Müharibənin nəticəsi  BAHALAŞMA   - Yağ, şokolad, un, paltar yuyan maşınlar və...
16 mart 2022 17:07 (UTC +04:00)

Müharibənin nəticəsi BAHALAŞMA - Yağ, şokolad, un, paltar yuyan maşınlar və...

“Ukrayna və Rusiyadan məhsul idxalında çətinliklər olacaq. BMT-nin proqnozu ondan ibarətdir ki, bütövlükdə ərzaq məhsullarının qiymətində növündən asılı olaraq Rusiya-Ukrayna müharibəsi səbəbindən 8 və 22 faiz  intervalında qiymət artımı olacaq”. 

Bunu Lent.az-a açıqlamasında millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov deyib.  O bildirib ki, Rusiya Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından biridir:

“Rusiya Azərbaycan idxalında və eyni zamanda qeyri-neft ixracatında əsas ticarət tərəfdaşıdır. Eyni zamanda Azərbaycanda Rusiyadan il ərzində 2,1 milyarda yaxın məhsullar idxal edirdi. 
Rusiyadan ən çox idxal etdiyimiz məhsul buğda idi. İdxal olunan buğdanın 70 faizdən çoxu Rusiyadan gəlirdi. Baxmayaraq ki, biz Ukraynadan da buğda idxal edirdik, amma buğda idxalında Rusiya ilə daha böyük əməkdaşlığa sahibik. 
Son zamanlar Rusiyanın tətbiq etdiyi qadağalardan sonra buğdanın da gətirilməsində müəyyən çətinliklərin olacağı gözlənilir. Amma Rusiya yaxın zamanlarda buğda ixracatının bərpa olunacağını bildirib”.  

Onun sözlərinə görə, buğdaya olan tələbatın ödənməsində problem olmayacaq:
“Dünən Milli Məclisdə baş nazir qeyd etdi ki, Azərbaycanın ehtiyatları sayəsində buğdaya olan tələbatın ödənməsində problemlər yoxdur. Qeyd edim ki, ölkəmizə il ərzində 315 milyon dollarlıq buğda idxal olunur”. 

Millət vəkili bildirib ki, Azərbaycan Rusiyadan günəbaxan yağı, marqarin, soya yağının da idxalını həyata keçirir:
“Rusiyadan bitki yağı ilə yanaşı Azərbaycana şabalıd və şabalıd məhsulları, bir sıra dərman preparatları, kartof və qeyri-ərzaq məhsulları da idxal olunur. Bundan başqa bizə Rusiyadan il ərzində 100 milyona yaxın gübrə gətirilirdi. Paltar yuyan maşınlar, televiziya qəbulediciləri də gətirilənlər arasındadır.”

İqtisadçı-ekspert vurğulayıb ki, biz Ukraynadan daha çox tütün, iri buynuzlu heyvan əti, quş əti, kərə yağı idxal edirik:
“Bundan başqa oradan dərman vasitələri, şokolad məhsulları, şəkərdən hazırlanan qənnadı məhsulları, diri iribuynuzlu heyvanlar, təzə meyvə, çörək və un məmulatları, marqarin və digər yağlar da Ukraynadan ölkəmizə gətirilirdi. Azərbaycanın Ukrayna ilə ticarət dövriyyəsi illik olaraq 8 milyon dollar ətrafında dəyişir”. 

Vüqar Bayramovun sözlərinə görə, idxal inflyasiyası var və bu qaçınılmazdır: 
“Qiymət artımın hansı səviyyədə olması isə birbaşa alternativ mənbələrdəki xərcdən və daxili mənbələrdən asılı olacaq. Amma reallıq bundan ibarətdir ki, Rusiya və Ukrayna müharibəsindən sonra idxal inflyasiyası səviyyəsində artımlar olacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5598

Oxşar yazılar