Murovun ölüm aşırımı və Umudludan gələn son ağrı - XATİRƏ
27 dekabr 2012 17:34 (UTC +04:00)

Murovun ölüm aşırımı və Umudludan gələn son ağrı - XATİRƏ

Dost-tanış yaxşı bilir, Qarabağ savaşında döyüşçü gündəliyi yazmamışam. Yazanlara da həmişə qibtə eləmişəm. Əvvəllər belə bir fikrim olub, amma gündəliklərlə bağlı baş verən bir neçə xoşagəlməz hadisələr bu işdən daşındırıb məni. O günlər elə hey beynimdə canlanıb nəsə yazmağa vadar edir, yəqin yaddaşın elə qatları var ki, orda yaşayan xatirələr mütləq yazılmalıdır. Həyat əsl gündəlikdir, nə vaxt yazılırsa yazılsın...Elə məqamlar var ki, onlar heç vaxt unudulmur.

Digər tərəfdən, düşündüm ki, bu həm də o günləri yaşamış, döyüşlərdə qəhrəmancasına şəhid olmuş, yaralanmış və ya taleyin xoş təsadüfü nəticəsində sağ qalan insanların unudulmaması, gələcək nəslə bizim müstəqilliyimizin ilk illərində yaşadığımız keşməkeşli günləri, ələlxüsus da torpaqlarımızın erməni işğalçılarından müdafiəsi məqsədi ilə çətin şəraitdə milli ordunun yaranması prosesinin şahidi kimi hadisələri olduğu kimi çatdırım. Əlbəttə, mən əsasən 1991-1993-cü illərdə gördüklərimi, çox nadir hallarda isə 3-4 mənbədən təsdiqini tapan eşitdiyim hadisələri qələmə alacam...

Bu da mənim bir vaxtlar yazmaq istəyib yaza bilmədiyim bir gündəliyin bir səhifəsi. İndi bu səhifənin bəzi yerləri o qədər pozulub ki, oxunmaz hala gəlib. Amma hələ gec deyil, nə qədər ki, biz - bu qanlı səhnənin gerçək şahidləri varıq, bu səhifələri bir yerə toplayıb o günlərin xatirəsini əbədiləşdirməliyik. Tamamilə oxunmaz hala gəlmədən...

Saşa iti səliqə ilə, qoyun kimi soydu. Çox pis olmuşdum, amma heç nə demədim. Uşaqlar ocaq qalayıb itin ətindən yaxşı bir “kabab” çəkdilər...Bəzi əsgərlərimiz əvvəlcə yemək istəmədilər, lakin müəyyən “profilaktik” söhbətdən sonra hamı yedi (sonralar Məhəmməd Nağıyevlə Rafiq Qarayev mənə dedilər ki, it ətindən, guya, onlar yeməyib - R.K.) Amma “kababın” qoxusu pis deyildi... (Gülür - R.K.) “Kababdan” sonra təxminən 7-8 saat hamının yerimək imkanı bərpa olundu”.

 

Əvvəlcə altı nəfər xilas olub, sonra...

 

12-ci yazı

 

Ancaq sonradan onlar yenə yorulub əldən düşüblər. Fəxrəddin Rəcəbov deyir ki, vəziyyətin ağırlaşdığını görüb nisbətən gümrah qalan altı nəfəri Kəlbəcərin Ağdaban istiqamətinə göndəriblər: “Əslində bunu etdik ki, heç olmasa, hamı məhv olmasın. Kimsə bizimkilərə dəstə barəsində məlumat verə bilsin. Həmin altı nəfər Ağdaban kəndinin təxmini istiqamətini göstərmişdik”.

 

Həmin altı nəfər martın 2-də sağ-salamat mənzil başına çatır və dəstə barədə məlumat verir. Dəstənin qalan üzvləri Toğana çayını keçəndə Ağdaban kəndindən gələn köməyi görürlər. Onlar xilas olurlar! Kənd sakinləri onların hərəsini bir evə qonaq aparırlar.

 

Fəxrəddin Rəcəbov indi də ağdabanlıların onların qarşılamalarından və diqqət göstərmələrindən razılıqla danışır. Bundan sonra bir neçə ay Umudlu kəndinin müdafiəsində dayanan Milli Ordunun 18 nəfərlik heyəti Kəlbəcər rayonuna gətirilir. Onları əvvəlcə icra hakimiyyətində qəbul ediblər, sonra isə Kəlbəcər rayon xəstəxanasında müayinədən keçiriblər. Ehtiyacı olanlara tibbi yardım göstərilib. Həmin gün axşam qrup Ağdamdakı öz batalyonuna qayıdır.

 

Kəşfiyyat zamanı uşaqlar Murovdağında güclü qar uçqununa düşür. F.Rəcəbov kəndirlə uşaqların uçuruma düşməsinin qarşısını alır. Amma özü qolundan ciddi xəsarət alır.

 

“Tula yazıqcasına zingildəyirdi”

 

Eldar Səmədov kənddən çıxandan onlarla gələn tula haqqında belə deyir:

 

- Tula ölüm qabağı başını ayağımın üstünə qoyub və yazıqcasına zingildəyirdi... Sanki onu kəsəcəyimizi duyurdu.

 

Amma neyləməli, onlar yaşamaq naminə tulanı kəsib yeməli olublar. Həmin anı xatırladıqca E.Səmədov özünə gələ bilmədiyini deyir. Sonralar it ətindən nə tam gəldiyini xatırlasa da:

 

- Heç nə yadımda deyil, söyləyir, “Qaqa, ac adamın da yadına dad düşər?!”

 

Umudluda qalan yeddi kənd sakininin aqibəti

 

Yarı yoldan kəndə qayıdan yeddi kənd sakinini bir neçə ay keçəndən sonra sağ-salamat görüblər. Onlar deyirmişlər ki, axşam Umudluya qayıdanda artıq ermənilər kəndə giriblərmiş, kənddən atəş səsləri gəlirmiş. Başqa əlacları olmadığından onlar da əsgərlərin izi ilə geri qayıdaraq xilas olublar.

 

Bizim araşdırmalarımızdan sonra yuxarıda haqqında danışdığımız əsgərlərin taleyi ilə maraqlandıq.

 

- Məmmədov İlqar - bir neçə ay sonra Qarabağın məşhur hərbi strateji yüksəkliyi olan Fərrux dağı uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid oldu.

 

- Saşanın don vurmuş ayağını xilas etmək mümkün olmayıb. Sonradan onun hər iki ayağını kəsiblər.

 

- Eldar Səmədov - Bakının Nizami rayonunda Mənzil Kommunal Təsərrüfatında usta işləyir. Hələ də müharibə veteranı statusu almayıb.

 

- Rafiq Qarayev - Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Hazırda bizneslə məşğuldur.

 

- Məhəmməd Nağıyev - Tərtər rayonunun İsmayılbəyli kəndində məskunlaşıb. Üç övlad atasıdır. İşsizdir.

 

- Fəxrəddin Rəcəbov - uzun illər Gəmi Təmiri Zavodunda fəhlə işləyib, sonralar eyni işini müxtəlif analoji xarici şirkətlərdə davam etdirib.

 

Başqaları haqqında isə məlumatım yoxdur. Biz çalışırıq ki, həmin əsgərlərin hamısı haqqında məlumat toplayaq.

 

Yerli sakin Məhəmməd Nağıyevin bələdçiliyi və igidliyi sayəsində Umudludan qarlı və keçilməsi ağla belə gəlməyən Murov dağından adlayaraq Kəlbəcərin Ağdaban kəndinə çatan, hətta iti əti yeməyə də məcbur olan əsgərlərimizin tam siyahısı belədir:

 

  1. Rəcəbov Faxrəddin Surxay oğlu - Ağdam rayonu, baş leytenant, H/H komandirinin müavini
  2. Səmədov Eldar Aydın oğlu - Ağdam rayonu
  3. Quliyev Elşən Rza oğlu - Gəncə şəhəri
  4. Səfərov Elçin Habil oğlu - Neftçala rayonu
  5. Muxtarov Elşən Zülfüqar oğlu - Ağdam rayonu
  6. Umudxanov İlqar İsrafil oğlu - Xaçmaz rayonu
  7. Həziyev Şahin Abazər oğlu - Neftçala rayonu
  8. Buzuyev Saşa Mixailoviç - Sumqayıt şəhəri
  9. Rüstəmov Mirzə Umud oğlu - Ağdam rayonu
  10. İsayev Nazim Şamil oğlu - Yevlax rayonu
  11. Abbasov Məzahir Bulud oğlu - Beyləqan, Ağdam rayonu
  12. Hacıyev Tofiq Şahbaz oğlu - Mingəçevir şəhəri
  13. Məmmədov İlqar Arzuman oğlu - İsmayıllı rayonu
  14. Mirzəyev Gündüz Fərzi oğlu - Xankəndi
  15. Mirzəyev Həsən Umud oğlu - Xankəndi (sonuncu ikisi Şirin Mirzəyevin qardaşı oğludur)
  16. Qçuyev Cərulla Abdulvahab oğlu - Balakən rayonu
  17. Qarayev Rafiq Hümbət oğlu - Ağdam rayonu
  18. Nağıyev Məhəmməd - Tərtər rayonu

 

Əziz oxucular! Əgər kiminsə haqqında məlumat vermədiyimiz digər qəhrəman əsgərlər barəsində hər hansı bir məlumatı varsa, lütfən redaksiyaya məlumat versinlər və ya [email protected] ünvanına yazsınlar.

 

Qarşıda bizi Ağdərənin Qazançı kəndi uğrunda ağır döyüş gözləyir...

 

(Ardı var)

[email protected]

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5370
avatar

Rey Kərimoğlu

Oxşar yazılar