Keçən il Azərbaycanda su nəqliyyatı sahəsində yük daşımalarının həcmi əvvəlki ilə nisbətən 5,7 faiz azalaraq 11,8 milyon ton təşkil edib. Lent.az-ın məlumatına görə, bu barədə Nəqliyyat Nazirliyinin 2013-cü ildə görülmüş işlərə dair hesabatında qeyd edilib. Hesabatda bildirilir ki, keçən il su nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 14,3 min nəfər olub. Yük dövriyyəsi 4698,2 milyon ton.km, sərnişin dövriyyəsi isə 5,2 milyon sərnişin.km təşkil edib. Xəzər Dəniz Gəmiçiliyinə məxsus gəmi parkının yeniləşdirilməsi və donanmanın imkanlarının artırılması məqsədilə müvafiq işlər aparılıb. Hesabat ilinin mart ayının 4-də Gəmiçiliyin “Gəmiqayırma və gəmi təmiri” İstehsalat Birliyinin açılışı olub və müəssisə fəaliyyətə başlayıb.
Ələt qəsəbəsində Xəzərdə ən böyük və müasir Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisi uğurla davam etdirilir. Artıq sahilə qədər uzunluğu 7,5 km, dərinliyi 6,6 m və eni 165 m olan (kanal və dönmə akvatoriyası) dibdərinləşdirmə işləri başa çatdırılıb və quruda tikinti işləri davam etdirilib. Magistral yolla liman ərazisini birləşdirən yol infrastrukturunun layihələndirilməsi və limana gələn dəmir yolu xətlərinin tikintisi işləri demək olar ki, başa çatdırılıb. Bundan əlavə limanın yük terminalında torpaq dolğu, ümumi dolğu, şaquli drenaj işləri davam etdirilir. Bərə terminalında isə 1500 mm diametrli qazıqların, çəpər divarlarının vurulması, kənar dayaqların qazılması işləri davam etdirilir. Bərə terminalı da daxil olmaqla limanın birinci mərhələsi 2014-cü ildə başa çatdırılacaq.
Hesabat dövründə bu layihəyə dövlət büdcəsindən 109,4 milyon manat investisiya yönəldilib.