Əvvəli: burada
Dost-tanış yaxşı bilir, Qarabağ savaşında döyüşçü gündəliyi yazmamışam. Yazanlara da həmişə qibtə eləmişəm. Əvvəllər belə bir fikrim olub, amma gündəliklərlə bağlı baş verən bir neçə xoşagəlməz hadisələr bu işdən daşındırıb məni. Mən yazıçı deyiləm, amma o günlər elə hey beynimdə canlanıb nəsə yazmağa vadar edir, yəqin yaddaşın elə qatları var ki, orda yaşayan xatirələr mütləq yazılmalıdır. Həyat əsl gündəlikdir, nə vaxt yazılırsa yazılsın... Elə məqamlar var ki, onlar heç vaxt unudulmur.
Digər tərəfdən, düşündüm ki, bu həm də o günləri yaşamış, döyüşlərdə qəhrəmancasına şəhid olmuş, yaralanmış və ya taleyin xoş təsadüfü nəticəsində sağ qalan insanların unudulmaması, gələcək nəslə bizim müstəqilliyimizin ilk illərində yaşadığımız keşməkeşli günləri, ələlxüsus da torpaqlarımızın erməni işğalçılarından müdafiəsi məqsədi ilə çətin şəraitdə milli ordunun yaranması prosesinin şahidi kimi hadisələri olduğu kimi çatdırım. Əlbəttə, mən əsasən 1991-1993-cü illərdə gördüklərimi, çox nadir hallarda isə 3-4 mənbədən təsdiqini tapan eşitdiyim hadisələri qələmə alacam.
...Daha yeriyə də bilmirdim... Əvvəlcə dizim qatlandı, sonra gözümə qaranlıq çökdü. Özümü saxlaya bilmədim. Birdən hərbi mundirimin yaxasını dartışdırıb açaraq bağıra-bağıra, sonralar döyüşçü dostlarım arasında məsələ çevrilmiş o sözləri dedim:
- Mən getmirəm! Qoy ermənilər vursun məni. Getmirəm!
“...qucaqlaşıb, birimiz bunu partladarıq”
4-cü yazı
Əlabbasla Həsəni gülmək tutmuşdu. Qoluma girib mənə kömək eləmək istədilər. Amma özləri də yanımda yerə uzanıb qaldılar. İndi üçümüz də üzüqoylu yerə sərilmişdik və aramla nəfəs alırdıq. Torpaqdan qurumuş ot və yovşan ətri gəlirdi. Bu qəribə qoxunu ciyərlərimə çəkdim. Həyatın ətriydi, sanki. Elə bil məni yaşamağa səsləyirdi. Sonrakı döyüşlərdə bu səhnə hələ çox təkrarlanacaqdı...
Əlabbas üzünü yerə söykəyib, dərindən nəfəs aldı:
- Oxxxayyy! Vətən torpağı!..
Yaxınlıqda bitən cır nar ağacından bir neçə nar qırıb, qurumuş boğazımızı islatmaq istədik. Daş kimi qurumuş narı parçalaya bilmədik, axırda “ştık-noj”un (Hərbidə istifadə edilən universal bıçaq növü) mişar yeri ilə, sanki taxta kəsirmişik kimi, mişarlayıb, beş-on nar dənəsi tapıb ağzımıza atdıq. Bir qədər özümüzə gəlib, yenidən irəliləməyə başladıq. Amma hara getdiyimizi bilmirdik. Xırda dərə-təpəli böyük bir əkin sahəsi ilə xeyli irəliləyib, kiçik bir yastı dağın başına çıxdıq. Orada avtomobil təkərlərinin izi var idi, yerdə üzərinə ermənicə yazılmış çoxlu boş siqaret qutuları və erməni dilində nəşr olunmuş qəzet parçaları səpələnmişdi.
Bizdən təxminən 700-800 metr aralıdan atəş səsləri gəlməyə başladı. Əvvəlcə elə bildik, bizə atırlar. Amma bir qədər diqqətlə müşahidə edəndən sonra bəlli oldu ki, iki tərəfli atışma gedir. Amma kimdir, kiminlə atışdığını bilməsək də, Əlabbasın sayəsində (Əlabbasın istiqamət bilmə üzrə fitri istedadı, deyəsən, bərpa olunurdu) atışmanın tərəflərini təxmin etdik. Döyüşən tərəfin biri ağaclıqda, arxaları bizə mövqe tutmuşdu. Biz aydınca görürdük ki, bir ağ “NİVA” və bir “UAZ” markalı avtomobil (sonra onları yaxından gördük) ağaclıqda dayanıb və çox güman ki, döyüşü müşahidə edirdilər. Əvvəlcə Həsən, sonra Əlabbasla mən həmin istiqaməti atəşə tutduq. Bir qədər keçmiş o istiqamətdə atəş dayandı. Həmin “NİVA”, UAZ və başqa bir “QAZ 66” markalı avtomobil bizə tərəf gəlməyə başladı. Elə bildik bizim yerimizi gördülər.
Dərhal yerimizi başqa bir kiçik dağın ətəyinə dəyişdik. Dağın elə yerində mövqe tutduq ki, aşağıdan maşın yolu keçirdi. Hər üç avtomobil düz gəlib bizim dayandığımız dağın altındakı yoldan keçdilər. Avtomobillər yaxınlaşanda Həsən F1 qumbarasını çıxardıb aramıza qoydu və dedi ki, əsir düşmək təhlükəmiz olsa, qucaqlaşıb, birimiz bunu partladarıq. Yəni əsir düşməmək üçün özümüzü öldürməliyik! Onlardan bir qədər sonra isə daha bir “UAZ” gəlib həmin yoldan keçəndə, Əlabbas özündəki F1 qumbara həlqəsini çəkib, maşının üstün atdı. Aşağıda partlayış səsi gəldi...
Ümid yerimiz “Q” hərfi
Həmin yerdə bir qədər gözləyəndən sonra biz özümüzə daha etibarlı yer seçdik. Bu, iki qayanın arasındakı balaca bir mağaraya bənzəyən yarğan idi. Özümüzü yarğanın içinə atıb, qaranlıq düşməsini gözlədik. Gün batmağa başlayanda yenidən yola çıxdıq, indi istiqamətimiz təxminən bilirdik. Çünki bizim gördüyümüz ermənilər olduğundan qarşı tərəfdəkilərin də azərbaycanlılar olmalı idi (Sonra bildik bu ərazi Xocavəndlə Füzuli rayonunun Veysəlli kəndi istiqamətiymiş).
Gecə xeyli yol gəlib, bir qəbiristanlığa çatdıq. O qədər qaranlıq idi ki, tam yaxınlaşmadan heç məzarların müsəlman, ya xristianlara aid olduğu da bilinmirdi. Lap girişdə bir neçə məzarda xaç işarəsinin olduğunu biləndən sonra qəbiristanlığın ermənilərə məxsus olduğunu dəqiqləşdirdik. Əlabbasın müəyyənləşdirdiyi istiqamətdə xeyli yol getdik və gəlib bir dağın yamacında uzanıb, nəfəsimizi dərəsi olduq. Bu zaman əlimiz yamacda uzaqlardan da görünə biləcək böyük hərflərlə yazılmış “Qarabağ” sözünün çala-çuxuruna dəydi. Qazılmış “Qarabağ” sözü “K” ilə yox, “Q”ilə yazılmışdı. Deməli, bizimkilərin nəzarətində olan ərazidəyik! Bunu biləndə sevincimizdən qışqırıb bir-birimizi qucaqladıq...
Muğanlı kəndinə çatdıq, oradan isə Əmralılardakı qərargahımıza gəldik. Kəşfiyyat dəstəsinin komandiri Əkbər Məmmədov hələ yatmamışdı, bizi gözləyirdi...
Komandanlığa ətraflı kəşfiyyat raportu yazdıq.
23 dekabr - sevgi gecəsi
Dekabrın 23-də sevdiyim qızın, Bakıda yaşayan Nahidənin doğum günüydü. Hər dəfə ya Bakıya gedər, ya da telefonla danışardım onunla. Amma indi nə gedə, nə də zəng edə bilirdim. Uşaqlar vəziyyəti anlamışdılar, amma neyləmək olardı. Axşamçağı uşaqlardan kimsə dedi ki, Bakı ilə, Ağdamla əlaqə saxlamaq üçün Əmralılarda bir Ağdam nömrəsi var. Yəni sifariş verib Bakı ilə danışmaq olar. Ancaq bilmir işləyir, ya yox. Telefon, səhv etmirəmsə, kənd sovetinin binasında idi.
Gedib o telefonu tapdıq, tərslikdən işləmirdi. Ermənilər kəndi top, raket və güllə atəşinə tutanda naqillərin xeyli hissəsi qırılıb sırandan çıxmışdı. Uşaqlar təklif elədilər ki, gəlin qırılmış naqilləri birləşdirək. Tez kənddə bu işə baxan bir nəfər də tapdılar. Bir sözlə, posta dayanmayan bütün döyüşçü dostlarım bu prosesə qoşuldu. Gecə 12-yə işləmiş telefon artıq hazır idi.
Bakını sifariş verdik: 25 10 41... Özümüz də inanmırdıq. Telefon çağırırdı. İndi də o səs qulaqlarımdadır. Di gəl, götürən yox idi. Öz-özümə dilxor oldum, bu qız niyə götürmür!? Bilmirmi ki, mən zəng edəcəm? Aha, budur dəstəyi götürdülər. Qalın və amiranə bir kişi səsi dəstəyin o başından “alo” dedi. Atası idi! Səsimi çıxarmadım.
Bu vaxt telefonçu qızın səsi gəldi, “ay qardaş, sifariş vermisən, danış də!” Heç nə demədim, sakitcə dəstəyi asdım. Uşaqlar başıma yığışdılar:
- Ə, nooldu?
- O deyildi!, - astadan dilləndim.
Yenidən Bakını sifariş verdim! Telefonçu qız məni və nömrəni tanıyıb dedi:
- Ay rəhmətliyin oğlu, zorla düşmüşdük Bakıya, sən də danışmadın. Niyə danışmadın axı?
Yenə susdum. Axı mən onu necə başa salaydım?
Bu dəfə də düşdük Bakıya. Yenə atası götürdü:
- Alo!
Uşaqlar hərəsi bir tərəfdən düşdü üstümə ki, qorxma, danış! Zarafat deyil, o qədər əziyyət çəkmişdik. Ürəkləndim!
- Salam, axşamınız xeyir, Nahidəni olar?
- Sən kimsən? Neynirsən Nahidəni?
- Reyəm! Ad gününü təbrik edəcəm...
Sözüm ağzımda qaldı:
- Bir də bura zəng eləmə, avaranın biri avara! Duud, duud, duud...
Artıq öldü var, döndü yoxdu!
Təkrar sifariş verdim. Bu dəfə telefonçu qız heç bir sual vermədi, deyəsən, danışığımızı eşidib, məsələnin nə yerdə olduğunu anlamışdı.
- Alo… - bu dəfə özü götürmüşdü, ürəyim əsdi...
Dəstəkdən bir də səsi gəldi:
- Alooo!
- Mənəm! Ad günün mübarək!
- Səhv düşübsüz...
Və yenə dəstək asıldı.
Uşaqlar dil-boğaza qoymurdu:
- Nooldu?
- O idi?
- Nə dedi?
- Heç nə, - dedim sakitcə. – Heç nə demədi.
O gecə Nahidəni yuxuda görmədim...
Sonuncu qumbara, partlayan erməni maşını və “Qarabağ”ın “Q”-sı... - XATİRƏ
7804