Sosial ipoteka start götürür
10 iyun 2009 19:30 (UTC +04:00)

Sosial ipoteka start götürür

İpoteka kreditləri ilə köhnə binalardan da ev almaq olar

Yaxın günlərdə imtiyazlı təbəqədən olan 35 yaşadək gənclərə güzəştli şərtlər əsasında sosial ipotekanın verilməsinə başlanacaq. Bunun üçün həm müvafiq dövlət təşkilatlarında, həm də müvəkkil banklarda son hazırlıq işləri görülür.

Azərbaycan İpoteka Fondundan Lent.az-a bildiriblər ki, Maliyyə Nazirliyi sosial ipotekanın maliyyələşməsi üçün fondun hesabına vəsait köçürəcək. Bundan sonra isə müvəkkil banklar vasitəsilə imtiyazlı ailələrlə güzəştli şərtlər əsasında sosial ipotekaya start veriləcək.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov dünən jurnalistlərə açıqlamasında sosial ipotekanın kreditləşdirilməsi üçün yaxın günlərdə 12-14 milyon manatın ayrılacağını deyib. Onun sözlərinə görə, artıq güzəştli ipoteka krediti almaq istəyən vətəndaşlar müvəkkil banklara müraciət edə bilərlər.

Daha bir sevindirici xəbər isə dövlət tərəfindən ipoteka kreditləşməsinin təkcə yeni tikilən yox, həm də köhnə binalardakı mənzillərə də şamil edilməsi ilə bağlıdır. Azərbaycan İpoteka Fondunda da deyirlər ki, kreditlərin köhnə binalardakı mənzillərə də şamil edilməsi üçün müvəkkil banklara xüsusi tapşırıq verilib.

Sosial ipoteka 4 faizlə 30 il müddətinə verilir. Bu növ kreditlərin maksimal həddi 35 min manatdır. Güzəştlər əsasında sosial ipotekadan şəhid ailəsinin üzvləri (əri/arvadı, övladları), Milli Qəhrəmanlar (özü, əri/arvadı, övladları), məcburi köçkün və ya ona bərabər tutulan şəxslər, 3 ildən az olmayan müddətdə dövlət qulluqçusu işləyən şəxslər, elmlər namizədi və ya doktoru elmi dərəcəsi olan şəxslər, 3 ildən az olmayan müddətdə hərbi xidmətdə olmuş hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçularından başqa) istifadə etmək hüququ var. Güzəştli şərtlərlə kredit alanların yaşı 35-dən yuxarı olmamalıdır. İpoteka kreditləri üzrə güzəştlərdən istifadə etmək hüququ olan hər bir ailə və ya şəxs bu hüquqdan yalnız bir dəfə istifadə edə bilər.

2009-cu il dövlət büdcəsində sosial ipoteka kreditləşməsi üçün 34 milyon manat nəzərdə tutulub.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1385

Oxşar yazılar