Dövlət Neft Şirkəti lampalarını dəyişir
21 oktyabr 2009 15:15 (UTC +04:00)

Dövlət Neft Şirkəti lampalarını dəyişir

Məqsəd atmosferə atılan karbon qazının miqdarını azaltmaqdır


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsi 2008-ci ilin noyabr-dekabr aylarından etibarən fəaliyyət göstərdiyi inzibati binanın işıqlandırma sistemində gücü 100 Vt və 60 Vt “Spot” tipli közərmə lampalarının 15 Vt və 11 Vt olan ekolampalarla əvəz edilməsi üzrə pilot layihəsi həyata keçirib.


Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, inzibati binanın işıqlandırma sistemində istifadə olunan “Spot” tipli közərmə lampalarının ekolampalarla əvəz edilməsində məqsəd elektrik sərfini və bunun vasitəsilə atmosferə atılan karbon qazının miqdarını azaltmaq olub.


Pilot layihəsi müsbət nəticə verdiyi üçün İdarənin binasında həmin sistemin müddətsiz davam etdirilməsi qərara alınıb. Aparılmış təhlil göstərir ki, 2008-ci ilin ilk 9 ayında idarənin binasında 137880 kVt-saat elektrik enerjisi sərf olunduğu halda, 2009-cu ilin müvafiq dövründə bu rəqəm cəmi 52040 kVt-saat təşkil edib.


Təhlil olunan dövr ərzində idarədə istifadə edilən elektrik texnikasının artmasına baxmayaraq 85840 kVt-saat enerjiyə qənaət edilib. Eyni zamanda yalnız bir obyektdə bu layihənin həyata keçirilməsi istilik elektrik stansiyalarında yandırılan təbii yanacağa qənaət olunmasına və atmosferə atılan karbon qazının miqdarının 17,3 t azaldılmasına gətirib çıxarıb.


Gələcəkdə ARDNŞ-nin bütün müəssisələrində enerji effektivliyinin artırılması və enerji sərfiyyatının azaldılması məqsədi ilə belə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 691

Oxşar yazılar