Dost-tanış yaxşı bilir, Qarabağ savaşında döyüşçü gündəliyi yazmamışam. Yazanlara da həmişə qibtə eləmişəm. Əvvəllər belə bir fikrim olub, amma gündəliklərlə bağlı baş verən bir neçə xoşagəlməz hadisələr bu işdən daşındırıb məni. O günlər elə hey beynimdə canlanıb nəsə yazmağa vadar edir, yəqin yaddaşın elə qatları var ki, orda yaşayan xatirələr mütləq yazılmalıdır. Həyat əsl gündəlikdir, nə vaxt yazılırsa yazılsın... Elə məqamlar var ki, onlar heç vaxt unudulmur.
Digər tərəfdən, düşündüm ki, bu həm də o günləri yaşamış, döyüşlərdə qəhrəmancasına şəhid olmuş, yaralanmış və ya taleyin xoş təsadüfü nəticəsində sağ qalan insanların unudulmaması, gələcək nəslə bizim müstəqilliyimizin ilk illərində yaşadığımız keşməkeşli günləri, ələlxüsus da torpaqlarımızın erməni işğalçılarından müdafiəsi məqsədi ilə çətin şəraitdə milli ordunun yaranması prosesinin şahidi kimi hadisələri olduğu kimi çatdırım. Əlbəttə, mən əsasən 1991-1993-cü illərdə gördüklərimi, çox nadir hallarda isə 3-4 mənbədən təsdiqini tapan eşitdiyim hadisələri qələmə alacam.
...Ayağından tikan çıxarırmış kimi ehmallıca Ramizin gözündən qəlpəni çəkib çıxardım. Bayaqdan inildəyən, qıvrılan Ramiz əlini gözünə tutaraq bərkdən qışqırdı! Əlini gözündən çəkəndə bir ovuc qan qarışıq su var idi Ramizin ovcunda... Onu dərhal iki nəfərlə aşağı-topun yanına göndərdim. Oradan da Ramizi Ağdam şəhər göz xəstəxanasına apardılar...
İki gün sonra o acı xəbəri eşidəcəkdim: “Xəstəxanada deyiblər ki, Ramizin o gözü ömürlük görməyəcək...” Bax beləcə bir dostum, həmkəndlim gözlərim önündə vətən uğrunda kor oldu!
Beləcə ilk iki müharibə dostumdan biri yanımızdan ayrıldı, qaldıq Naillə mən...
Ramizi aşağı göndərəndən sonra irəli gedib postumuza çatdıq... Burda bizi çox şiddətli bir döyüş gözləyirmiş...
Fərruxda möhkəm dayanmışdıq
8-ci yazı
Hələ Fərruxa gəlməmişdən əvvəl dişim bərk ağrıyırdı, qarlı və soyuq hava ağrını daha da şiddətləndirmiş, sifətim əməlli-başlı şişmişdi. Ramizin yaralanması və aramsız döyüş bu ağrını unutdurmuşdu mənə...
...Ermənilərin bir dəstəsi Fərruxun üstündəki meşədə mövqe tutub avtomat və pulemyotlardan dayanmadan mövqelərimizi atəşə tuturdular. Yanıb yalnız quru divarları qalan fermanın qapı yerinə qısılaraq meşəlikdəki ermənilərin yerini müəyyənləşdirməyə çalışırdım. Ermənilərin atdıqları güllələr yanımızdan ötüb qarı sovururdu, divara dəyən güllələr isə vahiməli səslərlə yanaşı tozanaq qoparırdı.
İndi əsas vəzifəmiz özümüzü qorumaq və vəziyyət barədə Şirin Mirzəyevə məlumat vermək idi. Çünki Ramizin yaralanması, ermənilərin bizi atəşə tutması qayğıkeş və diqqətcil komandiri narahat etməyə bilməzdi. Tərslikdən üzərində rusca “Ehtiyatlı olun, düşmən qulaq asır!” sözləri yazılmış simli, əllə doldurulmaqla əlaqə saxlanması mümkün olan tünd çəhrayı rəngli telefon da atəş altında idi. Çox güman ki, ermənilər telefonu görmürdülər. Amma məndən cəmi iki metr solda olan o telefona yaxınlaşa bilmirdim, yerimdən tərpənən kimi güllə yağışı başlayırdı. Arada qumbaraatanlardan və minaatanlardan da atəş açırdılar. Bir anlıq ermənilərin atəşi hardasa 2 ya da 3 saniyəlik dayanası oldu, həmin an eşitdim ki, telefon zəng çalır... Bu yüz faiz Şirin Mirəzyev idi!
Bir taxta parçası tapıb yavaşca telefonu özümə tərəf çəkmək istədim, güllələr necə yağdısa, əlimdə taxta parçasının bir ucu qaldı, o biri ucu param-parça olub yerə töküldü. Telefonun ətrafına yağan güllələr, onu arxası üstə çevirmişdi... Hiss edirdim ki, ermənilər yavaş-yavaş kəndə tərəf enirlər... Açığı, nə edəcəyimi bilmirdim. Amma onu dəqiq bilirdim ki, nəyin bahasına olursa-olsun telefonu götürmək və Şirin Mirzəyevə məlumat vermək lazımdır.
Mənə ən yaxın mövqedə olan döyüşçü Əfqandan xahiş etdim ki, imkan daxilində məni qorusun, bunu etməyi uşaqlara da desin, yəni mən telefona tərəf tullanmazdan bir an qabaq ermənilərin mövqeyini atəşə tutsunlar... Belə də elədik. Əfqan və uşaqlar ermənilərin mövqelərinə tərəf atəş açmağa başladılar, mən isə yerimdən sıçrayaraq telefonu qucaqladım, amma geri qayıtmaq üçün ayağa dura bilmədim, vura bilərdilər, bu səbəbdən də əvvəlki mövqeyimə yerimdən yuvarlana-yuvarlana gəldim.
Telefona heç nə olmamışdı. Telefonu doldurub, Şirin Mirzəyevlə əlaqə saxladım, ermənilərin əsas atəş mövqelərini ona dedim. Bununla yanaşı, komandirə kənddəki vəziyyət barədə məlumat verdim. O mənə ürək-dirək verdi, hamımıza möhkəm olmağı tapşırdı. Və əlavə elədi ki, qorxmayaq, arxamızda o özü və batalyon dayanıb. Onu bu təskinliyi məni ürəkləndirsə də, eyni zamanda bir az kövrəltdi. Şirin Mirzəyev nişangahı olmayan topdan ermənilərin mövqelərinə atəş açmaq əmri verdi. Bir neçə yanlış atəşdən sonra düşməni hədəfə ala bildik. Top atəşindən sonra kəndə enmək istəyən erməniləri atəşə tutduq və onlar geri çəkilməyə məcbur oldular...
Şirin Mirzəyev arxamızda idi
Bu arada onu qeyd edim ki, mən telefonla danışan zaman Əfqan kənardan əli ilə nəyəsə işarə edirdi. Amma mən anlamırdım. Sən demə, Əfqan öz mövqeyindən aydın görürmüş ki, ermənilər mən durduğum yeri necə atəşə tutub, hətta güllələr qulağımın yanından, çiynimin üstündən keçib divara dəyirmiş. Hətta bu səhnəni görən əsgərlərimizdən birinin həyəcanda dodağı parçalanmışdı...
Bir müddət düşmənlərin atəşi ara verdi. Artıq hava qaralmışdı... Uşaqlarla ilk dəfə olduğumuz bu kəndi öyrəndik, postlardakı mövqelərimizi dəqiq bildik, ermənilərin kəndə haradan gələ biləcəyini müəyyənləşdirdik. Hava qaraldıqca atəş səsləri azaldı, çaqqal və it ulaşmaları başladı... Dişimin ağrısını və soyuğu yenidən şiddətlə hiss etməyə başlamışdım.
Axşam, təxminən saat 8-9 radələrində telefonla bildirdilər ki, 3 əsgərlə birlikdə axşam yeməyi üçün bir qədər aşağı düşməliyik. Əsgərlərimizdən üçü ilə Fərruxdan Cinliyə tərəf düşdük. Deyilən yerdə bizi gözləyirdilər. Burada bizim ərzaq təminatçılarımızla yanaşı tanımadığım bir nəfər də var idi. O, bildirdi ki, rayonun keçmiş katibi (O vaxt rayona rəhbərlik edən Rayon Partiya Komitəsinin birinci katibinə belə deyirdilər) Səyyaf Verdiyev bizə salam göndərib. Səyyaf müəllim salamı tək göndərməmişdi, o axşam orijinal bir şam yeməyinə qonaq olduq.
Heç vaxt yadımdan çıxmaz o gün. Şam yeməyi yarım çörəyin arasına qoyulmuş bir parça kolbasadan, bir butulka badamlıdan ibarət idi. Və iki qutu filtrsiz “Astra” siqareti, iki qutu da kibrit. Gündüz Şirin Mirzəyevin mənə verdiyi cəsarət qədər vacib oldu bu bizim üçün... Belə məqamda səlahiyyətli şəxslərin, tanınmış insanların diqqəti çox önəmlidir. Arxanda kimlərinsə olduğunu, taleyinlə maraqlandığını, ən azından ölərkən kiminsə kədərlənəcəyini hiss edirsən. Bu, psixoloji cəhətdən çox kömək edir.
Təxminən gecə saat iki radələrində bir qrup erməni kəndin yuxarı başından irəliləməyə cəhd elədi... Amma uşaqlar ayıq-sayıq idi, xüsusilə Ələstan. Bu dəfə də ermənilər geri çəkildilər. Yeri gəlmişkən, həmin döyüşdə ən çox güllə atan Ələstan oldu. Hamının kifayət qədər güllə ehtiyatı qaldığı halda, Ələstan öz ehtiyatını atıb qurtarmış, 3 dəfə də əlavə güllə almışdı. Sonra bəlli oldu ki, döyüşün qızğın bir vaxtında Ələstanın avtomatı avtomatik rejimdə ilişib qalıb və dayanmadan atəş açırmış...
Onu da qeyd edim ki, döyüş zamanı yanmış və biz orada olanda hələ də tüstüləyən kənd evlərinin, ferma binasının içərisində o qədər ora-bura sürünmüşdük ki, üst-başımız palçıq, üz-gözümüz qapqara olmuşdu. Səhər hava işıqlaşanda bircə dişlərimiz ağarırdı...
Kəndi qorumaq üçün növbəti dəstə gəldi. Biz postları onlara təhvil verib aşağı düşmək istəyəndə, kəndin ayağında yenidən ermənilərin atəşi ilə qarşılaşdıq. Aşağıda müdafiə mövqeyi tutub, vuruşmağa başladıq. Uşaqlar bir birini qoruya-qoruya atəş altından çıxdılar, mən çıxa bilmədim. Böyük bir ağ daşın arxasında qalmışdım, ermənilər də məni hədəfə götürmüşdülər. Bu vəziyyətdə oradan nə vaxt və hansı yolla salamat çıxacağımı bilmirdim. Bu vaxt sovet ordusunda mənim kimi tikintidə yox, daha ciddi, tez-tez döyüş təlimləri keçən qoşun növündə xidmətdə olmuş Müşfiq Rəhimov (1992-ci ildə şəhid oldu) geri qayıdıb, ağacların arxasında özünə yer seçdi. Ermənilərin mövqeyini atəşə tutaraq, onların diqqətini özünə çəkdi və mənim çıxmağıma şərait yaratdı. Mən sürünərək təhlükəli ərazidən çıxdım. Müşfiq isə ustalıqla atəş altından uzaqlaşdı...
Biz sağ-salamat topun yanına çatdıq. Şıxbabalıdan gələn sovxozun “alabaş” avtobusuna mindik. Sürücü Akif Rəhimov sağ-salamat qayıtdığımıza görə bizə gözaydınlığı verdi. Əfqan qayıtdı ki, hələ buradan salamat çıxaq, sonra gözaydınlığı verərsən. Söz Əfqanın ağzından çıxar-çıxmaz ermənilər maşını atəşə tutdu... Güllələrdən biri avtobusun arxasından girib iki oturacağı gəlib keçdi və düz Rəhmanın ürək nahiyəsindən dəydi. Rəhmanı tez oturacağa uzadıb yaxasını açdıq, sinəsinə, kürəyinə baxdıq, qan izi yox idi. Diqqətlə baxanda nə görsək yaxşıdı? Güllə onun əynindəki pambıq sırıqlı gödəkçəsini deşib, zabit kəmərinin elə kürəkdən keçən qayışında ilişib qalmışdı. Sonralar Rəhman bu xəsarətin ucbatından xeyli müalicə alası oldu.
Kor olmuş dostumun intihar cəhdi
Biz kəndə qayıdandan sonra Ramizin səhhəti ilə maraqlandıq. Həkimlər dedi ki, Ramizin bir gözü kor olub, daha əlacı yoxdur. Ramizlə görüşdüm, hal-əhval tutdum. “Yaxşıyam”-dedi. Məndən xahiş elədi ki, ona bir əl qumbarası gətirim. Söz verdim, amma sonra ardıcıl döyüşlər bizim görüşməyimizə mane oldu. O vaxt Ramizin 27 yaşı olardı...
Üstündən uzun illər keçdi, Ramiz ailə qurdu, Xədicə adlı bir qızı da oldu. İkilikdə dərdləşəndə bir dəfə Ramiz məndən soruşdu:
- Yadına gəlir, yaralananda səndən əl qumbarası istəmişdim?
- Hə, - dedim, - xatırlayıram...
- Bir gözümün ömürlük görməyəcəyini biləndən sonra intihar etmək istəyirdim o vaxt. Sənə arxayın oldum, sən də gətirib çıxarmadın qumbaranı. Sonrakı döyüşlərdə uşaqların şəhid olmalarını, əlini, ayağını itirmələrini, elə dostumuz Nailin ölümcül yaralanmasını görüb, vaz keçdim intihar etməkdən...
Bu arada, biz əsasən Ağdamın Şelli, Abdal, Gülablı və digər kəndləri istiqamətdə döyüşlərə qatılırdıq, kəndin müdafiəsində iştirak edirdik. Amma Qarabağda vəziyyət pis idi. Ermənilərin ardıcıl hücumlarının qarşısını çətinliklə alırdıq. Rayonun müdafiəsində Ağdam rayon polis idarəsinin, onların nəzdində yaradılan OMON-un, könüllü döyüşçülərin komandiri, “Qatır Məmməd” ləqəbli Yaqub Rzayevin, Şirin Mirəzyevin, Allahverdi Bağırovun, Fred Asifin (Asif Məhərrəmovun) rəhbərlik etdiyi batalyonların və digər kiçik silahı qrupların yerli cəsur insanları iştirak edirdi.
***
Fevral ayında onsuz da durumu ağır olan Xocalıda vəziyyət yenidən gərginləşdi.
Ağdam qaynayırdı...
Ardı var
[email protected]
Atəş altında telefon zəngi, ürəyə çatmayan mərmi və katibin axşam qonaqlığı... - XATİRƏ
5298