Operativ xidmət imkanları yaratsa da, internet bankçılıq bir sıra təhlükəsizlik risklərini aktual edir
Azad bazar münasibətlərinə əsaslanan funksional və rəqabət qabiliyyətli bank-maliyyə sektoru qabaqcıl inkişaf səviyyəsinə malik bütün sosial sistemlərin labüd reallığı və zəruri şərti qismində çıxış edir. Necə ki, ümumi müstəvidə iqtisadiyyat cəmiyyət həyatının bazisi, inkişafın hərəkətverici qüvvəsi qismində çıxış edir, bank-maliyyə sektoru da iqtisadiyyatın təkmillik səviyyəsinin aynası rolunu oynayır. Bu amil bütün iqtisadi fəaliyyətin nəticə etibarı ilə maliyyə münasibətlərinə əsaslanması, öz növbəsində bank-maliyyə sektorunun bir növ müvafiq münasibətlərin «administratoru» qismində çıxış etməsi ilə izah edilə bilər. Müvafiq «administrator» öz fəaliyyətini nə qədər rasional, müasir tələblər ruhunda və rəqabət şərtlərinə maksimum adekvat səviyyədə qurarsa, iqtisadi sektorda təmsil olunan biznes subyektlərinin maliyyə dayanıqlılığı o dərəcədə təminat altında olar.
Müasir texnoloji yeniliklərdən faydalanma, bu sayədə yaranan imkanların tətbiqi ilə müştəri kontingentinin genişləndirilməsinə hesablanan xidmət standartlarının təkmilləşdirilməsi öz bazar mövqelərini və rəqabət qabiliyyətliliyini gücləndirməkdə maraqlı olan əksər bankların fəaliyyət strategiyasına xasdır. Digər tərəfdən, nəzərə alınmalıdır ki, texnoloji yeniliklər yalnız bank funksionallıq səmərəliliyinin artırılması vasitəsi rolunda çıxış etmir, həmçinin «müasirlik statusunun simvolu» rolunu oynayır. Bu mənada, İnternet texnologiyaların bank-maliyyə sektoruna hazırkı nüfuzetmə intensivliyi də məhz sadalananlarla izah edilməlidir.
İnternet – qlobal səviyyədə milyardlarla kompyuter istifadəçisini bir şəbəkədə birləşdirən, informasiya dövriyyəsini və giriş imkanlarının məhdudiyyətsiz səviyyəsini təmin edən bir sistemdir. Müasir qlobal inkişafın danılmaz atributu olan internet, eyni zamanda informasiya texnologiyalarını transmilli mütəşəkkil səviyyədə fəaliyyət göstərən kriminal qrupların maraqları müstəvisində bu qədər cəlbedici edən başlıca amildir. Bunun nəzərə alınması ilə maliyyə əməliyyatları məqsədilə internet şəbəkədən istifadə edən banklar, xüsusən internet bankçılıq xidmətini təklif edən institutlar kiber müdaxilə cəhdlərinə qarşı adekvat təhlükəsizlik standartlarını təmin edən texnologiya və sistemlərə malik olmalıdırlar.
Texnoloji inkişaf «bank riskləri» məfhumuna öz labüd təsirlərini göstərmişdir. Belə ki müasir texnologiyanın yaratdığı imkanlar bank işində bir-sıra ənənəvi risklərin təhlükəlilik dərəcəsini azaltsa da, internet bankçılıq müstəvisində fərqli tendensiyanın şahidi oluruq. İnternet bankçılıq bank sistemini kiber xassəli müxtəlif kənar təhdidlərə münasibətdə daha həssas etmişdir ki, bu da transmilli kriminal qrupların ilk növbədə «az əmək müqabilində çox mənfəət marağı»na tam ölçüdə cavab verir. Ümumən, informasiya və kommunikasiya texnologiyalarından, o cümlədən internetdən asılılığın qlobal səviyyədə artan dinamikası, internet vasitəsilə həyata keçirilən cinayət fəaliyyətlərinin aşağı risk dərəcəsi, müvafiq cinayət-fəaliyyət növündə məsafə amilinin rol oynamaması, habelə insan resurslarına minimum tələbat və qanunazidd əməlin törədilməsi prosesində fiziki təmas zərurətinin olmaması kimi amillər kiber müdaxilə üsullarını bank-maliyyə sektorunda cinayətlərin törədilməsi baxımından son dərəcə əlverişli bir vasitəyə çevirmişdir. Bu mənada, maliyyə əməliyyatlarının internet kanalları vasitəsilə idarə edilməsini nəzərdə tutan internet bankçılıq cinayətkar subyektlərə geniş imkanlar yaradır.
İnternet bankçılıqda kiber müdaxilə subyektlərinin əsas hədəfini müştəriyə məxsus internet bank hesabı üzrə identifikasiya məlumatları təşkil edir. Müxtəlif üsullarla müvafiq məlumatlara yiyələnən cinayətkar subyektlər onlardan istifadə etməklə müştəri hesablarına daxil olaraq vəsaitlərin oğurlanmasını həyata keçirir. Bu kimi hallara qarşı maliyyə institutları tərəfindən tətbiq edilən və hətta ən müasir tələblərə cavab verən informasiya təhlükəsizliyi standartları belə bəzən yetərsiz olur. Çünki proseslərin internet üzərindən idarə olunması potensial müdaxilə riskini daim aktual edir. Təcrübə göstərir ki, internet bankçılıq nümunəsində hakerlər əsasən «fişinq», «farminq», digər zərərli kompyuter proqram təminatları, kimi geniş yayılmış kiber müdaxilə metodlarından istifadə edirlər. Geniş çeşidə malik zərərli kompyuter proqram təminatları - müasir online platformada həyata keçirilən maliyyə cinayətlərinin mühüm faktoru qismində çıxış edir. Metodundan asılı olmayaraq, internet bankçılıq zamanı kiber müdaxilə hallarının əsas məqsədini müştəri identifikasiya məlumatlarının oğurlanaraq cinayətkarların sərəncamına təqdim edilməsi təşkil edir.
Azərbaycan Respublikasının bank sektoru üzrə aparılan təhlillər ölkəmizdə də informasiya texnologiyalarının və bank sektorunun inkişafının labüd perspektivi olaraq internet bankçılıq xidmətlərinin əhatə dairəsinin genişləndiyini göstərir. Məlumat üçün qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının rəsmi statistikasına görə, 2013-cü ilin aprel-noyabr ayları aralığında internet bankçılıq xidmətini təklif edən bankların sayı 5-dən 18-ə qədər artmışdır.
Ölkədə informasiya-kommunikasiya texnologiyaları sahəsində ümumi inkişafının bank-maliyyə sektoru üzrə təcəssümü olaraq qiymətləndirilən bu dinamikanın bank-müştəri kontaktlarının yeni keyfiyyət və səmərəlilik müstəvisinə çıxmasına təkan verəcəyi şübhə doğurmur. Lakin maliyyə institutlarımız nəzərdən qaçırmamalıdırlar ki, müştərilərə aid konfidensial məlumatlarının təhlükəsizliyi məqsədilə adekvat mühafizə standartları tətbiq olunmadan internet bankçılığın daxili bazarda cəlbediciliyini və perspektivliliyini təmin etmək qeyri-mümkündür.
Məsələyə ənənəvi ictimai şüur prizmasından yanaşsaq, fərdi identifikasiya məlumatlarının oğurlanması ilə vəsaitlərinin talanması təqdirində müştərinin nəzərində təqsirkar tərəf obrazında kibercinayətkar deyil, onun üçün zəruri təhlükəsizlik təminatını verə bilməyən bank dayanacaq. Bu cür yanaşma böyük zəhmət hesabına başa gələn bank-etibarlılıq meyarının dərindən sarsılmasına zəmin yaradar ki, bazar iqtisadiyyatı şərtlərində heç bir biznes subyekti proseslərin bu cür dinamikasında maraqlı ola bilməz.
Qeyd etdiyimiz kimi normal iqtisadi inkişaf sağlam və rəqabət qabiliyyətli bank sektoru olmadan təsəvvür edilə bilməz. Sevindirici haldır ki, ölkəmizdə istər sıravi vətəndaşlar, istərsə də biznes subyektləri maliyyə resurslarının idarə edilməsi və maliyyə əməliyyatlarının həyata keçirilməsi məqsədilə bu gün banklara daha artıq səviyyədə etibar etməyə başlamışlar. Labüd olaraq da, bank sistemlərində konsentrasiya olunan vəsaitlərin həcmi gündən-günə artmaqdadır. Bu həm də ona dəlalət edir ki, bankların sosial məsuliyyəti artıq öz biznesləri və ya müştərilərinin maraqları ilə məhdudlaşmayaraq, daha geniş çərçivə ilə ölçülür. İnternet bankçılıq xidmətləri sahəsində tələb olunan təhlükəsizlik normalarının nəzərə alınmaması ilə bank sistemlərində dövriyyə edən külli miqdarda vəsaitlərin cinayətkarların real müdaxilə obyektinə çevrilməsi fundamental iqtisadi və maliyyə maraqlarımız müstəvisində milli təhlükəsizliyə real təhdid potensialı yaratmaqla, sosial narazılıq faktoru qismində çıxış edə bilər.
Ən nəhayət, müasir texnoloji yeniliklərin tətbiqinə əsaslanan keyfiyyətli və funksional, hər cür kataklizmlərə münasibətdə müqavimət qabiliyyətli bank-maliyyə sektoru beynəlxalq səviyyədə ölkənin müsbət imicinə xidmət edən mühüm amil qismində çıxış edir. Ötən onilliyin sonlarında başlayan və dünyanın əksər bank-maliyyə bazarlarına nüfuz edən qlobal iqtisadi böhran müvafiq reallığı bir daha əyani surətdə nümayiş etdirdi. Risklərin idarə olunması sahəsində adekvat menecment təminatını həyata keçirmiş ölkələr müvafiq böhrandan nəinki daha az təsirləndi, hətta post-böhran mərhələsinə öz rəqabət statusunu və imicini daha da möhkəmləndirərək qədəm qoydular. Ümid etmək istərdik ki, qeyd olunan böhranın neqativlərini maksimum effektlə dəf edə bilmiş Azərbaycan Respublikasının bank-maliyyə sektoru perspektivdə də həm ənənəvi mahiyyətə malik, həm də internet bankçılıq müstəvisində yeni dövrün reallıqlarından irəli gələ bilən risk və təhdidlərə qarşı zəruri mühafizə təminatı imkanlarına malik ola biləcək.
Jalə