Bakıda iki yeni su anbarı tikiləcək
17 sentyabr 2009 19:30 (UTC +04:00)

Bakıda iki yeni su anbarı tikiləcək

Oğuz-Qəbələ-Bakı su kəmərinin dolduracağı anbarlarda biri Badamdarda, digər Günəşlidə tikiləcək

Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi layihəyə uyğun şəkildə davam edir və kəmər nəzərdə tutulduğu vaxtda istifadə veriləcək. Hazırda boru kəmərinin başa çatmasına təxminən 10 kilometrlik məsafə qalıb.

“Azərsu” Səzmdar Cəmiyyətindən Lent.az-a bildiriblər ki, Oğuz-Qəbələ-Bakı su kəməri layihəsi başa çatdıqdan sonra paytaxtda daha iki yeni su anbarı tikiləcək. Bunlardan biri Badamdar yüksəkliyində inşa olunacaq ki, bu da Səbayel rayonunun suya olan tələbatını tam ödəyəcək. Həmin su anbarının ümumi həcmi 200 min kubmetr su tutumu üçün planlaşdırılıb.

Bakıda ikinci yeni su anbarı isə Günəşli yaşayış massivində inşa olunacaq. Burada tikiləcək su anbarının tutumunun nə qədər olacağı hələ konkret müəyyən edilməyib. Ancaq, həm Badamdarda, həm də Günəşlidə inşa olunacaq su anbarlarının tikintisi üçün artıq torpaq sahəsi də ayrılıb. Hər iki anbar Oğuz-Qəbələ-Bakı su kəməri vasitəsilə gələn su ilə doldurulacaq.

Xatırladaq ki, hazırda paytaxtın içməli suya olan tələbatı 4 əsas mənbədən ödənilir. Bunlar Xaçmaz, Şollar, Ceyranbatan və Kür çayından təmizləyici qurğularla əldə olunan içməli su kanallarıdır.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1089

Oxşar yazılar