Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi hesabat verdi
14 oktyabr 2009 19:00 (UTC +04:00)

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi hesabat verdi

340-a yaxın milli standartımız hazırlanıb


1970-ci ildən bütün dünyanın elmi-texniki cəmiyyəti 14 oktyabr tarixini Ümumdünya Standartlaşdırma Günü kimi qeyd edir. Bununla bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi görülmüş və görüləcək işlərlə bağlı hesabat yayıb.

Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Ümumdünya Ticarət Təşkilatına üzvolma prosesində, Avropa İttifaqının strukturlarına inteqrasiya və qanunvericiliyin uzlaşdırılması istiqamətində keyfiyyət infrastrukturu sahəsinin beynəlxalq tələblərə uyğunlaşdırılması müstəsna əhəmiyyət daşıyır. Bununla bağlı “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiyası sahələrində imkanların gücləndirilməsi” üzrə Tvinning layihəsi həyata keçirilir.

Avropa Qonşuluq Siyasəti çərçivəsində həyata keçirilən layihənin məqsədi Azərbaycanda keyfiyyət infrastrukturu sisteminin Avropa Birliyinin tələblərinə uyğunlaşdırılmasıdır. Başqa sözlə, layihə 9 istiqaməti əhatə edir və bunlar arasında standartlaşdırma fəaliyyətinin Avropa İttifaqının tələblərinə uyğunlaşdırılması başlıca məqsəd daşıyır.
Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti tərəfindən maliyyələşən “Özəl sektorun inkişafı” layihəsinin standartlaşdırma komponenti üzrə fəaliyyəti də uğurla davam etdirilir. Layihə çərçivəsində həyata keçirilən əsas istiqamətlər arasında ÜTT-nin Texniki Maneələr Sazişinə uyğun olaraq Komitədə texniki qanunverciliyi özündə cəmləşdirən sorğu mərkəzinin və bildiriş orqanının, həmçinin keyfiyyət infrastrukturu üzrə Təlim Mərkəzinin yaradılmasını qeyd etmək olar.
Görülən işlər nəticəsində artıq “Texniki tənzimləmə və uyğunluğun qiymətləndirilməsi haqqında” qanun layihəsi hazırlanıb, hökümətə təqdim edilib.
Beynəlxalq Standartlaşdırma Təşkilatı – İSO ilə sıx işbirliyi mövcuddur. Oktyabr ayının 21-23 tarixində Cənubi Qafqazda ilk dəfə olaraq Azərbaycanda İSO-nun seminarı keçiriləcək. Azərbaycanda iqtisadiyyatın sürətli inkişafı və əldə olunan uğurlar nüfuzlu təşkilatların ölkəmizə marağını artırır. İxrac qabiliyyətimizin sürətli və dayanıqlı olması üçün beynəlxalq standartların qəbulu və tətbiqi vacib amildir. Azərbaycanda Standartlaşdırma İnstitutu bu sahədə iş aparır.
Burda məqsəd respublikada müxtəlif sahələr üzrə beynəlxalq standartların tətbiqini müəyyənləşdirməkdir. Institut tərəfindən 340-a yaxın milli standartımız hazırlanıb. Azərbaycan qanunvericiliyinə uyğun olaraq beynəlxalq standartlar Azərbaycan dilinə tərcümə edib, milli standart kimi qəbul edilir. Bir sözlə, məqsəd istehsal prosesinin və istehlakçıların tələblərinə əsaslanan iqtisadiyyatın inkişafına yardım etmək, dünya bazarına keyfiyyətli məhsul çıxarılması prosesini sürətləndirməkdir.
Standartlaşdırma sahəsində fəaliyyətin müasir tələblər əsasında qurulması, yerli sənayenin rəqabət imkanlarının beynəlxalq standartların tətbiqi vasitəsilə gücləndirilməsi, iqtisadiyyatın prioritet sektorlarının inkişafına dəstək məqsədilə texniki komitələr yaradılır. Artıq yeyinti, informasiya texnologiyaları, neft ve neft məhsulları, turizm, sosial məsuliyyət sahələri üzrə texniki komitələr fəaliyyətdədir, yol hərəkətinin təşkili, tikinti və ekologiya sahələrinə aid texniki komitələrin yaradılması məsələsinə isə baxılır.

Bu sahədəki görülən işləri koordinasiya etmək məqsədilə Komitə yanında standartlaşdırma və texniki tənzimləmə üzrə Texniki Şura yaradılıb. Şuranın əsas məqsədi – milli standartlaşdırma sisteminin beynəlxalq və regional standartlaşdırmanın əsaslandığı prinsiplər və yanaşmalar əsasında inkişaf etdirilməsidir. Vəzifələri isə standartlaşdırma sahəsində dövlət siyasətinin formalaşdırılmasına və həyata keçirilməsinə dair təkliflərin hazırlanması, milli standartlaşdırma sisteminin inkişafının əsaslandırılmış məqsədlərini, vəzifələrini və istiqamətlərini əks etdirən Konsepsiyanın hazırlanmasıdır.

Eyni zamanda Şura respublikada beynəlxalq və regional standartların tətbiqinə dair təklif və tövsiyyələr hazırlayacaq, mövcud texniki komitələrin fəaliyyətlərinin monitorinqini keçirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1031

Oxşar yazılar