Azərbaycana külli miqdarda narkotik keçirmək istəyənlər saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Lent.az-a daxil olan xəbərə görə, fevral ayının 7-də Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Abbasalı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən sərhədboyu zolaqda 4 nəfər naməlum şəxsin hərəkəti müşahidə olunub. Sərhəd naryadı onlara “Dayan” komandası versə də, sərhəd pozucuları əmrə tabe olmayaraq hadisə yerindən qaçıblar.
Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi qapadılmış, sərhəd naryadları tərəfindən qaçaqmalçıların təqibi və hadisə yerinin axtarışı keçirilib.
Əraziyə baxış zamanı 4 ədəd qara rəngli kisədə təxminən ümumi çəkisi 73 kiloqram olan narkotik vasitələrə və psixotrop preparatlara oxşar maddələr aşkar olunaraq götürülüb.
Sərhəd pozucularından biri - Yardımlı rayon sakini, 30 yaşlı Heydərli Orxan Nizami oğlu yaxalanıb, digər 3 nəfər ərazinin mürəkkəb dağlıq və meşə relyefli olmasından istifadə edərək hadisə yerindən uzaqlaşıblar.
Sərhəd pozucularının şəxsiyyətləri dərhal müəyyənləşdirilərək, Yardımlı rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri 30 yaşlı Sultanov Eldəniz Arzuman oğlunun və 25 yaşlı Sultanov Orxan Ənvər oğlunun olduqları yer müəyyən edilərək saxlanılıblar.
Saxlanılmış şəxslərin sərhəd naryadlarının təqibindən yayınmaq üçün yüksək qayalıqdan tullanmaları nəticəsində yüngül bədən xəsarətləri almaları məlum olub. Digər sərhəd pozucusunun axtarışı üzrə tədbirlər həyata keçirilir.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.