Kartla ödəmələr ölkədə kimlərə sərf etmir? – Oyun, yoxsa...
31 yanvar 2023 14:02 (UTC +04:00)

Kartla ödəmələr ölkədə kimlərə sərf etmir? – Oyun, yoxsa...

Sön günlər müasir tipli supermarketlər və özlərinə güvənən ciddi banklar “ödəmə kartladırsa, gəlmirəm” deyən taksi sürücülərinin vəziyyətinə düşüblər. Bu vəziyyəti ürəkağrısı ilə izləyirik.

Mən iqtisadçı ekspert-falan deyiləm, amma gözümün önündə baş verənlərdə bir qəribəlik olduğunu müşahidə edə bilirəm. Artıq neçə vaxtdır ölkədə kartla ödəmə məsələsində ciddi problemlər yaşanır.

İşləyən biri üçün market alış-verişinə zaman ayırmaq o qədər də asan olmur. Demək, zorla vaxt ayırıb gedirsən supermarketə, arabanı həvəslə doldurub gəlirsən kassaya, elə oradaca həvəsin qursağında qalır. Kassadakı əməkdaş tez soruşur “kartla ödəyəcəksiniz?” Məlum olur ki, kartla ödəmədə problem var. “Axı niyə” sualına belə cavab verirlər – “problem bankdadır”.

Nə oldu ki, ölkədəki bütün banklar birdən “nasazladı?” Məcbur edirlər ki, nağd ödəyin. Bəlkə vətəndaşın üstündə nağd pul yoxdur? Niyə gedib haradansa kartından pul çıxarmalıdır? Bu müştərinin problemi olmamalıdır. Bəs neçə vaxtdır ölkədə “nağdsız hesablaşmalarla” bağlı təbliğatı niyə aparırdılar?

Bu məsələyə bir azdan qayıdacağıq. İndi isə kassa önündə ələk-vələk olan vətəndaşın hansı vəziyyətə düşdüyünü təsəvvür etməyə çalışın. Yaxınlıqda bankomat yoxdursa və ya vətəndaşın, ümumiyyətlə, bankomat axtarmağa vaxtı (həvəsi də oxuya bilərsiniz) yoxdursa, nə etməlidir? Yaxud elə tutaq ki, mənim vəziyyətimdədir, istifadə etdiyi bank kartından nağd pul çıxarılanda faiz tutulur. Niyə itirməliyəm ki, bu pulu? Kimlərsə işini düzgün qurmayacaq deyə mən pul itirməliyəm? Bəlkə söhbət heç texniki problemdən getmir? Artıq ciddi-ciddi şübhələr yaranır ki, bu məsələdə süni əngəl yaradan maraqlı kimlərsə var.

Bu məsələ ilə bağlı “Facebook”da kiçik bir post paylaşdım. Posta gələn şərhlərdən bəlli oldu ki, kassa önündə məyus olan xeyli vətəndaşımız varıymış. Və onların əksəriyyəti də əmindir ki, bu işdə süni əngəllər yaradılır. Günün müəyyən saatlarında (hər dəfə fərqli vaxtlarda) kassalarda kartla ödəmə mümkün olmur. İndi kimin bəxtinə hansı vaxt düşərsə...

Bu maraqlı qüvvələr həqiqətən varsa belə onların arxasında bankların və ya supermarketlərin dayandığını müəyyənləşdirmək o qədər də asan deyil. Soruşa bilərsiniz ki, sizlər jurnalistsiniz, öyrənə bilmirsinizsə, sadə vətəndaş nə etməlidir?

Ölkədə ilk sıralarda olan bir neçə bankla əlaqə saxladıq. Suala heç kim birbaşa cavab vermir. Heç olmasa “texniki problemdir” deyə cavab versələr, yenə də dərd yarı olar. Ciddi-ciddi sualdan yayınırlar və əngəlləri marketlərin üzərinə atmağa çalışırlar. Yuxarıda da dediyimiz kimi, marketlər and-aman edirlər ki, məsələ bizlik deyil.

Ölkədə nağdsız ödəmə ilə bağlı əməlli-başlı problem yaranıb, amma bu dərdə “üzüqara” çıxan qız kimi sahib durmaq istəyən kimsə yoxdur. Bəs Milli Bank narahat deyilmi?

Bütün günü elə biz qarışıq media nağdsız ödənişlərin əsas üstünlüklərindən yazır, insanları maarifləndirməyə, bir sözlə, bu işin təbliğatını aparmağa çalışırdıq. Bəli, doğrudan da nağdsız ödəniş rahatlıqdır. Üzərinizdə böyük miqdarda nağd pul daşımağa ehtiyac qalmır, böyük əskinazları xırdalamırsan, habelə pul qalığını xırda qəpiklərlə geri almağa ehtiyac olmur və s. İndi bu rahatlığı niyə pozurlar ki?

Nağdsız ödəmə eyni zamanda vətəndaşın pulunun təhlükəsizliyidir. Pul qabı oğurlanarsa belə həmən bank kartlarını blok edə bilirik. Lakin pul qabındakı kart əvəzinə əskinaz olsaydı... Üstündən bir soyuq su için getsin. Adam lap sual etmək istəyir ki, nağdsız ödəməyə əngəl yaradanlar oğrular üçün çalışır?

Nağdsız hesablaşmalarla "pul hara xərcləndi?" kimi suallardan da canımız qurtarır. Biz büdcəmizi daha yaxşı idarə edir və xərclərimizi planlaya bilirik və sairə və ilaxır. Bütün bu yaxşılıqların qarşısını bəs nə alır? Ortada həqiqətən bir oyun varmı? Ciddi suala, ümid edirəm ki, ciddi qurumlar vaxtında cavab verəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 18462
avatar

Səbinə Əvəzqızı

Oxşar yazılar