dərəcəli bədən xəsarətləri yetirib.
Bundan başqa, Günel Süleymanova tanışı Hüseyn Qasımova, onun həbs olunmuş oğlu Orxan Xəlillinin cinayət məsuliyyətindən azad edilməsində və istintaq təcridxanasından azadlığa buraxılmasında köməklik edəcəyini bildirib. Bu adla, 2015-ci ilin sentyabr ayından 2016-cı il martın 14-nə kimi olan müddət ərzində qadın atası Rasim Süleymanovla birlikdə Qasımovdan vahid niyyətlə ümumilikdə 33.500 manat pul vəsaitini alıblar və bununla da, zərərçəkmişə qarşı dələduzluq ediblər.
Ramil Hüseynli tanışı Günel Süleymanova tərəfindən vətəndaş Hüseyn Qasımova qarşı törətdiyi dələduzluq cinayətini tamah niyyəti ilə gizlətməkdən ötrü 40.000 manat müqabilində Qasımovun qətlə yetirilməsi sifarişini qadından qəbul edib. Bu məqsədlə, aprelin 9-da Günel Süleymanovadan ilkin olaraq 1200 manat və 140 dollar məbləğində pul vəsaiti alaraq, istintaqa məlum olmayan mənbədən “Kalaşnikov” konstruksiyalı avtomat və 35 ədəd patron əldə edib. Aprelin 10-u saat 20-də “Memar Əcəmi” metrostansiyasının yaxınlığında görüşəndən sonra, qadınla birlikdə 9-cu mikrorayona, Cavadxan küçəsindəki 3 nömrəli binanın yanına gəlib. Öldürməli olduğu şəxsin blokdan küçəyə çıxış istiqamətini dəqiqləşdirib. Cinayətin törədilməsini ayın 11-i səhər saat 5 radələrinə planlaşdırıblar. Razılaşdıqları kimi, Günel Süleymanova Gəncə şəhərinə getmək bəhanəsi ilə Hüseyn Qasımova zəng edib, idarə etdiyi avtomobillə artıq binanın qarşısında dayanıb, onu gözlədiyini bildirib. Qasımov binadan çıxıb, maşına tərəf hərəkət edərkən, ərzaq mağazasının arxasında pusquda dayanmış Ramil Hüseynli odlu silahdan atəşlər açıb. Sağ ayağından yaralanan Hüseyn Qasımov xilas olunmaqdan ötrü şam ağaclarının arxasında gizləndiyindən o, iradəsindən asılı olmayan səbəblərə görə qəsdən adam öldürməyə yönəlmiş əməlini başa çatdıra bilməyib.
İş üzrə dindirilmiş Ramil Hüseynli bildirib ki, martın 19-u saat 23 radələrində qonşusu Əlikubar Kubarovla birlikdə canlı musiqiyə qulaq asmaq üçün taksi ilə “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən kafeyə gedib. 2-ci mərtəbəyə qalxaraq, zala daxil olublar:
“İşçilərdən biri bizə sağ tərəfdə əyləşməyimizi təklif etdi. Bir azdan müştərilər arasında dava düşdü, hər ikimiz ayağa qalxıb onları ayırmağa çalışdıq. Bu zaman kafenin işçisi məni söydüyü üçün onu bir dəfə yumruqla vurdum. Dostum Əlikubar da söyüş söyən müğənninin üzünə yumruqla zərbə vurdu. Qız sakitləşmədiyinə görə, saçlarından tutub söyüş söyməməsini tələb etdi. Mən də əsəbləşərək, stulları götürüb musiqiçiyə tərəfə atdım. Orda olan tanımadığım şəxslər bizi sakitləşdirib kafedən çölə çıxartdılar. Taksi ilə yaşadığımız məhəlləyə qayıtdıq və sağollaşaraq hər birimiz öz evimizə getdik”.
Aprelin 9-u saat 15 radələrində həbsxanada tanış olduğu Sahib adlı şəxs ona zəng vurub, görüşmək istədiyini deyib:
“Çayxanada Sahib bildirdi ki, Günel adlı tanışı var, həmin qadını bir nəfər zorlayıb və videogörüntülərini çəkib. İndi də həmin şəxs qadını şantaj edir. Bundan əlavə Sahib deyib ki, Günel pullu qadındır və məsələni ətraflı özü danışacaq. Sahibin maşınına əyləşib, 4-cü mikrorayon dairəsinə gedən yolun kənarına gəldik. Orda avtomobildən düşüb Günelin idarə etdiyi qara rəngli maşına oturduq. Günel sükan arxasında, yanında sonradan adının “Sabina” olduğunu bildiyim qız əyləşmişdi. Günel bizə danışdı ki, Bərdədən olan Hüseyn adlı bir kişinin övladının məhkəmədə olan işini həll edib. Bunun qarşılığında Hüseyn ona 35.000 manat verəcəyini vəd etsə də, onu aldadıb. Pul vermək bəhanəsi ilə “Salyanski kazarma” deyilən əraziyə aparıb öz maşınında onu zorlayıb və bunu telefonuna çəkib. Hazırda da şantaj edərək, əgər pulu istəsə, həmin videonu ailə üzvlərinə göstərəcəyini bildirib. Günel məndən xahiş etdi ki, Hüseyni qorxudum və döyüm. Özümü Yusif kimi təqdim etdim. Günelə, görüşüb ətraflı söhbət etməli olduğumu söyləyərək, telefon nömrəsini götürdüm. Aprelin 10-da zəngləşib Günellə günorta 9-cu mikrorayonda görüşərək “Manqal” adlı restorana getdik. Qadın yenə də həmin məsələni mənə danışaraq Hüseyni “cəzalandırmağı”mı xahiş etdi. Günelə dedim ki, dediyi adamı silahla atəş açıb, qorxudacam. Qadın da mənimlə razılaşdı.
Ona bu işi ən aşağısı 40.000 manata görəcəyimi bildirdim. Günel 20.000 manatı sabah çatdıracağını, qalan hissəsini isə mayın 10-nadək verəcəyini dedi. Günel mənə bildirdi ki, narahat olmayım, çünki hamı bu məsələdə Hüseynlə düşmənçiliyi olan Xaləddin adlı şəxsdən şübhələnəcək. Çünki Hüseynin oğlu Xaləddinin oğlunu maşınla vurub öldürüb və hazırda onların düşmənçiliyi var. Pul almaq məqsədi ilə qadına yalandan silahım olmadığını söylədim. Halbuki evimdə odlu silahım vardı. Onu 2015-ci ilin dekabr ayında Rusiyanın Astraxan şəhərindən almışdım. Evdə silah saxlamağımı heç kim bilmirdi. Axşam Günel avtomat almaq üçün mənə 1.200 manat pul verdi. Məni Cavadxan küçəsində, xəstəxananın yanına yerləşən binanın qarşısına apardı və Hüseynin orda yaşadığını dedi. Onun sözlərinə görə, aprelin 11-i səhər saat 5-də Hüseyn binadan çıxıb, onun avtomobilinə oturacaq və birlikdə Gəncə şəhərinə gedəcəklər. Bundan sonra ayrıldıq. Evə gedib hazırlıq işləri görməyə başladım. Avtomatı divanın altında saxladığım yerdən götürdüm və görünməyən sellofan torbaya qoydum. Piyada Hüseynin yaşadığı binanın qarşısına getdim. Yaxınlıqda yerləşən mağazanın yanında dayanıb gözlədim. Səhər saat 5 radələrində Hüseyn evdən çıxdı, telefonla danışırdı. Günel maşının içərisində blokun yanında dayanmışdı.
Hüseynin nisbətən yaxınlaşmasını gözlədim və aramızda 7-8 metr olanda 5 dəfə onun istiqamətində, sonra da göyə atəş açdım. Hüseyn ağacın arxasına keçdi”.
Avtomatik rejimdə ardıcıl daha 3 güllə atıb. Məqsədi onu qorxutmaq olub. Buna görə də silahı tam ona doğru tuşlamayıb, güllələri başının üstündən atıb. Atəş açan zaman silahı tamamilə sellofan torbaya bükdüyü üçün gilizlər yerə tökülməyib. Hadisədən sonra avtomatı yaxınlıqda yerləşən şadlıq evinin arxasında gizlədib:
“Gilizləri kanalizasiya lyukuna tulladım. 1 saatdan sonra silahı gizlətdiyim yerdən götürüb evimə gətirdim. Bir neçə dəfə zəng vursam da, Günel cavab vermədi. Sonra qadın özü əlaqə saxlayaraq, hadisə ilə əlaqədar bölmədə olduğunu dedi. Günorta Yasamal rayonun Şərifzadə küçəsində görüşdük. Günel hər şeyin yaxşı olmasını, hadisənin müşahidə kameralara düşmədiyini bildirdi. Günelə dedim ki, saat 21:00-da gəlib dediyi yerdən pulu götürəcəm. Qadın razılaşaraq dedi ki, telefonun sim kartını verim, polis bölməsində soruşsalar deyəcək ki, guya anasına məxsus telefonun nömrəsidir. Növbəti gün saat
14 radələrində başqa nömrədən zəng edəndə Günel bölmədə işini bitirdiyini və görüşüb, mənə pulu çatdıracağını söylədi. Xutor qəsəbəsində yerləşən “İstanbul” restoranın yanında görüşə gəldi. Orda polis əməkdaşları məni saxlayaraq 7-ci bölməyə apardılar. Daha sonra yaşadığım mənzildə axtarış aparılarkən, odlu silah aşkar olunaraq, götürüldü”.
İş üzrə dindirilmiş Günel Süleymanova bildirib ki, Turab Piriyevi 2015-ci ilin sentyabr-oktyabr aylarında atası Rasimin vasitəsi ilə tanıyıb. Belə ki, həmin vaxt Turab Hüseyn Qasımovun oğlu Orxan Xəlillinin törətdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı danışıq aparmaq üçün onların “Vorovski” qəsəbəsində kirayədə yaşadığı evə gəlib:
“Söhbət zamanı Turab Hüseynin oğlunun barəsində başlanılan cinayət işinin istintaqda xitam olunması istədiyini, bu işi görmək üçün 22.500 manat verə biləcəyini söylədi. Cavab olaraq Turab müəllimə dedik ki, müstəntiqlə danışıb ona cavab verəcəyik. Turab mənə atamın yanında masanın üzərinə ilkin olaraq 7000 manat qoyaraq, qalan 3000-ni yaxın 3-4 günə verəcəyini bildirdi. Sonra Turabdan Hüseynin telefon nömrəsini götürdüm və fikirləşdim ki, onunla özüm birbaşa əlaqə saxlayıb danışım. Növbəti gün Hüseyn Qasımova zəng edib danışarkən bildirdim ki, oğlunun işini danışıb həll edəcəm, buna görə də görüşməliyik.
Həmin gün Hüseyn evimizə gəldi. İstintaq dövründə barışıq əldə olunmadığı üçün 2015-ci ilin dekabr ayında Bərdə rayon məhkəməsinin qərarı ilə Orxan Xəlillinin barəsində həbs qətimkan tədbiri seçilmişdi. Orxanın ev dustaqlığına buraxılması barədə verilmiş vəsatət məhkəmədə təmin edilməmişdi. Həmin qərarın ləğv olunması barədə Gəncə Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilmişdi. Şikayət təmin olunaraq Orxan azadlığa buraxılmışdı, amma işi istintaqda xitam etmək mümkün olmamışdı. Söz verdim ki, Orxanın işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılarkən ona həbslə bağlı olmayan hökm çıxarılacaq. Bu adla Hüseyndən 2015-ci ilin dekabr ayından 2016-cı il martın 14-ə kimi müxtəlif vaxtlarda yaşadığı Mir Cəlal küçəsi, 3 ünvanında ümumilikdə 22.300 manat aldım. Martın 14-də Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Orxan Xəlilli 8 il müddətinə azadlıqdan məhrum olundu. Bun görən Hüseyn Qasımov artıq məndən verdiyi pulu tələb etməyə başlayanda, bildirdim ki, oğlanın cəzası apellyasiya məhkəməsində 3 il 6 ay azaldılacaq. Gəncə Apellyasiya Məhkəməsində məhkəmə iclası aprelin 11-nə təyin olunmuşdu. Verdiyi pulu tələb etdiyindən Hüseyni cəzalandırmaq qərarına gəldim. Aprelin 9-da Ramillə görüşəndə ona 1000 manat pul verdim. İşi həll edəndən sonra, ona əlavə 1000 manat verəcəyimi bildirdim.
Ramillə aprelin 11-də Hüseyinlə görüşəcəyi yeri göstərdim. Aprelin 11-də Gəncəyə getməkdən ötrü atam Rasimlə birlikdə idarə etdiyim avtomobillə Hüseynin yaşadığı evin qarşısına gəldik. Bundan 3-4 dəqiqə sonra atəş səsləri eşitdim. Arxaya çevriləndə Hüseynin qaçaraq, ağacın arxasında gizləndiyini gördüm. Avtomobildən düşüb atamla Hüseynə tərəfə gedib onun ayağından yaralandığını gördük. Hüseyn özü 102 xidmətinə və Təcili Tibbi Yardıma zəng edib, hadisə barədə məlumat verdi”.
5-10 dəqiqədən sonra Təcili yardım işçiləri və polis əməkdaşları gəliblər. Hüseyn Kliniki Tibbi Mərkəzə aparılıb.
Zərərçəkmiş Hüseyn Qasımov ifadəsində göstərib ki, Bərdə rayon İcra Hakimiyyətində ərazi idarəetmə şöbəsinin böyük məsləhətçisi vəzifəsində işləyib. 2015-ci ilin oktyabr ayında öz ərizəsi ilə işdən çıxıb:
“Bərdədən Bakı şəhərinə köçməyimin və tutduğum vəzifədən ərizəmlə uzaqlaşmağımın səbəbi oğlum Orxanın törətdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı idi. Bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətdikdən sonra oğlumun istintaqda və ya məhkəmədə işinə kömək edə biləcək şəxs axtarırdım. Əmimoğlunun vasitəsi ilə tanış olduğum Turab Piriyev problemimin həll olunması üçün 25-30.000 manat pul lazım olduğunu dedi. Onun vasitəsi ilə Rasim Süleymanov və qızı Günellə tanış oldum. Aprelin 11-də Gəncə şəhərinə Günelin idarə etdiyi “Honda Akkord” markalı maşınla getməli idik. Arvadımdan təxminən 3-4 dəqiqə əvvəl evdən çıxdım.
Maşına arxa tərəfdən yaxınlaşa-yaxınlaşa həyat yoldaşıma zəng edib dedim ki, sənədlərini gətirsin. Telefonla danışarkən ayağımın altında nəsə partladığını və sağ ayağımın dabanında ağrı hiss etdim. Avtomobildə oturan Rasimə “kimsə mənə atəş açır” dedim, özümü qorumaq üçün şam ağacının arxasına keçdim. Daha bir neçə dəfə atəş açıldı. Günel yaxınlaşıb, corabımı çıxarmaqda mənə kömək etdi”.
Zərərçəkmiş əlavə edib ki, Günel Süleymanovanın onun tərəfindən zorlanması barədə verdiyi ifadəsi yalandır.
Məhkəmə hesab edib ki, Ramil Hüseynli və Günel Süleymanovanın Cinayət Məcəlləsinin 29,120.2.1-ci, 29,120.2.4-cü, 29,120.2.5-ci və 29,120.2.6-cı (qrup halında, sifarişlə, xüsusi amansızlıqla, başqa cinayəti gizlətmək məqsədi ilə qəsdən adam öldürməyə cəhd), 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə və gəzdirmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), Rasim Süleymanovun CM-nin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), Ramin Həsənovun və Əlikubar Kubarovun CM-nin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalarla törədildikə) maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları tam sübuta yetirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramil Hüseynli və Günel Süleymanova 16 il müddətinə azadlıqdan məhrum olunublar. Bundan başqa, Rasim Süleymanova 8 il, Ramin Həsənova 6 il və Əlikubar Kubarova 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzaları təyin olunub.
Rasim Süleymanov - Günelin atası