“Erməniyə çatanda dayandı, fırlandı, qəfil atəş açıldı...” –  XATİRƏ
14 dekabr 2012 18:01 (UTC +04:00)

“Erməniyə çatanda dayandı, fırlandı, qəfil atəş açıldı...” – XATİRƏ

Dost-tanış yaxşı bilir, Qarabağ savaşında döyüşçü gündəliyi yazmamışam. Yazanlara da həmişə qibtə eləmişəm. Əvvəllər belə bir fikrim olub, amma gündəliklərlə bağlı baş verən bir neçə xoşagəlməz hadisələr bu işdən daşındırıb məni. O günlər elə hey beynimdə canlanıb nəsə yazmağa vadar edir, yəqin yaddaşın elə qatları var ki, orda yaşayan xatirələr mütləq yazılmalıdır. Həyat əsl gündəlikdir, nə vaxt yazılırsa yazılsın...Elə məqamlar var ki, onlar heç vaxt unudulmur.

 

Digər tərəfdən, düşündüm ki, bu həm də o günləri yaşamış, döyüşlərdə qəhrəmancasına şəhid olmuş, yaralanmış və ya taleyin xoş təsadüfü nəticəsində sağ qalan insanların unudulmaması, gələcək nəslə bizim müstəqilliyimizin ilk illərində yaşadığımız keşməkeşli günləri, ələlxüsus da torpaqlarımızın erməni işğalçılarından müdafiəsi məqsədi ilə çətin şəraitdə milli ordunun yaranması prosesinin şahidi kimi hadisələri olduğu kimi çatdırım. Əlbəttə, mən əsasən 1991-1993-cü illərdə gördüklərimi, çox nadir hallarda isə 3-4 mənbədən təsdiqini tapan eşitdiyim hadisələri qələmə alacam...

 

Bu da mənim bir vaxtlar yazmaq istəyib yaza bilmədiyim bir gündəliyin bir səhifəsi. İndi bu səhifənin bəzi yerləri o qədər pozulub ki, oxunmaz hala gəlib. Amma hələ gec deyil, nə qədər ki, biz - bu qanlı səhnənin gerçək şahidləri varıq, bu səhifələri bir yerə toplayıb o günlərin xatirəsini əbədiləşdirməliyik. Tamamilə oxunmaz hala gəlmədən...

 

Əsrin soyqırımına şahid olmaq yazılıbmış taleyimə

 

10-cu yazı

 

Səhərə yaxın Xocalıdan ilk sağ çıxan adam Ağdamın Şelli kəndinə yetişdi. Xəbəri də elə o gətirmişdi:

 

- Xocalıları qırdılar!

 

...Fevralın 26-da səhər saat 5-6 olardı Şirin Mirzəyevin əmri ilə bizi batalyondan Ağdamın Şelli kəndi istiqamətinə gətirdilər. Şirin Mirzəyev də ordaydı. Dəhşətli bir səhnəylə üz-üzə gəldik. Qocalar, qadınlar, uşaqlar... qarın, palçığın içində, həyəcanlı, çaşqın, gözləri yaşlı, üst-başı qan içində. Ətrafda çoxlu təcili yardım maşınları. Yaralılar, dərddən başını itirənlər. Ağdamın yerli batalyonunun əsgərləri buradaydı. Ağır xəstə olan Fred Asif (Asif Məhərrəmov) də buradaydı... Ağdamlılar xocalıları xilas etmək üçün Qara qaya istiqamətində özlərini ölümə atırdılar...

 

“Qara qaya”ya yaxın yerdə yaralıları xilas etmək üçün bir neçə maşından ibarət ilkin tibbi yardım məntəqəsi yaradılmışdı. Qəribədi, həmin gün hər şey elə tez öz həllini tapırdı ki. Ağdamda olan yerli özünümüdafiə dəstələrinin rəhbərləri də, onların digər mövqelərdə keşik çəkməyən əsgərləri də burada idi. Əvvəlcə arabir, sonra isə şiddətli döyüş başladı. Məlum oldu ki, Xocalıdan qaçıb canını qurtarmaq istəyən insanların qarşısını meşədə ermənilər kəsiblər...

 

Heç bir komanda verilmədən hamı döyüşə atılmışdı. Çoxlu qar yağmışdı və bu, vəziyyəti daha da ağırlaşdırırdı. Yamaclardan, dərə və təpələrdən qalxıb-enmək çətin idi, belə şəraitdə yaralı çıxardıb gətirmək isə lap cəhənnəm əzabı idi.

 

Xeyli adam döyüşürdü... Silahlı, silahsız ağdamlılar Qara qayadan Əsgəran və Naxçıvanik istiqamətinə irəliləyirdilər. Ermənilərin bir neçə mövqeyini almışdıq. Qarşımıza ayağı yalın, başı açıq, qorxudan, dəhşətdən, soyuqdan donmuş, əsim-əsim əsən yaralı qadınlar, uşaqlar çıxırdı. Mən Naillə meşədə qalmış yaralı qadınları və uşaqları xilas etməyi qərara aldıq. Yeriyə bilməyən, ən ağır vəziyyətdə olanları çiynimizə, qucağımıza alıb qarlı yamacla, dərə-təpəylə min bir çətinliklə tibb məntəqəsinə çatdırdıq. Bu minvalla artıq 4-5 nəfəri xilas etmişdik. Ermənilər bizi vura bilmirdi, çünki digər əsgərlərimiz onları Əsgəran və sağ-sol istiqamətə sıxışdırırdılar. Ermənilərin bir neçə postu alınmışdı deyə, onlar xeyli itki verərək geri qaçırdılar.

 

Xocalı faciəsinin iki insan taleyi ilə bağlı iki anı

 

...Təxminən 7-8 yaşında, ayaqyalın, başıaçıq bir qız uşağını heç kim sakitləşdirə bilmirdi. Elə bil qıza ilahi bir güc verilmişdi. Şaxta onun yanağını çatlatdığından gözündən axan yaş qana qarışıb çənəsindən axırdı. Əynində cırıq-cırıq olmuş nazik paltar var idi. Palçığa bulaşmış dama-dama yun şalı kimsə onun çiyinlərindən atıb hər iki ucunu sinəsində düyünləmişdi. O, heç nə danışmırdı, əsgərlərimiz onu meşədən tapmışdılar. Əliylə Xocalı tərəfi göstərib elə hey qışqırırmış. Onu Şelli kəndinin yaxınlığındakı ilkin tibbi yardım məntəqəsinin yanındakı ocaq başına gətirdilər, təmiz paltar (kənd camaatının əlinə keçəndən), isti çay verdilər.

 

Qızcığaz bir az özünə gələn kimi Xocalı tərəfə qaçmaq istədi. Artıq dili də açılmışdı, qaçmaq istəyərkən var gücü ilə qışqıraraq anasını çağırırdı. Bu hal elə hey təkrar olunurdu...

 

Sonra bildik ki, bu qızın ata-anasını meşədə ermənilər güllələyib, özü isə, Allah bilir, hansı möcüzə nəticəsində xilas olub.

 

...Naillə mən meşədən bir qadını və onun bağrına basdığı bir körpəni də çıxardıq. Qadın ayağından yaralanmışdı. Onu ikimiz çətinliklə təcili yardım maşınının yanına gətirdik. Qadın ilk tibbi yardımın körpəsinə göstərilməsini istədi... Ancaq qucağına sıxdığı körpə artıq çoxdan ölmüşdü. Güllə onun hələ bərkiməmiş boynundan dəyib ağzından çıxmışdı. Körpənin yarasında heç bir qan izi də yox idi... Ana körpəsinin öldüyünü biləndə var gücü ilə qışqırdı. O səs hələ də qulağımdadır. O səhnə, o ananın səsi, o fəryad...

 

Sonra öyrəndik ki, həmin qadın əriylə birlikdə evdən çıxanda ermənilər onları atəşə tutub. Körpə atasının qucağındaymış. Ana həyat yoldaşının öldüyünü görüb, heç körpəsinin üzünə də baxmadan onu bağrına basaraq, bizə rast gələnə qədər qaçmışdı. Heç ayağından yaralanmasına da fikir vermədən. Bir düşmən gülləsi iki nəfərin həyatına son qoymuş, bir gənc ailəni məhv etmişdi...

 

Canpoladın ölümü

 

Hər dəfə geri, xocalılar qalan meşəyə tərəf gedəndə Naillə qabaqda döyüşən uşaqlar üçün güllə də aparırdıq. Yaralıların xilas edilməsinin vacibliyini Nailə bir neçə dəfə izah etsəm də, onun döyüşmək istəyinin qarşısını ala bilmədim. Bir neçə nəfəri xilas edəndən sonra axırda o, məndən ayrılaraq ağır döyüşlər gedən tərəfə üz tutdu... Bir qədər sonra  faciəni eşidən, ayağı yer tutan ağdamlılar artıq burada idi, onlar xocalıları çıxarmaqda həmyerlilərinə kömək edirdilər. Bir qədər sonra mən də döyüş gedən tərəfə üz tutdum...

 

Həmin gün “Qatır Məmməd”in (Yaqub Rzayevin) oğlu Canpolad Rzayev bizim gözümüz önündəcə böyük bir qəhrəmanlıq etdi. O, pulemyot atıcısı olduğu tankı düz Əsgəran ferması tərəfdə taxta tikiliyə tərəf sürdürdü. Uzaqdan aydınca gördük ki, ermənilər təxminən 25-30 nəfər arvad-uşağı girov götürərək həmin tikiliyə necə saldılar. Canpolad tankı o tikiliyə sürdürüb həmin insanları xilas etdi. Bir qədər sonra ermənilərin hücuma keçən BMP-ləri ilə həmin tank heyətinin necə döyüşdüyünü də öz gözlərimizlə gördük. Canpoladın olduğu tank qəflətən sol tərəfdə - Naxçıvanik istiqamətində dərədən çıxıb xilas olan xocalıları, bizim əsgərləri vurmağa başlayan erməni BMP-sinin düz üstünə şığıdı. Amma mənə hələ də aydın olmayan səbəbdən tankımız erməni BMP-nə az qalmış manevr etdi, dayanıb yerində fırlandı... Elə bu vaxt erməni BMP-sindən atılan mərmi düz bizim tankın açıqda olan pulemyotçu yerinə - Canpolad olan tərəfə dəydi...

 

Mən Canpoladın cəsədini görmədim, amma dedilər ki, o tikə-tikə olmuşdu...

 

Üç dostdan təkcə mən qaldım

 

Axşam eşitdik ki, Əsgəran istiqamətində gedən döyüşdə Nail də ağır yaralanıb. O gün Qara qayada başından aldığı güllə yarası Nailin hər iki ayağının, bir əlinin iflic olmasına səbəb oldu. Həmin vaxtdan  əziz dostum yataq xəstəsidir. Ramizdən sonra Nail də ordudan tərxis olundu. Üç dostdan tək mən qaldım...

 

Səhəri gün, fevralın 27-də Şirin Mirzəyev məni Bakıya göndərdi - Nailə baş çəkməyə... Bakıya sonradan dünyasını dəyişən kəndçimiz, 1990-ı ildən Ağdam OMON-unda ermənilərə qarşı döyüşən Asəflə gəldik. Hərbi hospitalın yod, dərman və qan qoxusu gələn dəhlizlərindən keçib, Nail yatan palatanı tapdım. Nail başı sarıqlı uzanmışdı, əvvəlcə elə bildim yatıb, anası məni görüb ayağa durdu:

 

- Gəl, gəl, otur yanında Nailin! Gecədən sayıqlayır ki, uşaqlar hanı? Uşaqların hamısını qırıblar!

 

Keçib Nailin çarpayısının yanında qoyulmuş kətildə əyləşdim. Nail yatmamışdı... Başını ağır-ağır mənə sarı çevirdi. Bir qədər baxandan sonra sağ əlini tərpədib, mənə tərəf sürüşdürdü... Əlini əlimin içinə alıb astaca sıxdım...

 

İlk sözü bu oldu:

 

- Qaqa, nə yaxşı ki, heç olmasa sən sağsan! Uşaqların hamısı qırıldı, hamısı...

 

Nail kövrəldi, gözündən bir neçə damcı yaş gəldi...

 

- Nail, narahat olma, uşaqların çoxu sağdır, - deyə onu sakitləşdirməyə çalışdım.

 

Bir qədər sevincək oldu:

 

- Nə yaxşı, nə yaxşı! Elə bildim hamı qırıldı... Gördünmü Canpoladı nətər vurdular, gördünmü, qaqa? Amma halaldır Canpolada! Çox heyf, dedilər Canpolad da ölüb...

 

Nail yavaş-yavaş başını palatanın divarına tərəf çevirdi, hönkürüb ağladı.

 

Həmin gün xocalıları xilas etmək üçün döyüşən xeyli ağdamlı şəhid oldu... Tanıdığım döyüşçülərdən Canpoladla Xosrov da şəhid olanlar arasında idi. Həmin gün döyüşdə təkcə bizim kənddən Nail də daxil olmaqla 3 nəfər yaralandı. O döyüşdə bütövlükdə 55 ağdamlı döyüşçünün həlak olduğunu dedilər.

 

Üstündən 1 həftə keçəndən sonra da xocalılardan bir dəstəsi Ağdamın Cinli-Əlimədətli kəndlərinə gəlib çıxdılar...

 

P.S. Xocalı soyqırımına haqq qazandıran Robert Köçəryan özü etiraf edib deyir ki, onlar bu faciəni ona görə törədiblər ki, azərbaycanlılar bilsinlər ki, ermənilər zarafat etmirlər...

 

(Ardı var)

 

[email protected]

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5433
avatar

Rey Kərimoğlu

Oxşar yazılar