Əmlak Məsələləri Dövlət Komitəsi və Bolqarıstanın Kadastr Agentliyi arasında Memorandum imzalanacaq
22 avqust 2011 14:58 (UTC +04:00)

Əmlak Məsələləri Dövlət Komitəsi və Bolqarıstanın Kadastr Agentliyi arasında Memorandum imzalanacaq

Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstan Respublikasının Özəlləşdirmə və Özəlləşdirmədənsonra Nəzarət Agentliyinin dəvəti ilə Bolqarıstanın paytaxtı Sofiya şəhərində səfərdə olub.

Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, səfər 23 sentyabr 2010-cu il tarixində Bakı şəhərində imzalanmış və 27 dekabr 2010-cu il tarixində Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Bolqarıstan Respublikasının Özəlləşdirmə və Özəlləşdirmədənsonra Nəzarət Agentliyi arasında əməkdaşlıq haqqında” Memorandum çərçivəsində baş tutub.

Səfərin əsas məqsədi dövlət əmlakının özəlləşdirilməsi sahəsində ikitərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, inkişaf etdirilməsi, özəlləşdirməyə investisiyaların cəlb edilməsi, özəlləşdirmədən sonra müəssisələrin dəstəklənməsi kadrlara seminar və treninqlərin keçirilməsi, təcrübə və informasiya mübadiləsi məsələlərinin müzakirəsinin aparılmasından ibarət olub. Səfər müddətində Azərbaycan nümayəndə heyəti Bolqarıstanın Özəlləşdirmə və Özəlləşdirmədənsonra Nəzarət Agentliyinin inzibati binasında Agentliyin direktoru Emil Karanikolovun və digər nümayəndələrin iştirakı ilə ikitərəfli görüşlər keçirib. Emil Karanikolov Memorandum ilə nəzərdə tutulmuş vəzifə və öhdəliklərin icrası ilə bağlı tərəflər arasında məlumat mübadiləsi çərçivəsində Bolqarıstan Respublikasında aparılan özəlləşdirmə (məsələn, “BulqarTabak” ASC-nin, Bolqarıstanın enerji paylama şəbəkəsinin və digər iri müəssisələrin özəlləşdirilməsi) və özəlləşdirmədənsonra nəzarət tədbirləri barədə geniş məlumat verib.

Görüş zamanı qarşılıqlı olaraq kadrlara seminar və treninqlərin keçirilməsi, özəlləşdirməyə investisiyaların cəlb edilməsi, özəlləşdirməyə qədər müəssisələrin sağlamlaşdırılması və özəlləşdirmədən sonra dəstəklənməsi sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi və bu cür səfərlərin gələcəkdə də həyata keçirilməsi barədə razılığa gəlinib.

Səfər çərçivəsində nümayəndə heyəti Bolqarıstan Respublikasının Kadastr Agentliyində də olmuş, Agentliyin direktoru Aleksandr Lazarovla görüşüb. Görüşdə daşınmaz əmlakın vahid kadastrının təşkili, onun aparılması və saxlanılması, eləcə də ölkələrin ortofotoxəritələrin yaradılması ilə bağlı qarşı tərəflə fikir mübadiləsi aparılıb. Daha sonra Bolqarıstan Respublikası Kadastr Agentliyinin nümayəndələrinə bu idin 6-7 oktyabr tarixlərində Bakı şəhərində keçiriləcək “Müasir əmlak idarəçiliyində daşınmaz əmlakın vahid kadastrının və milli məkan məlumatları infrastrukturunun rolu” mövzusunda beynəlxalq konfrans barədə də məlumat verilib və qarşı tərəfin aidiyyəti nümayəndələri konfransa dəvət edilib. Sonda Bolqarıstanın Kadastr Agentliyi ilə əməkdaşlıq haqqında imzalanması məqsədəuyğun hesab edilən Memorandum layihəsinin hazırlanması ilə bağlı razılığa gəlinib və əməkdaşlığın prioritet sahələri və hədəfləri müzakirə olunub.
# 569

Oxşar yazılar