27 manata görə atasını öldürdülər, hadisəni “XƏBƏRLƏR”dən öyrəndi – ŞOK CİNAYƏT
28 aprel 2022 20:15 (UTC +04:00)

27 manata görə atasını öldürdülər, hadisəni “XƏBƏRLƏR”dən öyrəndi – ŞOK CİNAYƏT

CİNAYƏT İŞİ

Qısa arayış…

2021-ci il yanvarın 22-si Saray qəsəbə sakini İsmayıl Əliyev Abşeron rayon Polis İdarəsinə gələrək qonşusu Tofiq Bədirovu boğub öldürdüyünü bildirir. Dərhal hadisənin baş verdiyi Abşeron rayonu Saray qəsəbəsi, Mikayıl Müşfiq küçəsi 30 ünvanına əməliyyat qrupu çıxır. Hadisə yerinə baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb sübutlar götürülür və müvafiq ekspertizalar təyin edilir. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Tofiq Bədirovun qanında 2,3 faiz etil spirti aşkar edilir.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanır.

Qətl olan ev

Lent.az sözügedən qətl hadisəsinin istintaq materiallarını əldə edib:

Cinayət işinin istintaqı zamanı müəyyən edilib ki, yanvarın 21-i saat 22 radələrində 2003-cü il təvəllüdlü İsmayıl Əliyev qonşusu, 1972-ci il təvəllüdlü Tofiq Bədirovun yaşadığı evdə birlikdə spirtli içki qəbul edib. Bu zaman Tofiq, İsmayılı 27 manat pulunu oğurlamaqda günahlandırıb və onu söyüb. Buna görə, İsmayıl evi tərk edib və özünə yaxın hesab etdiyi Natiq Hüsiyevin yanına gedib. Tofiq Bədirovun onu oğurluqda ittiham edərək şərlədiyini söyləyib.

Hüsiyev onun mobil telefonu ilə Bədirova irad xarakterli səsli mesaj göndərib, evə getməsini məsləhət görsə də, İsmayıl qonşusunu öldürmək qərarına gəlib. Bu niyyətlə evinə qayıdıb, əvvəl sağ əli ilə Tofiqin çənəsinə yumruq vurub. Sonra öz gödəkcəsi ilə Tofiqi boğaraq öldürüb.

Cinayət olan otaq

İş üzrə dindirilmiş İsmayıl Əliyev bildirib ki, valideynləri ilə birlikdə Saray qəsəbəsində yaşayıb. 3 il əvvəl qonşusu Tofiq Bədirovun 2007-ci il təvəllüdlü Tamerlan adlı oğlu ilə dost kimi münasibəti yaranıb, tez-tez evlərində olub:

“Təxminən 7-8 ay əvvəl dostum anasının yaşadığı Yardımlı rayonuna getmişdi. Tamerlanla tez-tez telefonla əlaqə saxlayırdıq. İki gündən bir Tamerlanın atasının yanına gedib, onunla birlikdə içirdik. Spirtli içki içərkən Tofiq öz ailəsindən və qardaşlarından şikayətlənirdi. Tofiqin qardaşlarının Bakının Nizami küçəsində obyektləri olub. Onlar icarə haqqının bir hissəsini Tofiqə veriblər, o da pulları öz ehtiyacları üçün xərcləyib. Tofiqin yanına getməyimdən ailə üzvlərimin xəbəri yox idi. Çünki valideynlərimin Tofiqdən xoşu gəlmirdi. Tofiq qardaşlarının göndərdiyi pulun çoxunu spirtli içkiyə verirdi. Yanvarın 22-də səhər Tamerlan “Whatsapp”da mesaj yazaraq, xahiş etdi ki, atasına baş çəkim.

İttiham aktı

Buna görə də saat 15 radələrində onun yanına getdim, içdik. Bir müddətdən sonra Tofiq dedi ki, 27 manatımı oğurlamısan, get gətir. Evdən çıxaraq qonşum Natiqin yanına getdim və bu barədə ona danışdım. Tofiqin mənim 27 manatımı oğurlamısan deyərək, mənə şər atdığını söylədim. Natiq mənim telefonumla Tofiqə səsli mesaj göndərdi. Yenidən qonşumun evinə getdim”. 

Elə cinayət hadisəsi də İsmayılın Tofiqin evinə qayıtması ilə baş verib. Tofiqin söyməsi, pulunu tələb etməsi İsmayılı qıcıqlandırıb. Təqsirləndirilən şəxs ifadəsinə belə davam edib:

“Qonaq otağında o, söyərək pulunu gətirməyimi tələb etdi. Cavab qaytaranda, Tofiq mətbəxə getmək istədi. Amma onun qarşısını kəsib getməsinə imkan vermədim. Üzünə yumruq vuran kimi Tofiq arxası üstə divana yıxıldı və sağ əlimlə boğazından tutub, sıxdım. Müqavimət göstərdiyini görüb, arxasına keçdim. Sağ qolumla idman gödəkcəsini cəld boynuna dolayıb onu boğdum. Tofiq bir neçə dəfə onu buraxmağımı desə də, əhəmiyyət vermədim. 2-3 dəqiqə sonra o, divanın qarşısında hərəkətsiz qaldı. Natiq Hüsiyevə zəng edib Tofiq Bədirovu öldürdüyümü dedim. Daha sonra evdən çıxdım və qapıları bağlayaraq açarı cibimə qoydum. Küçədə telefon nömrəmi sındırdım. Hadisə ilə bağlı heç kimə xəbər vermədən, Saray qəsəbəsində 523 nömrəli avtobusa minib Abşeron rayon Polis İdarəsinə getdim. İdarəyə girməmişdən əvvəl yaddaşda olan məlumatları silərək, telefonumu sındırdım”.

Tofiqin meyiti

Zərərçəkmiş şəxsin hüquqi varisi Nurlan Bədirov ifadəsində göstərib ki, qardaşı Tofiq 2006-cı ildə uzaq qohumları Nailə Həsənova ilə ailə qurub, nikahdan bir övladları anadan olub. 10 ildən sonra müəyyən səbəblərə görə onlar ayrılıblar və Tofiq Saray qəsəbəsində, yaşayıb: 

“Qardaşım heç bir işlə məşğul olmurdu. Binəqədi rayonunda atamızdan qalan obyekti icarəyə vermişdim və icarə haqqından hər ay təxminən 3000 manat Tofiqə göndərirdim. Qardaşıma tez-tez baş çəkərək onun halı ilə maraqlanırdım. Tofiq spirtli içki aludəçisi idi. Hadisədən 3-4 ay əvvəl Respublika Narkoloji Mərkəzində müalicə almışdı. İsmayıl Əliyevi hadisədən 3-4 ay əvvəl Tofiqin evində təmir işləri gedəndə tanımışam. Yanvarın 23-də qaynımın arvadı İradə Əsədova mənə zəng edərək, bir gün əvvəl Tofiqin İsmayıl tərəfindən boğularaq qətlə yetirildiyini internetdəki xəbərlərdən öyrəndiyini bildirdi. Yasamal rayon meyitxanasından qardaşımın meyitini təhvil alaraq, onu Novxanı qəbiristanlığında dəfn etdim”.

Tofiq Bədirov

Şahid Nəvahi Əliyev bildirib ki, 2020-ci ildə İsmayıl Saray qəsəbəsində yerləşən 1 saylı tam orta məktəbi bitirib. Qəbul imtahanında az bal yığdığı üçün ödənişli əsaslarla universitetə qəbul olduğundan ali təhsil ala bilməyib, heç bir işlə məşğul olmayıb:

“Bir dəfə İsmayıl evə gec gəldiyindən onu qonşumun evində tapdım. Oğlum Tofiqin oğlu Tamerlanla oyun oynayırdı. Qonşumu sərxoş vəziyyətdə gördükdən sonra İsmayıla bir şillə vuraraq, bir daha onların evinə getməməsini tapşırdım. 2021-ci il yanvarın 22-si saat 18 radələrində arvadım zəng edərək, günortadan İsmayılın telefonuna zəng çatmadığını dedi. Tofiq Bədirovun evinin yanına çatanda, polis əməkdaşlarını və xeyli adam toplaşdığını gördüm. Orda bildim ki, İsmayıl Tofiqi boğaraq öldürüb. Oğlumun 2-3 gündən bir Tofiq Bədirovun evinə getməsi və onunla içməsindən xəbərim yox idi”.

İsmayılın telefonu

Şahid Natiq Hüsiyev ifadəsində göstərib ki, İsmayıl Əliyevi uşaqlıq çağlarından tanıyıb, onun atası ilə qonşu kimi münasibəti yaxşı olub:

“Yanvarın 22-si saat 16 radələrində İsmayıl evimizə gəlib məni çağırdı. Həyətə çağırsam da, o, içəri girmək istəmədi. Darvazanın yanında nə baş verdiyini soruşanda o, Tofiqin ona şər atdığını dedi. Bunun doğru olub-olmadığını soruşduqda, İsmayıl and içərək heç nə oğurlamadığını söylədi. Onun telefonundan Tofiqə, “sən nə bilirsən ki, bu uşaq evindən nə aparıb, niyə şər atırsan?” deyə, mesaj göndərdim. İsmayıla dedim ki, evə get.

Mən və atası bu məsələni həll edəcəyik dedim. Buna baxmayaraq, darvazadan içəri girəndə İsmayılın öz evlərinə yox, Tofiqin evinə tərəf getdiyini gördüm. Nigaran qaldım. Bir müddətdən sonra “Whatsapp”la İsmayıla zəng edəndə o, Tofiqi boğduğunu bildirdi. Ona atasına xəbər verməsini və polisə təslim olmasını məsləhət gördüm”.

Tofiqin cəsədi

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İsmayıl Əliyev cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməklə 7 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

27 manata görə qətl törətdi

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8475
avatar

Mehman Nəbiyev

Oxşar yazılar